Azərbaycanla-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclası Moskvada keçiriləcək
13-17 aprel tarixlərində Bakıda Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə birgə komissiyanın növbəti 4-cü iclası keçirilib.
1news.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə dövlət komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya ilə Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə birgə komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edib.
Birgə komissiyanın iclasının işində hər iki ölkənin dövlət komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak ediblər.
İclasda, Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılıb, “Azərbaycan-Rusiya birgə komissiyasının 2017-ci il üzrə iş Planı” təsdiq olunub, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılaraq imzalanmış və yekun olaraq iclasın nəticələrinə dair Protokol imzalanıb.
Əldə olunmuş razılaşmaların davamı olaraq birgə komissiyanın növbəti iclasının cari ilin üçüncü rübündə Moskvada keçirilməsi nəzərdə tutulur.
Pərvanə Sultanova