Havanın temperaturu 22 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 6-na olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
1news.az