Sahibə Qafarova: AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz qərarı daha böyük problemlərə gətirib çıxara bilər
Türkiyədə cərəyan edən proseslərin monitorinqə cəlb olunması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarı ədalətli deyil və konkret siyasi məqsədlərə xidmət edir.
Bunu 1news.az-a açıqlamasında millət vəkili, AŞPA-nın komitə sədri Sahibə Qafarova sözügedən qurum tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərar qəbul olunmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə hökuməti Qərb təşkilat və institutları ilə dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi iradə ortaya qoyduğu bir zamanda təşkilatın bu cür ədalətsiz qərar qəbul etməsi daha böyük problemlərə gətirib cıxara bilər.
Millət vəkili bildirib ki, son dövrlərdə nə qədər çətin bir mərhələni, mürəkkəb prosesləri yaşasa da Türkiyə Cümhuriyyəti demokratik təsisatların inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ciddi addımlar atmaqdadır.
“Ona görə də düşünürəm ki, AŞPA-nın bu müsbət addımları görməzdən gəlməsi, regionda və qitədə onsuz da kifayət qədər həssas olan situasiyanı düzgün dəyərləndirməməsi, bəsit siyasi maraqlara xidmət edən qərar qəbul etməsi ASPA-nın özünə də başucalığı gətirmir.
Biz çıxışlarımızda dəfələrlə qeyd etmişik ki, son dövrlər Qərbdə, Avropa təskilatlarında islamofobiya, antimüsəlman əhval-ruhiyyəsi yüksəlir və bu gələcəkdə çox təhlukəli nəticələrə səbəb ola bilər. Bu qərar da bir daha bizim narahatçılığımızın nə qədər haqlı olduğunu göstərdi.
Əlbəttə, Türkiyə böyük dövlətdir və elə Avropanın özündə baş verən proseslərdə də güclü mövqeyə malikdir. Bu tip qərarla Türkiyəyə təsir etmək, onu öz siyasətindən çəkindirmək mümkun deyil”.
Azərbaycanın məsələdəki mövqeyinə gəlincə, S.Qafarova Azərbaycanın həmişə olduğu kimi yenə də Türkiyənin yanında olduğunu və AŞPA-dakı nümayəndə heyəti olaraq bu qeyri-obyektiv qərarı pislədiklərini vurğulayıb.
Babək Cahandarov