İlham Əliyev Həsən Ruhanini yenidən prezident seçilməsilə əlaqədar təbrik edib
Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran Prezidentinə və xalqına təbriklərini çatdırmış, Həsən Ruhaniyə Prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə etmişdir.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirmiş, öz növbəsində müqəddəs Ramazan ayı və 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etmiş, xalqımıza firavanlıq diləklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhlükəsizlik məsələləri, Şimal-Cənub dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf etmiş və xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxıb. Bildirilib ki, prezidentlər səviyyəsində bir çox qarşılıqlı səfərlər həyata keçirilib və bir sıra çox önəmli müqavilələr imzalanıb. Əldə edilmiş bütün razılaşmalar və imzalanıb sənədlər uğurla icra olunur.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.
S.Xankişiyeva