Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində mükafatlandırılıb – FOTO
“Addım” təşkilatının sifarışı ilə görkəmli yazıçımız Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam" filmi Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən World Cultural Open Organizationun dəstəyi ilə keçirilən Grand Asian Film Festivalının final gecəsində nümayiş olunub.
1news.az-a təşkilatdan verilən xəbərə görə, Beynəlxalq "Cinematic Group"un təşkilatçılığı ilə ənənəvi olaraq hər il müxtəlif dünya ölkələri paytaxtlarında gerçəkləşən festivalın final nümayişində "İki yad adam" filmi yerli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirdə ölkəmizi təmsil edən “Addım” təşkilatının və layihənin rəhbəri Hüseyn Cavadzadə eləcə də filmdə baş rolun ifaçılarında biri Riad Abdul juralistlər və qonaqların suallarını cavablandırıb. Daha sonra filmə "Ən yaxşı sosial mövzuda film" və "Ən yaxşı aktyor oyunu" nominasiyasında mükafatlar təqdim olunub. Bundan başqa filmdə əsas qəhrəmanlarından birini ifa edən gənc ifaçı Riad Abdul çin mətbuat nümayəndlərinə film və layihə ilə bağlı geniş müsahibələr verib.
Qeyd edək ki, 1930-cu illərdə qələmə alınan əsər, gənc Azərbaycan ailəsinin həyatından bəhs edir. Filmdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ər-arvadın maraqlı ünsiyyətindən bəhs olunur.
Filmdə baş rolları Duyğu Dəvəli, Riad Abdul və Əməkdar artist Gülşad Baxşıyeva ifa ediblər. Digər rollarda isə Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları iştirak edib. Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, səs rejissoru Ədalət Xəlilov, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur. Layihənin rəhbəri Hüseyn Cavadzadədir. Film Caspian Media Group şirkətində istehsal olunub.
Film aprel ayında Azərbaycanda ilk dəfə Səhiyyə Nazırliyi, Ailə Qadın Uşaq problemləri Dövlət Komitəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək 1-ci Gənc Ailələrin Forumunda təqdim olunacaq.
1news.az