Ermənistanın Azərbaycana qarşı aqressiv bəyanatları Avropa Şurasında ifşa edildi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk iş günündə Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Kipr Respublikasının xarici işlər naziri İoannis Kasoulides ənənəvi hesabat məruzəsi ilə çıxış etdikdən sonra deputatların müxtəlif aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinin diqqətini Ermənistanın son dövrlərdə Azərbaycanla əlaqədar səsləndirdiyi aqressiv bəyanatlara çəkib. Rafael Hüseynov işğalçı ölkənin Azərbaycana qarşı nüvə başlıqlarından istifadə etmək niyyətlərinin yalnız Cənubi Qafqaz yox, bütövlükdə Avropa üçün təhlükələr yaratdığını vurğulayaraq belə bir sual verib: “ABŞ Şimali Koreyaya qarşı nüvə silahı tətbiq edəcəyini bəyan edir və qarşı tərəf də eyni cavabı verəcəyini bildirir. Alimlər təsdiqləyirlər ki, bu nüvə qarşıdurmasının fəsadları aradakı məsafə böyük olduğuna görə Avropaya gəlib çatmayacaq.
Amma eyni vaxtda Ermənistan da Azərbaycanın enerji ehtiyatı mərkəzlərini, Avropaya neft və qaz ötürən boru kəmərlərini raket hücumları ilə partladacağına, Azərbaycana qarşı atom silahından istifadə edəcəyinə dair xəbərlər yayır. Ermənistanın özündə də bu gedişatda partlaya biləcək “Metsamor” Atom Elektrik Stansiyası var. Bütün bunların nəticəsində yaranacaq fəlakətlərin birbaşa Avropaya, Cənubi Qafqaza, Yaxın və Orta Şərqə dəhşətli təsiri olacağı məlumdur.
Azərbaycanı qorumaq üçün demirəm, heç olmazsa, Avropanın milyonlarla insanını bu bəladan xilas etmək üçün Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində Ermənistanın həmin aqressiv niyyətlərinin qarşısını almaq üçün hansı addımlar ata bilər?”
Sualı cavablandıran Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Kiprin xarici işlər naziri İoannis Kasoulides bildirib ki, bu mövzu bilavasitə Nazirlər Komitəsində müzakirə edilməsə də, heç şübhəsiz ki, ciddi narahatlıq doğurur. Avropa Şurasının Ermənistan və Azərbaycan arasında olan münaqişə ilə bağlı fəaliyyət proqramı var və biz həmin proqram üzrə də hərəkət edirik. Amma sualınızla bağlı bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, belə aqressiv hərəkət və bəyanatlardan mütləq çəkinmək lazımdır. Çünki gələcəyə aparan yeganə vasitə dialoq və danışıqlar yoludur”.
Müzakirələrdən sonra Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri İoannis Kasoulides Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AZƏRTAC-a bildirib ki, bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Avropa Şurası münaqişələrin danışıqlar yolu ilə həll edilməsi siyasətini yürüdür, zorakılığa “yox” deyir. Biz münaqişənin həllinə kömək etməyə hazırıq.
AZƏRTAC