Əbülfəs Qarayev BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib – FOTO
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 4-6 may tarixində Bakı şəhərində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil ediləcək Beynəlxalq Təşkilatların yüksək səviyyəli görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir.
1news.az-ın məlumatına görə, səfər çərçivəsində ilk olaraq BMT baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüş keçirilib. Xanım Viotti BMT baş katibinin səfərdə olduğunu qeyd edərək, nazirlə görüşməkdən məmnun olduğunu bildirib.
Görüşdə Ə.Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, BMT-ni dünyanın ən yüksək və nüfuzlu təşkilatı olaraq bu prosesdə fəal olmağa dəvət edib.
Görüşdə BMT Baş Katibinin və yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Ə.Qarayev BMT baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə görüşüb. Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırlayaraq, Bakının gözəlliyinin onda xoş təəssüratlar yaratdığını vurğulayıb.
Nazir Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə J.Feltmana da məlumat verərək tədbirin mövzusunun “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirib.
Bu mövzunun BMT-nin Davamlı inkişaf Gündəliyi 2030 ilə tam uzlaşdığını qeyd edən nazir BMT rəhbərliyinin tədbirdə yüksək səviyyədə təmsil olunmağının vacibliyini bildirib.
J.Feltman da tədbirin əhəmiyyətini, ümumiyyətlə Bakı prosesinin vacibliyini anladığını və bu barədə Baş katiblə müzakirə aparacağını ifadə edib. Görüşlərdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Yaşar Əliyev və digər şəxslər iştirak edirib.
Daha sonra nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası-ECOSOC-un prezidenti Frederik Makamure Şava ilə, həmçinin BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın dünya mədəniyyətinə töhfəsi, dialoq və əməkdaşlıq layihələri, Bakı prosesi və Foruma hazırlıq məsələləri müzakirə olunub.
1news.az