I sinfə qəbulla bağlı məktəb direktorları ilə görüş keçirilib
Aprelin 1-də I sinfə qəbulla bağlı məktəb direktorları ilə görüş keçirilib.
1news.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.
Bildirilib ki, təhsil nazirinin 3 mart 2017-ci il tarixli, 123 nömrəli əmri əsasında həyata keçirilən I sinfə şagird qəbulu ilə bağlı elektron qeydiyyatdan keçmiş sənədlərin ümumi təhsil məktəblərində qəbulu prosesinə start verilib. Bu mərhələdə məktəb rəhbərlərinin rolu və valideynlərin maarifləndirilməsi kimi məsələlər aktuallıq kəsb edir.
Nəzərə çatdırılıb ki, elektron sistem vasitəsilə I sinfə şagird qəbulu ilə bağlı Qaydalarda şagirdlərin müsahibədən keçmədən məktəbə qəbul edilmələri nəzərdə tutulur. Eyni zamanda, sənəd qəbulu ilə bağlı elan lövhələri məktəblərin giriş qapılarında və valideyinlərın rahat məlumat ala biləcəkləri digər yerlərdə yerləşdirilib. Ümumilikdə, bu proseslə bağlı maarifləndirmə işlərinin səmərəli aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyulub.
Bildirilib ki, qısa vaxt ərzində (8 iş günü ərzində) paytaxtda birinci sinfə elektron qəbul üzrə 30 000-dən çox sorğunun yerləşdirilməsi elektron qəbul sisteminin nə qədər səmərəli olduğunu deməyə əsas verir.
Görüşün sonunda paytaxtda birinci sinfə elektron qəbulla bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, təhsil müəssisələrində sənəd qəbulunun səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, aprelin 1-nə olan məlumata görə, paytaxtda I sinfə qəbul üzrə 30 000-dən çox sorğu yerləşdirilib. Onlardan 28 000-ə yaxını ümumi təhsil məktəblərini, 3 000-ə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 70 faizinə yaxındır.
1news.az