Elin Süleymanov Azərbaycan və İsrail arasında sıx əlaqələrdən danışıb
ABŞ-da nəşr edilən “The Algemeiner” yəhudi qəzetində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi dərc edilib. Müsahibədə diplomat Azərbaycan və İsrail arasında iqtisadiyyat, texnologiya, səhiyyə, təhsil, kənd təsərrüfatı, turizm və təhlükəsizlik sahələrində çoxdan bəri davam edən sıx münasibətlərdən, habelə Azərbaycan ərazisində təxminən 2500 ildir yaşayan yəhudi icmasından, İsraildəki azərbaycanlı icmasından danışıb.
E.Süleymanov qeyd edib ki, İsrail 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu gün Azərbaycan İsrailin idxal etdiyi karbohidrogen ehtiyatlarının 40 faizini təmin etməklə bu ölkənin ən böyük neft təchizatçısıdır.
Azərbaycanda tolerantlıq və multikulturalizmdən danışan səfir deyib: “Bakıya gələn bəzi ravvinlər qeyd ediblər ki, bu şəhərin küçələrində başda kipa ilə gəzmək Avropanın bir çox ölkələri ilə müqayisədə təhlükəsizdir”.
E.Süleymanov qeyd edib ki, Azərbaycanın yəhudi icması etnik yəhudilərin iki qrupunu əhatə edir. Onlardan biri olan “sefardlar” Azərbaycanın şimalında Qubada yaşayır, digər qrup – “aşkenazi” əsasən Bakıda cəmlənib. Hər iki etnik qrup qədim tarixi köklərə malikdir. Diplomat, həmçinin Bakı - Tel-Əviv birbaşa təyyarə reysini, Bakı və Hayfanın qardaşlaşmış şəhərlər olduğunu vurğulayıb.
Azərbaycanın İsraildən hərbi müdafiə sistemləri almasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan diplomat bildirib ki, işğalçı ölkənin prezidenti Serj Sarkisyan Azərbaycanın zəbt edilmiş torpaqlarına gedib və ölkəmizi ballistik raketlərlə hədələyib. Səfir, həmçinin deyib ki, işğalçılara qarşı müharibədə Azərbaycanın ilk Milli qəhrəmanlarından biri azərbaycanlı yəhudi Albert Aqarunovdur. Fələstin-İsrail münaqişəsinin həll edilməsinin vacibliyini söyləyən E.Süleymanov diqqətə çatdırıb ki, Azərbaycan münaqişənin “iki dövlət” prinsipi üzrə tənzimlənməsinin tərəfdarıdır. O, ABŞ-ın yeni administrasiyasının səyləri və vasitəçiliyi ilə münaqişənin tezliklə həll ediləcəyinə ümidvar olduğunu bildirib.
AZƏRTAC