İslamiadada iştirak edən Somalidən olan idmançılar ölkələrinə qayıtmaq istəməyib
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Somalidən olan iki idmançı öz ölkələrinə qayıtmayıb.
1news.az “Sputnik”ə istinadən xəbər verir ki, onlar Bakıda gəzintiyə çıxıb, təyyarəni buraxıblar və vətənə qayıtmayıblar.
Əvvəlcə onların yeri barədə heç nə məlum olmayıb. Polis onları axtarıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, əcnəbi idmançılar burada qalaraq Azərbaycandan üçüncü ölkəyə getmək qərarına gəliblər.
"İtkin idmançılar"ın adları açıqlanmayıb. Yalnız o məlum olub ki, onlar yüngül atletikanın qaçış növü ilə məşğuldurlar.
Qeyd edək ki, Somalidən olan nümayəndə heyətinin tərkibi kiçik olub, yığma komandanı cəmi 8 nəfər təmsil edib. Məlumdur ki, 800 metrlik məsafəyə qaçışda Somalidən Əhməd Ədissalam çıxış edib və 12-ci yeri tutub. 1500 metrə qaçışda isə Somalini Hassan Ali təmsil edib və 16-cı yerlə kifayətlənməli olub. Amma hələlik geri qayıtmayanların məhz həmin iki idmançının olub-olmadığını müəyyən etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyindən bildiriblər ki, bu gün günün ikinci yarısında həmin Somali vətəndaşları tapılıb. Artıq həmin iki şəxs polisin iştirakı ilə ölkələrinə yola salınıblar.
Qeyd edək ki, Somalidə silahlı toqquşmalar davam edir. Beynəlxalq KİV xəbər verir ki, ölkədə fəlakətli dərəcədə qida çatışmazlığı mövcuddur. Ona görə də somalili atletlər vətənə qayıtmaq istəməyiblər.
1news.az