Energetika Nazirliyində “Astana EXPO-2017” Beynəlxalq Sərgisinə hazırlıq məsələləri müzakirə edilib
Energetika Nazirliyində “Astana EXPO-2017” Beynəlxalq Sərgisinə hazırlıq məsələləri müzakirə olunub.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, Qazaxıstanın paytaxtı Astana şəhərində iyunun 10-dan sentyabrın 10-dək keçiriləcək “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlıq prosesi energetika naziri Natiq Əliyevin rəhbərliyi və Azərbaycan Milli Pavilyonunun tərtibat və quraşdırma işlərinə məsul olan “Adunic AG” şirkətinin nümayəndəsi Gökan Yılmazın iştirakı ilə müzakirə edilib.
Toplantıda energetika naziri Natiq Əliyev Heydər Əliyev Fondunun xüsusi dəstəyi və rəhbərliyi ilə görülən işləri yüksək dəyərləndirərək, Azərbaycanın sərgidə layiqincə təmsil olunması üçün SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Alternativ və Bərpa Olunan Enerji Məsələləri üzrə Dövlət Agentliyi, AMEA, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərildiyini diqqətə çatdırıb. Nazir yanvarın 25-də 403,3 kvadratmetrlik əraziyə malik Azərbaycan Milli Pavilyonunun təhvil alındığını, iyulun 9-da isə “Milli Gün”ün keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edib. O, hazırlıq işlərinin vaxtında başa çatdırılmasının vacibliyini vurğulayıb.
“Adunic AG” şirkətinin nümayəndəsi Gökan Yılmaz isə Azərbaycan Milli Pavilyonunun məzmun və tərtibatı ilə bağlı təqdimat keçirib. Bildirib ki, Azərbaycanın tarixi-mədəni irsini, zəngin enerji potensialını və gələcəyin enerji mənzərəsini tərənnüm edən pavilyon “Odlar Yurdu - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanıb. Sərgidəki milli pavilyonda Azərbaycanın tarixi-mədəni özəllikləri, müasir həyatı və enerji potensialı xüsusi texnologiyaların köməyi ilə çatdırılacaq. Müasir metodlar izləyicilərin həm məlumatlandırılmasına, həm də əyləndirilməsinə şərait yaradacaq. Üç hissədən ibarət pavilyonun birinci hissəsində Azərbaycanın zəngin tarixi ənənələri, məşhur od məbədi, Qobustan qayaüstü təsvirləri, köhnə və yeni Bakının memarlıq inciləri və sair təqdim ediləcək. İkinci hissədə Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik enerjisi, külək, günəş enerjisi, palçıq vulkanları ilə bağlı təqdimatlar olacaq. Üçüncü hissədə izləyicilər üçün Bakıda maraqlı virtual gəzinti nəzərdə tutulub. Burada məqsəd Azərbaycanın turizm imkanlarının tanıtımı və ölkəmizə turistlərin cəlbinə nail olmaqdır. Bütün bu tərtibat və quraşdırma işlərinin mayın 12-dək yekunlaşdırılması, pavilyonun fasadının isə mayın sonuna hazır olması planlaşdırılır.
Təqdimatın yekununda energetika naziri Natiq Əliyev sərginin məzmunu ilə bağlı əlavə təkliflər irəli sürərək, enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması, enerji və yeni texnologiyaların qarşılıqlı əlaqəsi kimi mövzuların əks olunmasını tövsiyə edib.
Xatırladaq ki, Azərbaycanın “Astana EXPO-2017” Beynəlxalq Sərgisində iştirakı ilə bağlı müqavilə 4 dekabr 2015-ci il tarixində imzalanıb. Prezident İlham Əliyevin müvafiq göstərişi ilə energetika naziri Natiq Əliyev ölkəmizi “EKSPO 2017” sərgisində təmsil edəcək milli komissar təyin edilib. “EKSPO 2017” sərgisinin, əsasən, dünyanın iqtisadi baxımdan nəhəng ölkələrindən (ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya və Çin kimi) sonra Qazaxıstanda təşkili enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə təminat verəcək.
1news.az