Bakıda Azərbaycan-Rumıniya Təhsil Forumu keçirilir
Bu gün Bakıda Azərbaycan-Rumıniya birinci Təhsil Forumu başlayıb.
1news.az-ın məlumatına görə, forumda Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşiv (Gigel Paraschiv) rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Nümayəndə heyətinin tərkibinə bu ölkənin 10 aparıcı universitetinin rektorları, digər təmsilçiləri daxildir.
Təhsil nazirinin müavini Qiqel Paraşiv bildirib ki, Bakıda keçirilən Azərbaycan-Rumıniya Təhsil Forumu ölkələrimizdə təhsil sistemlərinin islahatı sahəsində təcrübə mübadiləsi üçün bir fürsətdir.
O qeyd edib ki, forum çərçivəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. İki ölkənin təhsil nazirliklər arasındakı əməkdaşlığa Rumıniyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə təqaüd verilməsi də daxildir.
Nazir müavininin sözlərinə görə, Azərbaycan və Rumıniyanın təhsil sahələri üzrə ekspertiza həyata keçiriləcək. Bunun nəticələrinə əsasən, əməkdaşlığın perspektivləri müəyyənləşdiriləcək. Onun fikrincə, universitetlər arasında yeni əlaqələrin yaradılması tələbə və müəllimlər üçün əlverişli imkanlar açır.
Nazir müavini hazırda Azərbaycandan 50 tələbənin Rumıniyada təhsil aldığını deyib.
Qeyd edək ki, iki günlük təhsil forumu Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr edilib.
Pərvanə Sultanova