Bu da oldu: Üç aylıq körpə “terror” şübhəsiylə sorğuya çağrıldı
ABŞ-ın Böyük Britaniyadakı səfirliyi terror və casusluq şübhəsi ilə üç aylıq körpəni sorğuya çağırıb.
1news.az-ın məlumatına görə, bu barədə "Guardian" nəşri yazıb. Məlumata görə, körpənin babası ABŞ-a giriş vizası almaq üçün anketdəki bəndlərin birində səhvə yol verib.
Balaca Harvi Kenon- Keyrins ailəsi ilə birgə ilk dəfə xaricə getməli imiş. Onun babası Pol Kenon viza üçün anketi doldurarkən təsadüfən “siz nə vaxtsa terror fəaliyyəti, casusluq, təxribat və ya soyqırımla məşğul olmağı planlaşdırırsınız və ya məşğul olmusunuz?” sualına müsbət cavab verib.
Bu səhv uçuşa az qalmış öyrənilib və uşağa viza verilməyib.
"Onların bu aşkar səhvi görmədiklərinə inana bilmirəm. Necə ola bilər ki, üç aylıq uşağın heç kimə zərər vermək imkanında olmadığını dərk etməyiblər?!”, - 62 yaşlı Kenon bildirib.
Onun sözlərinə görə, Poynton şəhərindən Londona gəlmək və təhlükəsizlik işçiləri ilə danışıqlar təxminən 10 saat davam edib. Hansıki, Mançestirdən Orlanda(ABŞ) uçuş doqquz saatdır.
"Körpə Harviyə afərin, sorğu zamanı bir dəfə də ağlamadı. O, əlbəttə ki, heç vaxt soyqırım və casusluqla məşğul olmayıb, lakin uşaq bezi ilə kiçik "təxribat" edə bilər. Səfirlikdə əlbəttə ki, mən bu barədə danışmadım”, deyə körpənin babası vurğulayıb.
Sonda hər şey yaxşı qurtarıb, amma ailə 3 min.funt(3.5 min avro) xərcə düşüb. Çünki uşağın anketi gec hazır olduğu üçün yeni biletlər almalı olublar.
Pərvanə Sultanova