Saxta “din təəssübkeşləri” kimə və nəyə xidmət edirlər? | 1news.az | Xəbərlər
Cəmiyyət

Saxta “din təəssübkeşləri” kimə və nəyə xidmət edirlər?

15:27 - 13 / 04 / 2017
Saxta “din təəssübkeşləri” kimə və nəyə xidmət edirlər?

Məlum olduğu kimi, Bakının “Sovetski” kimi tanınan ərazisində, Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı qərar orada yaşayan sakinlər tərəfindən narazılıqla qarşılandı.

Hətta məscidin sökülməsinə öz etirazlarını bildirən sakinlərlə polis əməkdaşları arasında qarşıdurma da baş verdi. Sonradan söküntü işləri dayandırılsa da, məscidin taleyinin necə olacağı hələ ki, naməlum olaraq qalmaqdadır.

Qeyd edək ki, Hacı Cavad məscidi ilə bağlı məsələ dövlət başçısının da diqqət mərkəzindədir. Belə ki, Prezident İlham Əliyev narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Məsələyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ümumiyyətlə, məscidin sökülməsinin əleyhinə olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sözügedən məscidin sökülməsini onun yararsız hala düşməsi ilə əsaslandırıb. Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyinin onlarla razılaşdırıldığını deyən Komitə sədri bununla belə məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlərin olduğunu bildirib.

Maraqlıdır, görəsən din adı altında süni ajiotaj yaratmaq istəyənlər kimlərdir və hansı məqsədi güdürlər?

Məlum olduğu kimi, tarixən Azərbaycanda başqa dinə mənsub olan insanlara qarşı yüksək toleranlıq ənənələri mövcud olub. Ölkəmizdə heç vaxt dini və milli ayrı-seçkilik olmayıb, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu gün də bu ənənələr davam etdirilir.

Dünyada müsəlman dövləti kimi tanınan Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. 2015-ci ilin statiskalarına görə, Azərbaycan əhalisinin 93.4 %-i müsəlman, 3.1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyil. Yerdə qalan 0.5 %-ə isə digər dinin mənsubları aiddir.

Göründüyü kimi, uzun illərdir ki, ölkəmizdə ayrı-ayrı dinin mənsubları mehriban bir şəraitdə yaşayırlar. Lakin nədənsə din pərdəsinə bürünən bəzi “dindarlar” müxtəlif maraqlardan çıxış edərək cəmiyyətdə xof yaratmağa, ölkəmizdə inanclı insanların sıxışdırılması görüntüsünü yaratmağa çalışırlar. Onlar hətta başqa insanların davranış, geyim tərzinə müdaxilə etməkdən belə çəkinməyərək onları Allahın yolundan çıxmaqda belə günahlandırırlar.

Təbii ki, Azərbaycan İslam ölkəsidir və ölkənin də əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Lakin dində heç bir məcburiyyət yoxdur. Hər kəs istədiyi dini seçə, istədiyi tərzdə geyinə bilər. Bu artıq insanın tərbiyəsindən, əxlaq qaydasından, inancından, zövqündən və s. irəli gələn bir məsələdir. Yəni, kimlərəsə neqativ görünən şeyləri dinlə əlaqələndirmək düzgün olmazdı.

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin ölkə Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Azərbaycanı sırf İslam dövlətinə çevirmək istəyənləri başa düşmək anlaşılan deyil. Heç kəsə sirr deyil ki, bu gün dini qayda-qanuna uyğun idarə olunan müsəlman ölkələrinin demək olar ki, heç biri inkişaf etmiş ölkə sayılmır. Həmin ölkələrin bir çoxunda müxtəlif səbəbli münaqişələr, qarşıdurmalar yaşanır, insanların ən ali hüquqları belə pozulur.

Götürək elə cənub qonşumuz İranı. İranda dini və milli azadlıqlar baxımından vəziyyət elə də yaxşı deyil. Təkcə onu demək kifayətdir ki, İranda yaşayan 30 milyondan çox Azərbaycan türkünün öz ana dilində təhsil almasına belə imkan verilmir. Bu ölkədə nəinki ayrı dindən olanlara, hətta eyni dinə mənsub olub digər təriqətləri daşıyan insanlara bu azadlıq verilmir.

Azərbaycan isə regionun lider ölkəsi olmaqla yanaşı, həm də bir müsəlman ölkəsi kimi dünyada böyük nüfuz qazanıb. Ölkəmizdə İslam dininə böyük önəm verilir.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

Ölkədə İslam haqqında bilgilər çoxalıb, yeni məscidlər tikilib, mədrəsələr və universitetlər qurulub, gənclər xarici ölkələrdə ilahiyyat elmləri üzrə təhsil almağa gediblər.

Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Azərbaycan həm də dünyada İslam mədəniyyətinin təbliği sahəsində önəmli tədbirlər həyata keçirir, islamofobiya meyllərinə qarşı açıq mübarizə aparır.

2017-ci ili “İslam Həmrəyliyi İli” elan edən Azərbaycan müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək üçün çoxsaylı tədbirlər təşkil edir. May ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı yox, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaq.

Azərbaycanın dini və milli tolerantlıq sahəsində uğurlara nail olmasının nəticəsidir ki, bu gün digər dövlətlərdə rahat yaşaya bilməyəcəklərini anlayan, yaxud oradakı arzuolunmaz mühitlə üzləşən insanlar Azərbaycana üz tuturlar.

Dini və milli tolerantlıq həm də insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərindəndir. Bu baxımdan dövlət tolerantlığın daha da inkişaf etməsində maraqlı olmaya bilməz.

Babək Cahandarov

 

Paylaş:
4533

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər