İsmayıllıda 3 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib – FOTO
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
1news.az-ın məlumatına görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, İsmayıllı rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
S.Mehdiyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının, onların yeni mənzillərlə təminatının ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu bildirib. Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, İsmayıllı və digər rayonlarda müasir tələblərə cavab verən yaşayış şəraitinə malik yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Ümumilikdə keçən il və cari ilin ötən dövründə 310-dək yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin, onların uşaqlarının sosial təminatın gücləndirilməsi üçün digər istiqamətlərdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Müharibə əlilləri və onlara bərabər tutulanların tibbi-sosial reabilitasiyasının təşkili, onların bərpa-müalicəsi və reabilitasiya vasitələri ilə təminatı sahəsində işlərin də ildən-ilə gücləndirildiyi diqqətə çatdırılıb.
Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar Prezident qayğısını gündəlik həyatlarında hiss etdiklərini, maddi təminatlarının gücləndirilməsi, onlara yönələn sosial təminat növlərinin mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar.
Babək Cahandarov