Məryəm Üzərli ilk dəfə Bakıya gələcək - VİDEO

Türkiyəli aktrisa, “Möhtəşəm yüzil” tarixi serialında Hürrəm Sultan obrazı ilə dünya şöhrəti qazanan Məryəm Üzərli ilk dəfə Azərbaycanın paytaxtına səfər edəcək.
1news.az xəbər verir ki, serial ulduzu baş qadın rolunu ifa etdiyi “İmrozda Bahar” filminin premyerası ilə əlaqədar Azərbaycana gələcək. Filmin Bakı premyerası noyabrın 4-də baş tutacaq.
“İmrozda Bahar” rejissor Özcan Alperin romantik dram janrında çəkdiyi filmdir. Hadisələr Türkiyənin tarixi adı İmroz olan Gökçeada adasında cərəyan edir.
Filmin süjet xəttinin mərkəzində yaradıcılıq böhranı yaşayan yazıçı Arif (Halit Ergenç) dayanır. O, yenidən ilham tapmaq ümidi ilə adaya yollanır. Burada üç il əvvəl həyat yoldaşını və oğlunu itirmiş Sonya (Məryəm Üzərli) ilə tanış olur. Zaman keçdikcə qəhrəmanlar arasında yaxınlıq yaranır. Bu münasibət onlara yaşadıqları ağrı ilə üzləşməyə və həyata yenidən başlamağın mümkünlüyü barədə düşünməyə kömək edir.
Qeyd edək ki, “Möhtəşəm yüzil” serialında Hürrəm Sultan və Sultan Süleyman obrazları ilə tanınan Məryəm Üzərli və Halit Ergenç 15 ildən sonra yenidən eyni filmin çəkiliş meydançasında bir araya gəliblər.











