Azərbaycan və Rumıniya təhsil sahəsində əlaqələri genişləndirir
“Piteşti Universiteti Rumıniyanın cənubunda yerləşir. Bizim təhsil sahəsində 50 ildən artıq təcrübəmiz var”.
Bunu 1news.az-a açıqlamasında universitetin vitse-rektoru Emanuel Soare deyib.
O bildirib ki, Azərbaycanla təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdırlar:
“Artıq bir çox yerli universitetlərlə danışıqlara başlamışıq. Ümidvaram ki, Bakıda keçirilən Azərbaycan-Rumıniya təhsil forumu kimi tədbirlər bir çox tərəfdaşlarımızın müəyyən edilməsində önəmli rol oynayacaq.
Bizim 10 minə yaxın tələbəmiz var. Tələbələri altı fakültə üzrə qəbul edirik. Beynəlxalq bazarın tələblərinə uyğun olaraq bu fakültələri tələbələrə təqdim edirik. Tələbələrə 60 magistr ixtisası üzrə 70 proqram təklif olunur. Universitetimiz demək olar ki, arxitektura, tibb və tikintidən başqa bütün akademik sahələri əhatə edir”.
Qeyd edək ki, 24-25 may tarixlərində Bakıda birinci Rumıniya-Azərbaycan Təhsil Forumu keçirilib.
Forum çərçivəsində Azərbaycanın 4 universiteti ilə Rumıniyanın 4 universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanəb.
Rumıniyanın Azərbaycandakı səfiri Dan Yankunun sözlərinə görə, forumunun əsas məqsədi universitetlərarası əməkdaşlığı inkişaf etdirmək, həmçinin tələbə, müəllim mübadiləsi və elmi araşdırmalar həyata keçirməkdir.
Səfir bildirib ki, əməkdaşlıq üçün iki ölkə arasında ilk hadisə olan bu Universitet Forumu Rumıniya və Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ərəfəsinə təsadüf edir.
Diplomatın sözlərinə görə, Rumıniyada təhsil, xüsusilə neft və qaz, tibb sahəsində ali təhsil Avropada ən yüksək keyfiyyətlilərdən biridir.
Rumıniya həm rumın, həm də ingilis dillərində bir sıra təhsil proqramları təklif edir:
Qeyd edək ki, forum iki gün davam edib. Forumun ikinci günü Rumıniya universitetlərinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət edib, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Bakı Dövlət Universitetində (BDU) keçirilən görüşdə Rumıniyanın İaşinin “Alexandru Ioan Cuza” Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universitetinin prorektorları – Liviu Dan Miron, İonel Mangalagiu, eyni zamanda, diplomatik müşavir Mihaela İanku iştirak edib.
Rektor, akademik Abel Məhərrəmovla görüşdə universitetlərarası əlaqələr, ikili proqramlar, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib.
Görüş Kimya, Biologiya, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin mütəxəssisləri ilə davam edib və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycan Dillər Universitetində keçirilən görüşdə isə Rumıniyanın Təhsil və elmi araşdırmalar nazirinin müavini Qiqel Paraskivin rəhbərlik etdiyi, Rumıniyanın 10 qabaqcıl ali təhsil müəssisəsinin rektor və prorektorlarından ibarət nümayəndə heyəti iştirak edib.
ADU-nun rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev ADU-nun dünyanın nüfuzlu universitetləri ilə təhsil sahəsində uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. Rumıniya universitetləri ilə əlaqələrdən danışan professor Ə.Abdullayev universitetlərarası müəllim və tələbə mübadiləsinin vacibliyindən də söz açıb. O, ADU-da açılması planlaşdırılan Rumıniya Mərkəzinin həmin ölkənin dilinin, tarixinin, mədəniyyətinin tədris olunmasında böyük rolunun olacağını sözlərinə əlavə edib.
Rumıniya və Azərbaycan universitetləri arasında güclü və hərtərəfli əlaqələr olduğunu deyən Q.Paraskiv Rumıniya və ADU arasında əlaqələrin müsbət nəticələrinin olacağına əminliyini ifadə edib. Qonaq ADU-da açılacaq Rumıniya Mərkəzini Rumıniya universitetlərinin dəstəyi ilə materiallarla təchiz etməyə hazır olduqlarını qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan-Rumıniya Universitetlərarası Forumu mayın 24-də öz işinə başlayıb və Forumda iştirak etmək üçün Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri Azərbaycana səfər edib.
Pərvanə Sultanova