13 312 nəfər şəxs birdəfəlik maddi yardım alıb
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi təmin edilib.
1news.az-a nazirlikdən verilən məlumata görə, ümumilikdə 13 312 nəfər şəxs birdəfəlik maddi yardım alıb.
Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib. Qalan 12 549 nəfər isə bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır ki, onların da hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.
Həmin insanlara yönələn birdəfəlik yardımların məbləğində vaxtaşırı olaraq artımlar edilir. Bu istiqamətdə növbəti addım kimi, 2016-cı ildən etibarən bu maddi yardımların məbləği 25 faiz artırılıb və müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Ümumilikdə Azərbaycan MDB-yə üzv ölkələr arasında hər il Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardımın verildiyi ölkədir.
Pərvanə Sultanova