QHT-lərin maliyyə hesabatı vermələrinin tələb kimi qoyulması qanunvericilikdən çıxarıla bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

QHT-lərin maliyyə hesabatı vermələrinin tələb kimi qoyulması qanunvericilikdən çıxarıla bilər

12:16 - 18 / 04 / 2017
QHT-lərin maliyyə hesabatı vermələrinin tələb kimi qoyulması qanunvericilikdən çıxarıla bilər

Bu gün Bakıda “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” mövzusunda konfrans öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, konfransda çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra QHT-lərin həyatımızın bir hissəsi olması üçün lazım olan işlər görülüb, ölkəmiz müvafiq konvensiyalara qoşulub, qanunlar qəbul olunub. Onun sözlərinə görə,  “2020 gələcəyə baxış” dövlət proqramında da QHT-lərin inkişafı ilə bağlı müddəlar əksini tapıb:

“Bu sahədə  beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirilir. Azərbaycan hökuməti hər zaman mövcud problemlərin açıq, şəffaf müzakirəsinin tərəfdarı olub. Biz bugünki konfransı da dəstəkləyirik”.

Prezident Adminstrasiyasının sektor müdiri Elman Paşayev bildirib ki, hökumət Avropa Şurası və Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığı bundan sonra da  davam etdirəcək və yaxşı nəticələrə nail olacağımıza ümid edirik. 

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə vurğulayıb ki, Azərbaycan hökuməti  hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edib:

“Qanunvericiliyin təkmilləşməsi bir prosesdir və  Şura bu prosesə bundan sonra da dəstək verməyə hazırdır”. 

A.Quliyev tədbirdə təqdim edilən Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hazırlanan hesabatla  tanış olduğunu, orda  müsbət məqamlarla yanaşı ziddiyyətli məqamların olduğunu deyib: “Bəziləri həqiqətə uyğun deyil”.

A.Quliyev xatırladıb ki, QHT-lər Maliyyə Nazirliyinə maliyyə hesabatı verirlər: “Bu, müzakirə olunmalıdır. Müzakirələrdə onların maliyyə hesabatı verməsi məsələsinə baxılmalıdır. Yəni, maliyyə hesabatı verilməsinin tələb kimi qoyulması qanunvericilikdən çıxarıla bilər”.

Şura sədri onu da qeyd edib ki, qeyri-hökumət təşkilatları ilə bağlı tövsiyələr müzakirə olunmalıdır.

AŞ-nın Bakı ofisinin rəhbəri Draqona Filipoviç bildirib ki, AŞ və Aİ-nin birgə layihəsinə 2016-cı ildə  başlanılıb: “Azərbaycan hökumətinə verdiyi dəstəyə görə təşəkkür edirik”. 

Pərvanə Sultanova

 

Paylaş:
936

Son xəbərlər

Bütün xəbərlər