Bakı aeroportunda yoxlama aparılıb
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkilini yoxlayıblar.
1news.az-a DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Azərbaycanda keçiriləcək mötəbər beynəlxalq tədbirlər, o cümlədən IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları ərəfəsində, həmçinin “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2017-ci il 20 fevral tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilib, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilib.
Gələcəkdə belə tədbirlərin digər dövlət sərhədindən buraxılış məntəqələrində də keçirilməsi nəzərdə tutulub.
1news.az