Deputatlarımız AŞPA-nın yaz sessiyasına qatılacaq
Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı(AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 23-dən 30-dək Strasburqda səfərdə olacaqlar.
1news.az-a Milli Məclisin saytına istinadən xəbər verir ki, nümayəndə heyətinə parlamentin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər.
Sessiya dövründə AŞPA-nın son 6 ay ərzində fəaliyyətinə dair və Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulub.
Bundan başqa, sessiya çərçivəsində Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muijneksin 2016-cı il üzrə hesabatı olacaq, suallar cavablandırılacaq.
Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA komitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA bürosunun da tədbirlərinə və təşkilatın gələcək fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaq.
Pərvanə Sultanova