Putin Türkiyəyə qarşı bəzi məhdudiyyətləri aradan qaldırıb
Rusiya Prezidenti Vladimir Putin “Türkiyə Cümhuriyyətinə qarşı bəzi xüsusi iqtisadi tədbirlərin ləğv edilməsi barədə” fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, Putin əsasən Türkiyə kompaniyalarının Rusiya ərazisində fəaliyyəti üzrə məhdudiyyətləri və Türkiyə vətəndaşlarının Rusiya ərazisində işləməsi ilə bağlı qadağanı aradan qaldırıb.
Həmçinin 2016-cı il yanvarın 1-dən etibarən dayandırılan Rusiya və Türkiyə vətəndaşlarının vizasız səfərləri barədə sazişin fəaliyyəti də qismən bərpa edilib.
Viza məhdudiyyətinin aradan qaldırılması ilk növbədə Türkiyə Respublikasına məxsus təyyarələrin ekipaj üzvlərinə, həmçinin etibarlı xidməti pasportları olan və Rusiyaya qısamüddətli ezamiyyətə, o cümlədən diplomatik nümayəndəlik və konsulluq müəssisələrinə gələn Türkiyə vətəndaşlarına və onların ailə üzvlərinə şamil olunur.
Rusiya Xarici İşlər Nazirliyinə müəyyən olunmuş qaydada Türkiyə və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri barədə hər iki ölkənin hökumətləri arasında sazişin “qismən bərpa olunması haqda Türkiyəyə bildiriş” göndərmək tapşırılıb.
S.Xankişiyeva