Ermənistan: defolt və geosiyasi "tənbəllik" məngənəsində - Newtimes.az
Mütəxəssislər son zamanlar qlobal geosiyasi miqyasda baş verən sürətli hadisələrin arxasında dayanan məqamları təhlil edirlər. Analizlər göstərir ki, bütövlükdə dünyanın siyasi mənzərəsi dəyişir. Dövlətlərarası münasibətlər daha həssas məqamlarla zənginləşir. Bunun fonunda xarici siyasət də çevik olmalı və müasir çağırışlara cavab verməlidir.
Ermənistanın siyasi rəhbərliyinin atdığı addımların təhlili təsdiq edir ki, rəsmi İrəvan xeyli fərqli mövqedədir. Ermənistan faktiki olaraq müasir şəraitə zidd olan, qeyri-çevik və səbatsız siyasət yeritməkdədir. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi illə bağlı Ermənistan rəhbərliyinin tutduğu mövqe narahatlıq doğurur. Burada hələ də köhnə stereotiplərdən xilas ola bilməyiblər. Absurd məqsədlər uğrunda səmərəsiz fəaliyyət göstərməkdədirlər. Bu isə Cənubi Qafqaz üçün risk faktoru yaradır. Hər an müharibə alovlana bilər.
Tənəzzül: iqtisadi geriləmə və siyasi çıxılmazlıq
Ermənistanda defoltdan danışmağa başlayıblar. Onun xarici borcları ödəyə bilmək imkanlarını itirməkdə olduğunu vurğulayırlar. Hökumət sərmayə qoyuluşu ilə bağlı proqramları yarıya qədər ixtisar edib. Yaranmış vəziyyətdən çıxmaq üçün ümumi daxili məhsulun həcmi 7-8% artırılmalıdır. Lakin proqnozlara görə, Ermənistanda bu göstərici sıfıra yaxınlaşacaq. Deməli, işsizlərin sayı yenidən artacaq. Bu, ölkəni yüz minlərlə insanın tərk etməyə məcbur qalması deməkdir. Rəsmi məlumata görə, ötən il Ermənistanın xarici borcları 789 milyon ABŞ dolları artaraq, bütövlükdə 5 milyard dollardan çox olub. 2017-ci ildə isə bu rəqəmin 6 milyard 277 milyon ABŞ dolları olacağı gözlənilir. Ötən ildə Ermənistandan ən çox sərmayə çıxarışı Rusiyaya olub – 55,3 milyard dram. İkinci yerdə Livandır – 12,7 milyard dram. Bunun qarşılığında Rusiyadan Ermənistana olan maliyyə transferləri 2 dəfə azalıb. Lakin Ermənistan daha çox Ümumdünya Bankı, Dünya Valyuta Fondu və s. kimi beynəlxalq strukturlara borcludur (bax: Наира Айрумян. В Армении заговорили о дефолте / "Lragir.am", 2 dekabr 2016).
Bu proseslər Ermənistanla bağlı iki məsələni aktuallaşdırıb. Birincisi, rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqına daxil olması ölkəyə Rusiyadan sərmayə qoyuluşunu artırmayıb. Əksinə, Ermənistandan Rusiyaya kapital axını artıb, ölkə daxilinə isə bu proses azalıb. Səbəb nədir? Bu, rəsmi İrəvanın xarici siyasət strategiyasının yararsızlığının göstəricisidirmi? İndi erməni ekspertlər bu suallara cavab axtarırlar. Onlar hesab edirlər ki, Ermənistanın siyasi rəhbərliyi geosiyasi xətti düzgün seçmədiyindən, ölkə iflasa doğru gedir.
İkincisi, Ermənistanın məhz Qərb maliyyə strukturlarına borclanması arxasında hansı məqamlar dayanır? ABŞ başda olmaqla Qərb dövlətləri bu asılılıqdan istifadə edib, Ermənistanı xaosa sürükləyə bilərmi? Bu variant istisna edilmir. Təcrübə göstərir ki, Qərb həmin taktikadan məharətlə yararlana bilir. Getdikcə daha çox borcu olan İrəvana təzyiqləri artırıb, onu Rusiyaya qarşı qaldıra bilərlər. Təbii ki, Moskva buna cavab verəcək və nəticədə, regionda hərbi gərginlik meydana çıxa bilər. Bu o deməkdir ki, İrəvanın apardığı siyasət bütövlükdə Cənubi Qafqazı növbəti dəfə təhlükəli vəziyyətlə üz-üzə qoya bilər.
Bu kontekstdə məsələ həm də ondan ibarətdir ki, Ermənistan rəhbərliyi qlobal miqyasda gedən mühüm geosiyasi proseslərdən adekvat nəticə çıxara bilmir. Müşahidələr göstərir ki, onun addımlarının arxasında yalnız özünün qəsbkar, xudbin və son dərəcə eqoist istəklərinin ödənilməsi dayanır. Başqa dövlətlərin haqqına hörmət məqamı erməni siyasətində qətiyyən mövcud deyil. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi İrəvanın son zamanlar söylədiyi fikirlərdə daha qabarıq şəkildə özünü büruzə verir. İndi Ermənistan kimi – hakimiyyət dəyişikliyi baş verən ABŞ-ı, yaxud ənənəvi müttəfiqi sayılan Rusiyanımı ağa seçmək məsələsi üzərində baş sındırır. Bir tərəfdən Rusiyanın hərbi çətiri altında gizlənərək, özünü təhlükəsiz hiss etməyə çalışır, digər tərəfdən isə yalançı demokratiyadan dəm vuraraq, Amerikanın yeni prezidentinin komandasında özünə himayədar axtarır.
Bu bağlılıqda erməni mətbuatının ABŞ-ın yeni vitse-prezidenti M.Penslə S.Sarkisyanın telefon danışığını şərh etməsi maraq doğurur. Həmin danışıqda hər hansı ciddi məsələ faktiki olaraq müzakirə edilməyib. Vaşinqton ənənəvi olaraq münasibətlərin inkişaf etdirilməsi zərurətini vurğulayıb (bax: Акоп Бадалян. Новая администрация США сформулировала задачу Армении / "Lragir.am", 2 dekabr 2016).
Bu, diplomatiyada adi haldır, çünki heç bir dövlət hansısa ölkə ilə əməkdaşlıq etmək fikrində olmadığını bəri başdan bəyan etməz. O başqa məsələdir ki, konkret siyasətə gəldikdə, meydana çoxlu sayda şərtlər çıxır. Ermənistanla bağlı situasiyada isə Vaşinqton erməni rəhbərliyinin aparacağı siyasətdən asılı olaraq İrəvanla əlaqələrə baxacaq.
Yeniləşən dünyada: Ermənistan köhnə bataqlıqda
Ermənistan üçün vəziyyəti qəlizləşdirən məqam onun Rusiya və İranla çox yaxın olmasıdır. Məlumdur ki, bütövlükdə Qərbdə həmin ölkələrlə əməkdaşlığa elə də maraq göstərilmir. D.Trampın vəzifələrə təyin etmək istədiyi kadrlar sırasında isə "qırğılar" əksəriyyət təşkil edir və onlar artıq antirusiya xarakterli bəyanatlar verməkdədirlər. Bu halda Rusiyanın Cənubi Qafqazdakı forpostuna Amerika hörmətlə yanaşarmı? Mümkün deyil.
Rəsmi Vaşinqton ancaq öz maraqlarına uyğun gələn məqamlarda Ermənistandan oyuncaq kimi istifadə etməyə çalışacaq. Bu cür siyasət isə davamlı olmur, üstəlik, Ermənistanın maraqlarının ödənməsindən söhbət gedə bilməz. Erməni ekspertlərin "Amerika Ermənistanın yeni vəzifələrini müəyyənləşdirdi" kimi ifadələr işlətməsi məhz bu köləliyin, asılılığın və başqasının əmrinə tabeçiliyin əlamətidir. Şərəfi və ləyaqəti olan heç bir müstəqil dövlətin analitiki, yaxud eksperti belə fikir ifadə etməz.
Dağlıq Qarabağ münaqişəsinin həllinə də erməni siyasətçilər və ekspertlər həmin asılılıq mövqeyindən yanaşırlar. Ermənistan prezidentinin mətbuat katibinin söylədiyi bir fikrə münasibət bunu bir daha təsdiq edir. V.Akopyan erməni jurnalistə deyib ki, Dağlıq Qarabağ ətrafında olan ərazilər qaytarıla bilər, lakin əvvəlcə "dqr"in statusu müəyyənləşməlidir.
Əslində, Akopyan yeni heç nə deməyib və deyə də bilməz. Bu, onun səlahiyyətləri daxilində deyil. Burada erməni ekspertlər, ümumiyyətlə, "ərazi güzəşti" adlandırdıqları hadisənin qəbuledilməzliyini vurğulayırlar. Onlar o dərəcədə ədalət hissini itirib regionun siyasi coğrafiyasının reallıqlarını unudublar ki, işğal altında olan rayonları öz dədə-baba torpaqları hesab edirlər. Bu illüziya altında gah Amerikadan, gah da Rusiyadan mədəd umurlar. Bu mövqedə də onlar sabit qala bilmirlər. Deyək ki, Rusiya "İskəndər" raketlərini Ermənistana yerləşdirəndə ermənilər Azərbaycana hədə-qorxu gəlir, pafosla danışırdılar ki, indi ölkənin müdafiəsi təminatlıdır. İndi isə Rusiyanın Ermənistanın əl-qolunu bağladığından dəm vururlar.
Ermənistanın reallıqda öz "əl-qolu" da yoxdur. O, nə edirsə, xaricdəki havadarlarının əmrləri ilə edir. Sonra isə, rəsmi İrəvan Rusiyanın regiondakı roluna konkret mövqe bildirə bilmirsə, onunla etibarlı tərəfdaş kimi münasibətləri kim qura bilər? Çünki gizli deyil ki, məhz Rusiya Cənubi Qafqazda erməni dövlətini yaratdı. İndi buna nankor münasibət yaranıbsa, Ermənistan, ümumiyyətlə, kimsə ilə dost ola bilməz – o, mövqeyini daim dəyişəcək, bir cəbhədən başqasına keçməyə çalışacaq.
Təbii ki, bu cür marginallıq pisdir, qəbuledilməzdir. Çünki onu yeridən istənilən dövlət daim xaos, qeyri-müəyyənlik, risk mənbəyi olaraq qalır. Ermənistan da hazırkı mərhələdə birbaşa həmin rolu oynayır. Bu bağlılıqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşəbbüsün gah Fransa, gah Rusiya, gah da ABŞ-ın əlinə keçməsindən bəhs etmək ya situasiyanı real qiymətləndirə bilməməkdir, ya da siyasi-ideoloji blefdir, yəni bu cür uydurmalarla danışıqlar prosesini konkret nəticə olmadan uzatmaq arzusundan qaynaqlanan haldır. Belə çıxır ki, Ermənistan rəhbərliyi münaqişənin həllində obyektiv mövqeyə gəlməkdən uzaqdırlar. Bu da regionda savaş riskinin hələ də yüksək olduğunu göstərir.
Hətta onun daha həssas bir vəziyyətə gəldiyini deyə bilərik. Dünyada geosiyasi proseslərin sürəti və mürəkkəbliyinin intensivləşdiyi bir mərhələdə Ermənistan rəhbərliyi heyrətedici konservatizm, qeyri-çeviklik, siyasi naşılıq nümayiş etdirir, hadisələrə yöndəmsiz reaksiya verir. Ermənistanın siyasi qeyri-çevikliyi ilə ümumi mənzərə arasında ziddiyyətlərin olması bir nöqtədə partlayışın labüdlüyünü şərtləndirir.
Newtimes.az