“Gənclər Kuboku” 4 idman növü üzrə yarışlarını yekunlaşdırdı - FOTO
"İRƏLİ" İctimai Birliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İslam Həmrəyliyi İli" çərçivəsində, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində gənclərin idman sahəsinə marağını və təşəbbüsləri artırmaq üçün "Gənclər Kuboku" layihəsini həyata keçirir.
Təşkilatdan 1news.az-a verilən məlumata görə, "Gənclər Kuboku" Bakı 2017 İslam Həmrəylik Oyunlarına dəstək layihəsi çərçivəsində oynanılacaq 10 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçiriləcək idman yarışıdır.
Layihənin əsas məqsədi müxtəlif idman oyunları üzrə gənclər arasında turnir keçirərək sağlam həyat tərzini təbliğ etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq və bununla da keçiriləcək yarışlara dəstək nümayiş etdirməkdir.
22-23 aprel tarixlərində 5 müxtəlif oyun üzrə yarışlar baş tutub. Layihənin ikinci həftəsində şahmat və stolüstü tennis yarışlarına start verilib. Həmçinin futbol, basketbol və voleybol yarışlarının növbəti mərhələsi keçirilib.
22 aprel tarixində həyata keçirilən şahmat yarışları üzrə nəticələrə əsasən I yer - “Texno”, II yer - “Dangerous”, III yer - “Nightmare” komandaları qalib olub.
Həmin gün baş tutan basketbol yarışlarında “Universal” - “Boomerang” və “İncomparable” - “İsland” komandaları qarşılaşmış “Boomerang” və “İsland” komandası növbəti mərhələyə vəsiqə qazanıb.
23 aprel tarixində start götürən stolüstü tennis yarışlarında komandalar arasında gedən mübarizədə yekun nəticələr: I yer - “Dangerous”, II yer - “Universal”, III yer - “İqtisadçı”.
Futbol yarışlarında “Boomerang” - “Dangerous”, “Rixos” - “Universal” komandaları mübarizə aparıb. “Dangerous” və “Universal” komandaları qalib gəlib.
Voleybol yarışlarında isə “Texno” - “Paradox” və “Rixos” – “Slavic Jaguars” komandaları arasında gedən oyunlarda “Texno” və “Rixos” komandaları finala vəsiqə qazanıb.
Növbəti həftəsonu digər idman yarışları start götürəcək.
Qeyd edək ki, adı çəkilən layihənin digər tərəfdaşları aşağıdakılardır: Bakı 2017 İslam Həmrəylik Oyunları, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyəti, "Kitabevim.az" Kitab Marketi, Vinni Kulinariyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Atıcıliq Federasiyası, Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası.
Fərid Ədalət