Mübariz Əhmədoğlu: Ermənistanın yeni parlamentində Rusiya azaldı, Qərb artdı
Ermənistandakı parlament seçkilərində həm də Rusiyanın aktivliyi pik nöqtədə idi. Rusiya Dövlət Dumasının sədri V.Volodin, Təhlükəsizlik Şurasının katibi N.Patruşev Ermənistanda rəsmi səfərdə oldular.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu son vaxtlar Ermənistanla Rusiya arasında əlaqələrdə müşahidə olunan aktivliyi şərh edərkən deyib.
Politoloq Rusiyanın təbliğat maşının aparıcı şəxsləri V.Solovyov və D.Kiselyov Ermənistanda xeyli görüşlər və mətbuat konfransı keçirməsinə, dünyanın ən məşhur intellektual mərkəzlərindən biri olan “Valday” klubunun Rusiyadan kənar ilk iclasını Ermənistanda keçirməsinə diqqət çəkərək Ermənistan prezidenti S.Sərkisyanın bir dəfə Moskvaya, dörd dəfə Qərb ölkələrinə səfər etməsinə də toxunub:
“Qərb ölkələri maraqlarını həm də bu səfərlər vasitəsilə S.Sərkisyana çatdırdılar. Qərb əsasən nümayəndəlikləri ilə işini qurmuşdu. Dağlıq Qarabağ tənzimlənməsində paradoksal yanaşmanın da müəllifi Rusiyadır. Moskvanın Dağlıq Qarabağ yanaşmasının icraçısı isə Ermənistan prezidenti S.Sərkisyan idi. S. Sərkisyan səkkiz illik qadağasını aradan qaldırdı və L.Ter-Petrosyanı efirə buraxdı. S.Sərkisyan L.Ter-Petrosyanın nə danışacağını əvvəlcədən bildiyi üçün ona qadağa qoymuşdu. L.Ter-Petrosyanın fikirləri S.Sərkisyana lazım olanda isə o bu qadağanı aradan qaldırdı. Bu mövzuda başqa dəlillər də Qarabağ mövzusunda paradoksal yanaşmanın müəllifinin S.Sərkisyan olduğunu sübut edir. Baş nazir K.Karapetyan Artsaxın şərəf, ləyaqətindən danışandan on gün sonra azərbaycanlılarla oturub kompromis əldə etməkdən, birgə ərazidə yaşamaqdan danışdı”.
Sarkisyanın Qarabağda hərbçilər və onların ailələrinin qarşısında çıxış edərkən bir tərəfdən Azərbaycanı “İskəndər”lə hədələməsini, digər tərəfdən yeni seçiləcək parlamentin orduya geri çəkilmək səlahiyyətinin olacağı ilə bağlı dediklərini xatırladan M.Əhmədoğlu bildirib ki, bunlar Moskvanın S.Sərkisyana təsirlərinin yaratdığı effektlər idi:
Sarkisyanın seçki kampaniyasında son çıxışını tamamilə Qarabağ məsələsinə həsr etdiyini deyən politoloq onun Rusiyaya qarşı yönəlmiş mesaj verdiyini də söyləyib:
“Seçki kampaniyasında son çıxışını S.Sərkisyan tamamilə Qarabağ məsələsinə həsr etmişdi. Onun bu çıxışı emosional idi. Dörd günlük aprel döyüşləri və Qarabağa son səfəri zamanı da belə emosional çıxış etməmişdi. S.Sərkisyan “Respublika” partiyasının sön mitinqində Qarabağ məsələsinin təqdimatını dəyişməklə Rusiyaya mesajını verdi: “Sənin dediklərin işə keçməyəcək”. Bunu əməldə sübut etmək məqsədi ilə S.Sərkisyan “Yelk” partiyasının parlamentə düşməsinə şərait yaratdı. “Yelk” erməni dilindən hərfi tərcümədə çıxış deməkdir. Siyasi tərcüməsi isə Rusiyanın təsir zonasından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış anlamındadır. Hakim “Respublika” partiyasının deputatlarının böyük əksəriyyəti siyasi oriyentasiyasını S.Sərkisyanın diktəsi ilə müəyyənləşdirəcək. Beləliklə S.Sərkisyan “Yelk” blokunun 9 nəfərlik fraksiyasının üstünə 45 nəfər də gəlməklə 54 qərbpərəst deputat bloku yaratmaqla parlamenti bütövlükdə qərbpərəst edə biləcəkcək”.
Parlament seçkiləri zamanı həm Qərbin, həm də Rusiyanın Ermənistanı öz tərəfinə çəkməyə çalışdığını deyən M.Əhmədoğlu Sarkisyanın daha çox Qərbə meyl etdiyini bildirib:
“Parlament seçkilərindən bir neçə saat keçməmiş Moskva-Yerevan telekörpüsü, K.Zatulinin mətbuat konfransı və A. Areşev Ermənistandakı bu seçkiləri Moskva üçün çəhrayı rəngdə təqdim etdilər.
Aİ son mərhələdə Ermənistanı özünə tərəf çəkmək üçün təxminən 20 milyon avro pul xərclədi. Rusiya isə Moskvadakı ermənilər vasitəsilə çoxmilyardlı investisiyalar vəd etdi. S.Sərkisyan üçün Aİ-nin 20 milyon avrosu RF-in bir neçə milyard dollarlıq layihə və vədlərindən daha dəyərlidir.
Rusiyanın Ermənistandakı problemi erməni cəmiyyəti deyil, cəmiyyəti yönəldən S.Sərkisyandır. İndi antiRusiyaçılıq S.Sərkisyan üçün Dağlıq Qarabağ məsələsindən daha böyük resurs mənbəyidir. Rusiya siyasi mühitinin bunu başa düşməsinə hələ bir müddət var”.
1news.az