Mübariz Əhmədoğlu: Ermənistan artıq “İskəndər” OTRK-nın sahibi deyil
Ermənistanda “Millət-Ordu 2017” forumu və forum çərçivəsində Ermənistanın malik olduğu hərbi texnikanın nümayişi keçirildi. Ən azı 3 parametr forum və sərginin tələsik, məcburi təşkil edildiyini göstərir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın aldığı silahla bağlı xəbəri şərh edərkən bildirib:
“Müdafiə naziri V.Sərkisyan forumun materiallarının, o cümlədən hazırlanmış konsepsiyanın müzakirə üçün parlamentə payızda təqdim olunacağını bildirdi. Parlament seçkiləri yenicə başa çatıb. Yeni hökumət formalaşdırılmayıb.
Forumda nazirin çıxışından hətta xırda problemlərin həll oluna bilmədiyi bəlli oldu. Ordunun cari problemlərini həll edə bilməməsi fonunda iri ambisiyalı proqramlar ortalığa qoyması da Ermənistan rəhbərliyinin qeyri-müəyyən vəziyyətdə olduğunu göstərir.
Digər 2 məsələ xüsusilə diqqəti çəkir.
Sərgidə ermənilərin Rusiyadan son dövrlərdə aldıqları və öyündükləri “İskəndər” OTRK, “Verba” və “Buk-M” ZRK-ları, eləcə də digər hərbi texnikalar nümayiş olunmadı.
Sərgidə nümayiş olunan hərbi texnika içərisində ən güclüləri “Smerç” və “Qrad” RYAS-lar idi. Belə zəif hərbi texnikanın nümayiş olunduğu sərgi də ehtimal ki təcili və məcburən təşkil edilib.
Ermənistan rəhbərliyi xoruzlanmaq vərdişini tərgitməyib; Sərgi keçirə, İskəndər OTRK-nı nümayiş etdirməyə- bu Ermənisyan rəhbərliyinə yaddır. Bəlkə Ermənistandakı “İskəndərlər” artıq Suriyaya göndərilib.
Müdafiə naziri V.Sərkisyan aparılacaq islahatların Ermənistan ordusunun şəxsi heyətinin sayını artırmayacağını xüsusi vurğuladı. Ən azı o bu məsələnin üstündən keçə bilərdi.
Məntiqi ümumiləşdirmə: Rusiya Ermənistanın davranışından narazıdır. Parlament seçkilərinin nəticələri və Dağlıq Qarabağ tənzimlənməsində S.Sərkisyanın verdiyi vədləri danması Rusiyanı ciddi narahat edir. Ona görə Rusiya rəsmi Yerevanı yalnız Ermənistana məxsus olan hərbi texnikanı tələm-tələsik nümayişinə məcbur etdi.
Ermənistan isə cavab olaraq iki dəfə Rusiya hərbçisini öldürməyə cəhd etdi. Birinci cəhdi boşa çıxsa da, ikinci cəhdi alındı. Ermənistanın Rusiyaya düşmənçiliyi yeni mərhələyə qədəm qoyur. Yeni mərhələnin mənbəyi Rusiyanın Ermənistanı silahlandırmasıdır.
1news.az