Azərbaycan və Rusiya arasında Xəzərin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
Aprelin 10-da Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun yanvarın 25-26-da Bakıda keçirilmiş 48-ci iclasının nəticələri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Xəzəryanı ölkələrin Zirvə toplantısına hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin xarici işlər nazirləri Müşavirəsinə qədər bütün məsələlər üzrə razılığın əldə olunmasının vacibliyi vurğulanıb, birgə səylərin artırılmasının zəruriliyi qeyd edilib. Müzakirələr zamanı tərəflər Konvensiyanın hər bir sahilyanı dövlətin suveren hüquqlarını təmin etməsinin və onların maraqlarına xidmət etməsinin vacibliyini vurğulayıblar.
İki ölkə arasında mövcud olan yaxın qonşuluq və dostluq münasibətləri ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda aparılan məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və gündəlikdə olan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd olunub.
1news.az