Azərbaycan hotellərində halal turizm modeli tətbiq olunacaq
Azərbaycanda turizmlə bağlı yeni standartın yaranması ölkədə aparılan islahatlar nəticəsində qeyri-neft sektorunun, xüsusən də turizm sahəsinin inkişafı ilə bağlıdır. Bu standarta əsasən ölkənin multikultural dəyərlərini özündə ehtiva edən halal turizm modeli yaradılıb.
1news.az-ın məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini icra edən Namiq Tağıyev bu gün “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.
Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turistlərin gəldiyini və may ayında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini xatırladan N.Tağıyevin sözlərinə görə, yeni standartın qəbulu həm turistlərin qəbulunu, həm də İslam Həmrəyliyi Oyunlarını yüksək şəkildə təşkil etməyə imkan verəcək:
“Yeni standart əsasən “Halal idarəetmə sistemi”nin otellərdə tətbiqini özündə ehtiva edir. Dünyanın digər müsəlman ölkələrinin təcrübəsi əsasında hazırlanmış standartda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb.
Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir. Bizim otellər də işlərini bu istiqamətdə, yəni, dünyada qəbul edilmiş standartlar əsasında qurmalıdırlar”.
Babək Cahandarov