Moskvada azərbaycanlı alimin kitabı nəşr edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayevanın “BMT-nin islahatı: sülh, təhlükəsizlik və insan hüquqları” adlı kitabı Moskvada nəşr edilib.
Tədqiqatda BMT islahatının əsas istiqamətləri, o cümlədən Təhlükəsizlik Şurasının struktur dəyişikliyi, istifadə etdiyi işçi mexanizmlərin və veto institutunun təkmilləşdirilməsi məsələləri ətraflı təhlil olunur. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və BMT Təhlükəsizlik Şurasının bu münaqişəyə dair qəbul etdiyi qətnamələr, dövlətlərin bu sənədləri icra etməmələrinin yaratdığı problemləri təhlil edir, BMT Təhlükəsizlik Şurasının tarixində beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan dövlətlərə qarşı qəbul olunan sanksiyalar mexanizmi barədə danışır. Kitabda BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti də təhlil olunur.
Müəllif BMT-nin sülhün və təhlükəsizliyin daha səmərəli şəkildə təmin olunması məqsədi ilə digər beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirməsini təklif edir.
AZƏRTAC