Kanadada təhsil alan azərbaycanlı tələbə: “Seçdiyim peşə olduqca böyük imkanlara malikdir” - Uğur formulu - FOTO
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Kanadanın Vaterloo Universitetinin tələbəsi Leyli Məmmədzadədir.
Layihə Təhsil Nazirliyi və 1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir.
Leyli Məmmədzadə 1997-ci il iyunun 30-da Bakı şəhərində anadan olub. 2003-2014-cü illərdə Bakı Avropa Liseyində təhsil alıb. 2014-cü ildə liseyi bitirdikdən sonra 3 ali məktəbdən - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Kanadanın Toronto və Vaterloo universitetlərindən qəbul təklifi alıb. O, təhsil alacağı ali məktəb kimi Vaterloo Universitetini seçib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsinin kompüter elmləri ixtisasında təhsil alır, III kurs tələbəsidir.
“Müəllimlərim mənə böyük dəstək olublar”
- Bakı Avropa Liseyində təhsil aldığım illərdə müəllimlərim mənə böyük dəstək olublar. Onların verdikləri biliklər sayəsində mən məktəbdə təşkil olunmuş “Kiçik Akademiya”nın müsabiqələrində dəfələrlə yüksək yerlər tutmuş, fransız, ingilis dilləri, digər fənlər üzrə olimpiada və müsabiqələrdə iştirakçı və qalib olmuşam.
Məktəb illərində ən yaddaqalan hadisələrdən biri də X sinifdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin keçirdiyi YLP (Gənc Liderlər Proqramı) müsabiqəsinin qaliblərindən biri kimi ABŞ-a səyahət oldu. Azərbaycanın müxtəlif bölgələrindən olan qaliblərlə birgə ABŞ-ın bir neçə ştat və şəhərlərində olduq, müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycanı tanıtmağa çalışdıq. Səyahətin ən unudulmaz məqamı - təbiətin möcüzəsi olan Böyük Kanyon oldu.
“Valideynlərim mənim seçimimi dəstəklədilər”
- İxtisas seçimimdə qardaşımın məsləhəti böyük rol oynadı. O, müasir həyatda kompüter elmlərinin danılmaz rolunu görür, bunu mənə də sübut edirdi. Qardaşım mənim ən böyük dostum və məsləhətçimdir. Bu ixtisas üzrə nüfuzlu universitetləri seçərkən Vaterloo Universitetinin ən yüksək pillələrdən birində olduğunu görərək oraya müraciət etdim, dəvət aldım. Valideynlərim mənim seçimimi dəstəklədilər. Xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət etdim. Dövlət Proqramı hər birimiz üçün son dərəcə geniş imkanlar açıb. Təhsil aldığım universitetdə dünyanın hər yerindən tələbələr var. Onlar azərbaycanlı gənclərin dövlətimizin dəstəyi ilə təhsil almasına çox heyrətlənir, hətta mənə həsəd və hörmətlə yanaşırlar. Dünyada tələbələrin bu cür Dövlət Proqramı ilə dəstəklənməsi istisna haldır.
Oxuduğum fakültə və ixtisas mürəkkəbdir, asudə vaxt demək olar ki, yoxdur. Olanda isə dostlarımla kinofilmlərə baxırıq, idmanla məşğul oluruq, tələbə şəhərciyinə gətirilən əyləncə məkanlarına baş çəkirik. Həmyerlim olan rəfiqəmlə Niaqara Şəlaləsinə səyahət də etmişik. Ən yaddaqalan məqamlardandır.
“Müəllimlərin tələbələr tərəfindən qiymətləndirmə reytinqi var”
- Kanadanın təhsil sisteminin üstünlükləri göz önündədir. Bu haqda bir qədər ətraflı danışmağa dəyər. Təhsilin hər bir aspekti: yataqxanalar, kitabxana, müxtəlif formada dərs vəsaitləri - istər çap, istərsə elektron variantlarda; professor - müəllim - köməkçi heyəti - hər şey sənin təhsilinə, inkişafına yönəlib. Professorlar, müəllimlərlə əlaqə həm onların qəbul vaxtı, əyani, həm də internetdə xüsusi portallarda və ya elektron poçt vasitəsilə həyata keçir. Bütün yaranan problemlərlə əlaqədar onlara müraciət edə bilərsən. Hətta öz müəllimin deyil, digər müəllim də sənə yardımçı ola bilər. Xüsusi saatlarda yuxarı kurs tələbələri müəllimlərin köməkçisi vəzifəsində işləyərək məsləhət verir, praktiki kömək göstərirlər. Hər bir tələbə dərs saatlarını, fənləri, müəllimləri özü seçir, özünə cədvəl tərtib edir. Müəllimlərin tələbələr tərəfindən qiymətləndirilmə reytinqi var. Müəllimlər öz peşəsinin vurğunudur. Hər biri öz sahəsinin uğurlu peşəkarıdır. Onlardan birini – riyazi statistika müəllimim, həmyerlimiz professor İlham Axundovu xüsusi qeyd etmək istərdim. Məhz İlham müəllim Vaterloo Universitetinin Azərbaycanda ən nüfuzlu təbliğatçısı olmuş, ilk abituriyentlər onun sayəsində Dövlət Proqramı üzrə orada təhsil almışlar.
Test və semester imtahanları son dərəcə ciddi aparılır
- Vaterloo Universitetinin bir özəlliyi də var. Kanadada ilk dəfə olaraq tələbəyə dərs ili ərzində ixtisası üzrə işləmək imkanı yaradılıb. Dərs ili 3 semestrdən ibarətdir. İşləməklə oxumaq təhsil formasını seçən tələbə bu semestrlərin ikisini təhsilə, birini isə işə həsr edə bilər. Bu zaman universitet iş tapmaqda məsləhətçi, yardımçı, hətta iş təklif edən ola bilər.
Semestr ərzində iki dəfə sessiya olur: orta və final. Orta sessiyanın nəticələri final sessiyasına təsir edir. Test və semestr imtahanları son dərəcə ciddi aparılır. Bütün məlumatlar kimi, hər bir tələbə üçün imtahanın keçiriləcəyi bina, otaq, sıra, yer xüsusi saytda qeyd olunur. İmtahan vərəqinin üzərində tələbə kartının məlumatları və fotoşəkil olur. İmtahana müəllimlər və köməkçilər nəzarət edirlər.
Universitetimizdə azərbaycanlı tələbə çox deyil. Asudə vaxtımız az olsa belə biz daim bir-birimizdən xəbərdarıq. Xüsusi günləri birgə qeyd etməyə çalışırıq. Ottava, Toronto, Vaterloo universitetlərinin azərbaycanlı tələbələri tərəfindən təşkil olunduğu “Xocalıya ədalət!” yürüşünü, Yeni il, Novruz bayramlarını qeyd edərdim.
Hər bir qənc kimi, mənim də arzularım tükənməzdir. Ən böyük arzum gərəkli insan olmaqdır. Seçdiyim peşə olduqca böyük imkanlara malikdir, hər bir sahənin inkişafında əhəmiyyətli rol oynayır. İstərdim ki, Vətənə, xalqa xidmət edim, öz əməyimlə mənə göstərilən böyük etimadı, dəstəyi doğruldum.
1news.az