Lapşinin istintaqı yekunlaşıb
Bakıda həbsdə olan bloqer Alenksandr Lapşinin barəsindəki cinayət işinin istintaqı başa çatıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.
Vəkil bu gün Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində A.Lapşinlə görüşüb:
"Hazırda tibb məntəqəsində müalicə olunur. Müalicələri davam etdirilir, özünü normal hiss edir, vəziyyətində kəskinləşmə yoxdur. Bu gün müstəntiq də cinayət işinin istintaqının yekunlaşmasını elan etdi. Mayın 30-da istintaq materialları tanış olmaq üçün mənə təqdim ediləcək və sonra məhkəməyə göndəriləcək".
Xatırladaq ki, A.Lapşin bir müddət əvvəl səhhəti ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişdi. O, təcridxana nəzarətçilərinin müşayiəti ilə Bakıdakı özəl klinikalardan birinə aparılıb və orada müayinə olunub. Müayinə zamanı ona "ürəyin taxikardiyası" diaqnozu qoyulub. Müayinələrdən sonra Lapşin təcridxananın tibb məntəqəsinə köçürülüb.
İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.
Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.
Mövzu ilə əlaqədar oxuyun:
Lapşinin ekstradisiyası ilə bağlı 4 başlıca bənd
S.Xankişiyeva