Asim Mollazadə: AŞPA-nın qərarı Avropa ilə Türkiyə arasında “Berlin divarının” inşasına bənzəyir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı qərarı çox təəssüf doğuran və ədalətsiz bir qərardır.
Bunu 1news.az-a açıqlamasında millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Asim Mollazadə AŞPA tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərar qəbul olunmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Avopa Şurasını yaradan ölkələrindən biri kimi, 1949-cu ildən bu təşkilatın üzvü olan bir dövlət kimi Türkiyəyə qarşı haqsız bir qərar qəbul edilib:
“Nədənsə Avropadan bir sıra istiqamətlərdə Türkiyəyə maneçiliklər törədilir. Məsələn, Türkiyə 60 ildən artıqdır ki, Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edib. Lakin bu günə qədər bununla bağlı müzakirələr heç bir nəticəsi olmadan davam edir. Həm iqtisadi, həm də demokratik mühitlə bağlı məsələlərdə Türkiyədən qat-qat geridə olan ölkələr Aİ-yə qəbul edilsə də, Türkiyə buna nail ola bilməyib”.
Hazırda Türkiyənin çox gərgin bir regionda terrorla mübarizə apardığını xatırladan A.Mollazadənin sözlərinə görə, bu mübarizə Türkiyədən kifayət qədər böyük güc səfərbər etməsini tələb edir:
“Avropa Şurasında və Aİ-də Türkiyə ilə NATO-da müttəfiq olan ölkələr Türkiyəyə dəstək vermək əvəzinə ona qarşı təzyiqlər edirlər. Belə çıxır ki, bəzi Qərb ölkələrində istənilən pozuntu olarsa ona göz yumulur, Türkiyədə isə əksinə, ən xırda problemləri belə qabartmağa çalışırlar.
Bu baxımdan AŞPA-nın son qərarı təəssüf doğurmaqla yanaşı, bir növ Avropa ilə Türkiyə arasında hansısa bir “Berlin divarının” inşası prosesinə bənzəyir. Bu isə Avropanın özünün təcrid olunmasına gətirib çıxaracaq. Narahatlıq doğuran amil ondan ibarətdir ki, Avropada sanki yenidən “səlib yürüşü” təfəkkürü ön plana çıxır, antitürkizm, islamafobiya kimi zərərli meyllər güclənir”.
AŞPA-nın qərarının hansı məqsədlərə və kimlərə xidmət etməsi məsələsinə gəlincə, millət vəkili hesab edir ki, belə bir qərar qəbul etməklə Qərb Türkiyəyə təzyiq göstərmək istəyir. Yəni, bu qərarın qəbul edilməsinin arxasında Türkiyənin müstəqil siyasət yürütməsini bəyənməyən, onu üçüncü sort ölkə statusunda görmək istəyən qüvvələr dayanır.
A.Mollazadə AŞPA-nın və digər Qərb təşkilatlarının Türkiyə əleyhinə qəbul etdikləri qərarlarının arxasında erməni lobbisinin dayandığını da diqqətə çatdırıb:
“Məlum olduğu kimi, bu gün Avropada, ABŞ-da yaşayan varlı, təşkilatlanmış erməni diaspor təşkilatları Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparırlar. Bu, onlarla yaxın əlaqədə olan siyasətçilərin fəaliyyətində də özünü açıq şəkildə büruzə verir. Bu, tək Azərbaycanla yox, Türkiyə ilə bağlı məsələlərdə də özünü göstərir. Ona görə də Avropa Şurasında Türkiyə ilə bağlı qəbul edilən qərarları haqsız qərarlar kimi qiymətləndirirəm. Ona görə də həm türkiyə, həm də Azərbaycan həqiqətləri üzə çıxarmaq üçün daha aktiv xarici siyasət yürütməlidirlər”.
Babək Cahandarov