Fransız baş redaktor yazır: Azərbaycan - cazibədar ölkə
Filip Karsenti Fransanın Nöyyi şəhər merinin müavini və eyni zamanda Media Ratings İnternet portalının baş redaktorudur. Bu ilin iyun ayında Fransa Respublikası Milli Assambleyasına keçiriləcək seçkilərdə deputatlığa namizəddir.
Ölkəmizə səyahət edən çoxsaylı əcnəbilər kimi, F.Karsenti də Azərbaycanın bir çox özəllikləri haqqında öz təəssüratlarını Fransa oxucuları ilə bölüşür. Azərbaycana səyahətdən qayıtdıqdan sonra F.Karsentinin Dreuz.İnfo saytında ölkəmiz haqqında yazdığı məqalənin tərcüməsini oxucularımızın diqqətinə təqdim edirik:
Azərbaycanın cazibədar bir ölkə olduğunu söyləmək üçün səbəb çoxdur : onun mədəniyyəti, coğrafi mövqeyi, xarici aləmlə saxladığı əlaqələr, çiçəklənən iqtisadiyyatı, eləcə də bizim qərb ölkələrinin həsəd aparacağı qədər çoxmillətli və çoxdinli birgəyaşayış tərzi, İslam dininin bu ölkədəki mövqeyi diqqətəlayiq özəlliklərdir.
Cəmi 25 illik müstəqillik ərzində Azərbaycan öz təbii və insan ressursları ilə dünya xəritəsində özünə layiqli yer tuta bilib
Xəzər dənizi ilə həmsərhəd olan Azərbaycan Gürcüstan, Rusiya Federasiyası, Ermənistan və İran ilə əhatə olunmuş bir müəslman ölkəsi olaraq xüsusi bir bacarıqla ABŞ və Ruisya kimi bir-birinə rəqib olan dövlətlərlə, İsrail və İran kimi bir-birinə əsil düşmən münasibətlərdə bulunan ölkələrlə yaxşı münasibətlər qurmağa nail olub.
Cəmi 25 illik müstəqillik ərzində Azərbaycan öz təbii və insan ressursları ilə dünya xəritəsində özünə layiqli yer tuta bilib. Pul əskinaslarının üstündə belə, bizim qitənin xəritəsini əks etdirəcək dərəcədə üzünü Avropaya tərəf çevirmiş Azərbaycan elə bir strateji tərəfdaşdır ki, sabit və müasirləşmiş ölkələrin çox az olduğu bu bölgədə onu görməzliyə vurmaq olmaz.
Azərbaycanda xristianlar kilsəyə rahatca gedirlər. Yəhudilər istər kippa ilə, istərsə də kippasız küçələrdə gəzirlər
Azərbaycan şiələrin şoxluq təşkil etdiyi müəslman ölkəsi olsa da, dünyəvi bir ölkədir və burada hər kəs sərbəst şəkildə öz dininə qulluq edə bilir. Misirdə kilsələrin partladıldığını, Qərbin böyük şəhərlərində yük maşınlarının kütlələrin üzərinə yeridiyini görəndə kontrast çox aydın gözə çarpır. Azərbaycanda xristianlar kilsəyə rahatca gedirlər. Yəhudilər isə istər kippa ilə, istərsə də kippasız küçələrdə gəzirlər və heç bir xoşagəlməz münasibət hiss etmirlər. 2017-ci ildə müsəlman ölkələrində və hətta bir sıra fransız məhəllələrində görünməsi mümkün olmayan bir şey: Günün istənilən saatında qadınlar şəhərdə istədikləri geyimdə rahat gəzirlər.
Bakıda gəzərkən təmiz, tarixi hissələri qorunub saxlanan və eyni zamanda tanınmış dünya arxitektorlarının təxəyyülünün məhsulu olan və par-par yanan təzə binaların olduğu bir şəhərlə üzləşirsən.
Azərbaycan hakimiyyəti gücün hüququna deyil, hüququn gücünə önəm verir
Tabloda tək qara kölgə Azərbaycanın Dağlıq Qarabağının işğalıdır. Ölkənin aparıcı mətbuatında “işğal olunmuş ərazilər” anlayışına tez-tez rast gəlinir.
Bununla belə, BMT-nin çoxsaylı qətnamələri ilə və eləcə də beynəlxalq ictimaiyyət tərəfindən tanınmış bu işğala məruz qalmış Azərbaycan qətiyyən müharibə anlayışı ilə assosiasiya olunmur. Azərbaycanın ordusu zəngin təchizatı olan güclü bir ordu olsa da, bu ölkədə müharibə variantına üstünlük verilmir: Azərbaycan hakimiyyəti gücün hüququna deyil, hüququn gücünə önəm verir.
Berlin divarlarının uçurulmasından və SSRİ-nin dağılmasından sonra yaşı hələ 30-a çatmasa da, Azərbaycan bir inkişaf modeli, mədəniyyətlərin və dinlərin dinc birgəyaşayışı modeli olmaq istiqamətini götürüb. Bütün bu özəllikləri ilə Azərbaycan heyrətamiz, nəzərəçarpan və cazibədardir.
Babək Cahandarov