BƏƏ-də ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd edilib
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.
1news.az-a səfirlikdən verilən məlumata görə, Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistanın BƏƏ-dəki diplomatlarının da qatıldığı tədbirin açılışında çıxış edən səfir Daşqın Şikarov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixinin XX-XXI əsrlərdəki müstəsna əhəmiyyətindən bəhs edib.
Diplomat ulu öndərin SSRİ və post SSRİ dönəmlərindəki Azərbaycan üçün gördüyü mühüm işlərə geniş yer ayırıb. Vurğulayıb ki, məhz dahi şəxsiyyətin ardıcıl müdrik siyasəti hesabına Respublikamız istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində dinamik inkişafa imza atıb, geniş iqtisadi və sosial intibah dövrünə qədəm qoyub.
Ümummilli liderin həyatına keçən səfir Heydər Əliyevin fitri və zehni istedadı, eləcə də təhsildə mükəmməl nəticələri sayəsində Azərbaycan SSR-ə rəhbərlik etdiyini, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində və SSRİ Nazirlər Sovetində yüksək postlar tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, məhz ulu öndərin qətiyyəti nəticəsində ermənilərin Dağlıq Qarabağı ilhaq etməsi üzrə planların puç olduğunu vurğulayıb.
D.Şikarov müstəqilliyimizin ilk illərinə nəzər salaraq, 1992-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən acınacaqlı ictimai-siyasi, iqtisadi və hərbi vəziyyət haqqında qonaqları ətraflı məlumatlandırıb. Xüsusilə qeyd edib ki, dahi şəxsiyyətin məhz xalqımızın təkidi ilə 1993-cü il 15 iyun tarixində hakimiyyətə qayıdışı ölkəni fiziki məhvindən qurtarıb, demokratik dəyərlərin bərqərar olmasına səbəb olub və bəhrələrinin bu gün də gördüyümüz hərtərəfli inkişaf yolunun, enerji strategiyasının təməlini qoyub.
Sonra səfir bildirib ki, həqiqi Ali Baş Komandan keyfiyyətlərini də özündə ehtiva edən məhz Heydər Əliyev pərakəndə olan milli ordunun vahid mərkəzdə cəmləşdirməyi bacarıb və ölkəmizin Avro-Atlantik məkana inteqrasiya kursunun, o cümlədən Qərblə əlaqələrin, İslam və ərəb dünyası ilə isə tarixi əlaqələrin milli maraqlarımız prizmasından yenidən təşkilinin memarıdır.
Heydər Əliyev irsinin yetişən nəsillərə çatdırmaqla yanaşı, humanitar, mədəniyyət və təhsil sahələrində layihələrin icrası vasitəsi ilə Heydər Əliyev şəxsiyyətinin həm ölkənin daxilində, həm də dünya miqyasında daha da geniş tanıdılması işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti haqqında müfəssəl məlumat verən səfir D.Şikarov Fondun gördüyü bütün işlərin və həyata keçirdiyi layihələrin Heydər Əliyev adının milyonlarla insanın qəlbində yaşatdığını qabardıb.
Sonra nitq söyləyən Baş Konsul Pərviz İsmayılzadə ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolundan geniş danışarkən bu yolun SSRİ təhlükəsizlik və siyasi sistemlərdəki keşməkeşli olduğuna diqqət çəkib, ermənilərin Kremldəki havadarlarının dəstəyi ilə ümummilli liderə qarşı məkrli planlarına toxunub.
Nitqi əsnasında, baş konsul eyni zamanda dahi liderin cızdığı siyasi və iqtisadi strategiyadan söhbət açaraq qonaqlara bildirib ki, Heydər Əliyev bu gündə də öz aktuallığını qoruyub saxlayan ölkəmizin uğurlu beynəlxalq və regional siyasətin müəllifidir. Bu siyasət ölkəmizin qlobal səviyyədə həm siyasi, həm də iqtisadi önəmini artırıb.
Daha sonra baş konsul P.İsmayılzadə ulu öndər Heydər Əliyevin xalqın təkrarlı çağırışları ilə tarixi qayıdışından əvvəlki və sonrakı dövrlər arasında paralellər aparıb, Ümummilli Liderin dahiliyini təsdiqləyən məqamları qabardıb.
Çıxışların ardınca qonaqlar Heydər Əliyev haqqında sənədli filmi və 4-cü İslam Həmrəyliyi Oyunları haqqında video çarxı izləyib, eləcə də bu Oyunlara həsr edilən foto stendlə tanış olublar. Tədbir süfrə arxasında davam edib.
Pərvanə Sultanova