Rasim Musabəyov: Tərəflər arasında dialoqun bərpa olunması müsbət haldır
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpa olunması müsbət haldır.
Bunu 1news.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov sabah Moskvada keçiriləcək Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, danışıqlarda ən böyük gözlənti ondan ibarət olacaq ki, nazirlər görüşəndən sonra ela etsinlər ki, bu görüş yeni danışıqlar raundunun başlanğıcıdır:
“Sonrakı danışıqlar olsa, nəzərdə tutulsa xarici işlər nazirləri onların gündəliyinin müəyyən edilməsi ilə bağlı iş aparmalıdırlar. Belə olacağı halda bu özü-özlüyündə tərəflər arasında dialoqun bərpası deməkdir”.
Danışıqların nə ilə nəticələnəcəyini deməyin çətin olduğunu düşünən R.Musabəyov istənilən halda tərəflər arasında dialoqun bərpasını müsbət addım kimi dəyərləndirib:
“Rusiya hələ ki, danışıqların bərpa olunmasına çalışır. Danışıqlar baş tutacaq, ya yox, baş tutacağı təqdirdə hansısa bir nəticəyə gətirib gətirməyəcəyi naməlum olaraq qalır. Hər halda tərəflər arasında dialoqun bərpa olunması müsbət haldır. Çünki məlum olduğu kimi, ermənilər son zamanlar müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırırdılar”.
Pərvanə Sultanova