Nikolay Patruşev və Ramiz Mehdiyev təhlükəsizlik məsələlərini müzakirə ediblər
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycanın Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu gün Bakıda beynəlxalq və regional məsələləri müzakirə ediblər.
Bu haqda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.
“Həmsöhbətlər beynəlxalq və regional məsələləri müzakirə ediblər. Eləcə də Yaxın Şərqdə, xüsusən də Suriyadakı vəziyyətə xüsusi diqqət yetiriblər”.
Müzakirələr zamanı Moskva ilə Bakı arasındakı münasibətlərin strateji xarakter daşıması, ikitərəfli dialoqun etibarlılıq və konstruktivliklə fərqlənməsi qeyd olunub.
Həmçinin Rusiya-Azərbaycan əməkdaşlığında təhlükəsizlik məsələlərinə də nəzər yetirilib. Burada terrorizmlə mübarizə, Rusiya-Azərbaycan sərhədindən mal və insanların qanunsuz keçirilməsi məsələləri də vurğulanıb.
Həmçinin məlumatda qeyd edilir ki, işçi səfərinin sonunda Nikolay Patruşev Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədər Quliyevlə iki ölkənin qarşılıqlı təsiri məsələlərini müzakirə edib.
Səfərin sonunda Nikolay Patruşev Şəhidlər xiyabanını, eləcə də ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub.
1news.az