Mübariz Əhmədoğlu: İran İslam Respublikasının diplomatlarına və rəsmilərinə izah
İran İslam Respublikasının vətəndaşının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfəri və konsert verməsinə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin rəsmi mövqeyinə İranın Azərbaycandakı səfirliyi savadsız, ziddiyyətli cavab verdi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu İran İslam Respublikasının vətəndaşının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfəri və konsert verməsinə ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Səfirliyin rəsmi bəyanatında “Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli sayılan ərazilər” ifadəsindən istifadə olundu. Bəyanatın verilməsindən bir neçə gün keçməsinə baxmayaraq səfirlik və ya İran XİN bəyanata düzəliş etməyib. Səfirliyinin bu bəyanatı İran İslam Respublikasının Azərbaycan Respulikasının ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyidir. Ona görə bəzi məsələləri İran diplomatlarının və onların vasitəsilə İranın digər bəzi rəsmilərinin diqqətinə çatdırmağı borc bilirik:
Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının ərazisidir. BMT Azərbaycanı 1992-ci il martın 2-də üzv qəbul edərkən ermənilərin və onların havadarlarının mövqeyini nəzərə almadı. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdı.
Dağlıq Qarabağ tarixən Azərbaycan xalqına məxsus olub. De-yure indi də məxsusdur. Yaxın gələcəkdə de-yure və de-fakto Azərbaycan xalqına məxsus olacaqdır.
Diplomatlarının savadsız olması görünür, İran üçün adi hala çevrilib.
Bəyanatda İİR-ın Azərbaycanın ərazi bütövlüyünə münasibəti dəyişilməz olduğu bildirilir. Dağlıq Qarabağı münaqişəli-mübahisəli hesab edən İranın fikrincə, Azərbaycanın ərazi bütövlüyü prinsipinin Dağlıq Qarabağa aidiyyəti yoxdur. Bu, Ermənistanın qəbul etdirməyə çalışdığı formullardan biridir. Görünür, yalnız İran bu formulu qəbul edir. ABŞ, Fransa, Rusiya və digər dövlətlərin heç bir rəsmisi heç vaxt Dağlıq Qarabağı rəsmən mübahisəli ərazi adlandırmayıb.
Pakistan, Səudiyyə Ərəbistanı, Fransa, İsrail başda olmaqla çoxsaylı müsəlman və xristian dövlətlərinin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə bəyanatları var.
İranlı müsəlman diplomatlara xristian ölkəsi olan Fransa Xarici İşlər Nazirliyinin “Dağlıq Qarabağ Azərbaycan Respublikasının coğrafi ortasında olan ərazisidir” bəyanatını oxumağı məsləhət bilirik.
İran İslam Respublikasının rəsmilərinin aşağıda sadaladığımız məsələlərə hüquqi qiymət axtarmasını faydalı hesab edirik.
Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının başçısı, İran İslam Respublikasının vətəndaşı Sepux Sərkisyan dəfələrlə Dağlıq Qarabağa səfər edib, maliyyə yardımı göstərib. Xaricdə yaşayan ermənilər dəfələrlə İran İslam Respublikasının ərazisindən istifadə edərək Dağlıq Qarabağa səfər ediblər. Rusiyanın iki siyasi icmalçısı bir qrup Dağlıq Qarabağ ermənisi ilə işğal olunmuş Azərbaycan ərazilərini gəzərək, oradan İran ərazisinə keçiblər. İranın bəzi şəxsləri ilə müzakirələr aparıblar.
Əks təqdirdə Azərbaycan Respublikası bu məsələləri araşdırmaq üçün “İnterpol”un xidmətindən istifadə edə bilər.
Elm öyrənmək, savadsızlığı aradan qaldırmaq bizim dinimizdə ibadətdən üstün tutulan məsələdir. Həzrəti Peyğəmbərimizin və Həzrəti Əlinin bu mövzuda çoxlu fikirləri var. Bunu nəzərə alaraq ilk növbədə İran rəsmilərinə elmlərini artırmağı vacib hesab edirik. İmkanı olub, savadsızlığını aradan qaldırmayan adamın ibadəti Allaha lazım deyil.
İİR-ın rəsmi bəyanatından Şuşanın, Zəngilanın işğalının mahiyyəti aydın olur; Ermənistana İranın 2 milyard dollar yardım etməsinin motivasiyası üzə çıxır; Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsinə razılıq verməməsinin əsas səbəbkarlarından biri bəlli olur.
İran rəsmilərinin daha iki şeyi nəzərə almasını özləri üçün faydalı hesab edirik:
İran İslam Respublikasının xarici siyasətindən fərqli olaraq Azərbaycan Respublikasının xarici siyasəti yüksək intellektual, elmi və politoloji baxımdan əsaslandırılmış siyasətdir.
İran rəsmiləri Azərbaycan cəmiyyətində bir qrup şəxsi özlərinin beşinci kolonu hesab etməkdə yanılırlar. Bu,İran rəsmilərinin və din xadimlərinin özünü aldatmasından başqa bir şey deyil. Lazım olan anda iranlılar əyani şəkildə özləri bunun şahidi olacaqlar.
1news.az