Şahin Mövsümov: “Tərəqqi” medalı növbəti uğurlar qazanmağımız üçün güclü stimul olacaq”
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümov “Tərəqqi” medalı ilə təltif edilib. Oxucuların diqqətinə “AS Group Investment”-in təsisçisi ilə “Tərəqqi” medalı, milli sahibkarlığın qarşısında duran strateji hədəflər və Qrupun planları haqqında müsahibəni təqdim edirik.
- Sizinlə bərabər 30-a yaxın sahibkarın dövlətin yüksək mükafatına layiq görülməsi, milli sahibkarlığın inkişafının artıq yeni bir mərhələyə qədəm qoyduğunu deməyə əsas verirmi?
- Milli sahibkarlıq artıq növbəti inkişaf mərhələsinə qədəm qoyub. Sahibkarlarımız inşaat sektorunda mühüm layihələr həyata keçirir, geniş çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları istehsal edir, göstərilən xidmətlərin çeşidini genişləndirir, ölkəmizə gələn turistlərə keyfiyyətli xidmət göstərirlər.
Ölkəmizdə yaradılan münbit şərait biznesin inkişafını təşviq edir. Hər bir sahənin, o cümlədən sahibkarlığın inkişafı kompleks yanaşma tələb edir. Bura dövlətin dəstəyi, təkmil qanunverici baza, siyasi və iqtisadi sabitlik və digər önəmli amillər aiddir.
Azərbaycan vətəndaşı bu gün sabit bir ölkədə yaşayır. Biz bu sabitliyə artıq vərdiş etmişik və uzunmüddətli planlar qururuq. Halbuki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi təhlükəsi, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, siyasi-iqtisadi böhran müstəqilliyimiz üçün çox ciddi təhlükəyə çevrilmişdir. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra siyasi-iqtisadi sabitlik təmin edildi, siyasi sistem formalaşdı, Konstitusiya qəbul olundu, “Əsrin müqaviləsi” və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə müqavilələr imzalandı, gələcək iqtisadi inkişafın təməli qoyuldu.
Qeyd etmək istəyirəm ki, dövlətin dəstəyi, yaradılan müvafiq qanunverici baza, siyasi və iqtisadi sabitlik milli sahibkarlığın yaranması və inkişafı üçün münbit şərait yaratdı. Məhz bu dövrdə, 2003-cü ildə “AS Group Investment” Şirkətlər qrupunun əsası qoyuldu. Bu günədək “AS Group Investment” mülki və inzibati binaların, həmçinin sənaye obyektlərinin tikintisini, infrastruktur layihələrini əhatə edən 40-dək layihəni uğurla başa çatdırıb. “AS Group Investment”ə məxsus müəssisələrdə beton, beton məmulatları, dəmir-beton məhsulları, armokarkas istehsal olunur, 230-dan çox inşaat və istehsalat texnikası həm bizim, həm də digər təşkilatların ehtiyaclarını ödəyir.
Qürurla deyə bilərəm ki, biz investisiya cəlb edən şirkətdən, investisiya yatıran şirkətə çevrilmişik. Belə ki, 2011-ci ildə fəaliyyət coğrafiyamızı daha da genişləndirərək, Gürcüstana investisiya yatırmışıq. “AS Group İnvestment”in törəmə şirkəti olan “AS Georgia” Gürcüstan bazarını geniş araşdıraraq, yeni fəaliyyət sahələrinin yaradılması perspektivlərini nəzərdən keçirir. Hazırda “AS Group Investment”də 1000-dən çox insan çalışır və bununla da biz məşğulluğun təmin olunmasına öz önəmli töhfəmizi veririk.
Bütün bunları sadalamaqda məqsədim, bizim qısa müddət ərzində keçdiyimiz yolu vurğulamaqdır. Əminəm ki, mənimlə bərabər dövlət başçısı tərəfindən təltif olunan digər sahibkarlar da, qısa müddət ərzində böyük uğurlara imza atmışlar. Fürsətdən istifadə edib, “Tərəqqi” medalı ilə təltif edilmiş digər sahibkarları da səmimi qəlbdən təbrik edirəm. Azərbaycan sahibkarlığının qazandığı uğurlarda Prezident İlham Əliyevin dəstəyi, qayğısı və diqqəti böyük rol oynayıb. Sahibkarlıq nümayəndələrinin “Tərəqqi” medalı ilə təltif olunması bu diqqətin bariz nümunəsi, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin davamıdır. Əminəm ki, “Tərəqqi” medalı növbəti uğurlar qazanmağımız üçün güclü stimul olacaq.
- Sizin fikrinizcə, növbəti inkişaf mərhələsində milli sahibkarlığın qarşısında hansı strateji hədəf və vəzifələr durur?
- Azərbaycan sahibkarlığının növbəti strateji hədəfi Azərbaycan nefti qədər tanınacaq brend məhsulları istehsal edib, dünya bazarlarına ixrac etməkdir. Milli sahibkarlığın dayanıqlılığını və inkişafını təmin etmək üçün ölkə daxilində bütün lazımi şərait yaradılıb.
2016-cı ildə Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bu, həm əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, həm də tikinti şirkətlərinə dəstək baxımından çox vacib bir addım idi.
Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günədək 32 mindən çox sahibkara 2 milyard manata yaxın güzəştli şərtlərlə kredit verilib. 2016-cı ildə ölkənin vergi sistemində əsasən sahibkarlıq fəaliyyətini əhatə edən əhəmiyyətli islahatlar aparılıb, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat layihələri reallaşdırılır. Bütün bu görülən işlər beynəlxalq reytinqlərdə də öz əksini tapıb. Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanan Qlobal rəqabətə davamlılıq reytinqində Azərbaycan keçmiş Sovet İttifaqı respublikaları arasında yalnız Estoniya və Litvadan geri qalaraq, 37-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycanda məhsuldar fəaliyyət üçün hər bir şərait yaradılıb. Sahibkarların qarşısında duran əsas vəzifə yerli və xarici bazarların tələb və istəklərini düzgün araşdırmaqla, keyfiyyətli məhsul və xidmətlər istehsal etməkdir.
- Bu istiqamətdə “AS Group Investment” şirkətlər qrupunda hansı işlər həyata keçirilir?
- “AS Group Investment” Azərbaycanda daha çox developer fəaliyyəti ilə tanınır. Uzun illərdir ki, “AS Group Investment” regionun tikinti sektorunda müxtəlif profilli layihələr həyata keçirir, tikinti materialları istehsal edir. 2014-cü ildə “AS Group Investment” Tbilisi şəhərində regionun ən iri yaşayış kompleksinin – “Dirsi”nin tikintisinin 1-ci mərhələsini uğurla başa çatdırıb. 2016-cı ildə Buzovna qəsəbəsində “Villa Siena” lüks klass villalar kompleksinin, bu ilin əvvəlində isə Mingəçevir şəhərində “Park Residence” premium klass yaşayış binasının tikintisi üzrə işlər uğurla yekunlaşdırılıb.
Artıq bu ilin sonunda “Renessans Palace” premium klass yaşayış binasının tikintisini başa çatdırmağı planlaşdırırıq. Bununla yanaşı, su-kanalizasiya sistemlərinin qurulması, çirkab suların emalı üzrə qurğuların quraşdırılması layihələrində “AS Group Investment”ə məxsus Yevlax dəmir-beton məhsulları zavodu fəal iştirak edir. Müəssisədə istehsal olunan beton elementlər Azərbaycanın 20-dən çox rayonunda həyata keçirilən layihələrdə geniş tətbiq olunub. İstehsal etdiyimiz beton məmulatları dövlət əhəmiyyətli layihələrdə, abadlaşdırma işlərində geniş istifadə olunur.
“AS Group Investment”in strateji inkişaf planı yalnız Azərbaycan və Gürcüstanla məhdudlaşmır. Rusiya, Türkiyə, İran, Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya daşınmaz əmlak bazarları ətraflı araşdırılır, fəaliyyətimizin bu ölkələrə doğru genişləndirilməsi perspektivləri nəzərdən keçirilir.
Fəaliyyət coğrafiyası ilə yanaşı olaraq, “AS Group Investment” həm də fəaliyyət sahələrini genişləndirir. 2016-cı ildə Hövsan qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və ixracını əhatə edən Aqroparkın yaradılmasına başlanıldı. İlkin mərhələdə Aqroparkda pomidor və çiyələk (o cümlədən Azərbaycanda ilk dəfə olaraq ağ çiyələk) istehsal olunacaq. Pilot layihə çərçivəsində istehsal olunan ilk məhsul artıq yaxın aylarda daxili və xarici bazarlara çıxarılacaq.
Azərbaycanın mülayim iqlim şəraiti, o cümlədən ilin 230-260 gününün günlü olması, istixanalarda qazın istifadəsini minimuma endirir. Bu isə məhsulların qiymətinin xarici bazarlarda rəqabətə davamlılığını artırır. Məhz bunu nəzərə alaraq, Aqroparkda istehsal olunacaq məhsulların Yaxın Şərq, Avropa İttifaqı, Rusiya və Qazaxıstan bazarlarına ixrac olunması nəzərdə tutulub.
Göründüyü kimi, kifayət qədər görüləcək işlər var. Dövlət başçısının dəstəyi, zəngin təcrübəmiz və gərgin əməyimizlə qarşımızda duran bütün vəzifələrin öhdəsindən gələcəyimizə əminəm.
1news.az