Dövlət Komitəsində ilin I rübünün yekunlarına dair müşavirə keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
1news.az-ın məlumatına görə, Komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edib və qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da güclənmiş, davamlı inkişaf dinamikası təmin edilib. Bildirilib ki, komitə də, ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda öz fəaliyyət istiqamətləri üzrə gördüyü işlərlə aparılan islahatlara öz töhfəsini verib. Bu istiqamətlər üzrə işlər Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritələri” çərçivəsində görüləcək iş planlarında nəzərdə tutulmuş tədbirlər haqqında Fərmanının icrası sahələrində aparılıb.
Qeyd edilib ki, cari ilin ilk rübündə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılıb, 294 monitorinq aktı təhlil edilib. Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən dövlət əmlakının səmərəli istifadəsinə dair 5000-ə yaxın illik xüsusi hesabat forması alınıb ki, bunun 89.7%-i elektron qaydada qəbul olunub.
Özəlləşdirilmə prosesində xarici investorların geniş iştirakının təmin olunması məqsədi ilə komitə tərəfindən müxtəlif sahələrdə fəaliyyət göstərən 500-ə yaxın nüfuzlu xarici şirkətə, investisiya bankına, investisiya və pensiya fonduna özəlləşdirmə barədə tanıtım məktubları ünvanlanıb, onlar özəlləşdirmədə iştiraka dəvət olunub.
Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AZPROMO-nun iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forum keçirilib. Forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumun imzalanıb. Bildirilib ki, Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan I rüb ərzində istifadə edənlərin sayı 200 minə yaxın olub.
Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan 600 minə yaxın istifadəçi qeydə alınıb.
Görülən tədbirlər nəticəsində, 2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyətləri özəlləşdirilib, 63 qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib.
Müşavirədə bildirilib ki, elektron kadastr uçotu işləri yekunlaşıb, 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 810 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinə başlanılıb. Bu işlərin ilin sonunadək tam yerinə yetirilməsi nəzərdə tutulub.
2017-ci ildə 14 rayonun bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş 649 min hektara yaxın ərazilərində irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulur. Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt formalaşdırılıb, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.
Respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Komitə tərəfindən də bir sıra işlər həyata keçirilir. Belə ki, 18 torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülüb. “Aqropark”ların yaradılması məqsədi ilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118.2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib.
Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib. Respublika üzrə icarədə olan dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqların istifadə vəziyyəti göstərilməklə icarəçilərin ümumi siyahısı hazırlanaraq vahid baza yaradılıb.
Hesabat dövrü ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 140 hal üzrə inzibati protokollar tərtib edilib, bundan 85 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək Monitorinqlər zamanı pozuntu hallarının qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin edilib.
Müşavirədə qeyd olunub ki, ötən il daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqqının və rüsumların hesablanmasını onlayn şəkildə avtomatik həyata keçirən “Əmlak Kalkulyatoru”ndan rüb ərzində istifadə edənlərin sayı 10 mindən çox olub.
İlk 3 ay ərzində keçirilmiş 9 “Kütləvi çıxarış” kampaniyasının 2-si paytaxt rayonlarında, 7-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuş, 700-ə yaxın vətəndaş bu xidmət növündən yararlanıb. 2017-ci il ərzində ölkə üzrə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
Qeyd edilib ki, komitə bu dövr ərzində innovativ sahədə də müxtəlif proyektlər həyata keçirib. Fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı cari ilin ilk rübündə 50 minə yaxın olub. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk rübündə 45 minə yaxın çox müraciət daxil olmuş və cavablandırılıb.
Komitə sədri bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi keçən il olduğu kimi bu il də Bakıda böyük əmlak və investisiya sərgisi keçirəcək. Sərginin keçirilməsi üzrə artıq hazırlıq işlərinə start verilib.
Cari ilin I rübü ərzində regionlarda 3 vətəndaş qəbulu keçirilib, 29 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.
Müşavirənin sonunda komitə sədri K.Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icrası üçün zəruri işlərin görülməsi barədə tapşırıqlar verilib. Qeyd edilib ki, fəaliyyət prosesinin şəffaflığı, vətəndaş məmnunluğunun təmin edilməsi prosesində operativ fəaliyyət göstərilməlidir. Müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə aparılan işlər genişləndirilməlidir. Regionlarda rəqabət potensialı olan və sosial-iqtisadi inkişafa töhfə verə biləcək müəssisələrin özəlləşdirilməsi üçün investorların cəlb edilməsi üçün işlər sürətləndirilməlidir. Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin səmərəli fəaliyyətinin qiymətləndirilməsi qaydasının hazırlanması ilə bağlı beynəlxalq təcrübə araşdırılmalıdır.
Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində işlər daha keyfiyyətli və operativ şəkildə həyata keçirilməlidir. Komitənin vətəndaşlara göstərdiyi xidmətlər üzrə məmnunluq səviyyəsi maksimum təmin olunmalıdır.
1news.az