Qadınlar arasında sahibkarlığın inkişafı məsələləri müzakirə edilib
“Qadınlar arasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans iqtisadi sahədə qadınların rolunun artmasında mühüm rol oynayacaq.
Bu fikri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Özbəkistan Respublikası Baş nazirinin müavini Tənzilə Narbayeva ilə görüşündə səsləndirib. Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediklərini vurğulayan Ə.Əhmədov qeyd edib ki, gender bərabərliyi məsələləri Azərbaycan hökumətinin fəaliyyətində əhəmiyyətli rol oynayır.
T.Narbayeva deyib ki, bir neçə dəfə Bakıda olub. Şəhər tamamilə dəyişib və sürətlə inkişaf edir. O, Özbəkistanda, xüsusən sosial-iqtisadi sahədə həyata keçirilən islahatlardan danışıb.
Özbəkistan Baş nazirinin müavini qarşıdan gələn konfransı çox aktual adlandırıb və əmin olduğunu bildirib ki, bu konfrans qadınlar arasında sahibkarlığın inkişafında mühüm rol oynayacaq.
AZƏRTAC