Novruz Məmmədov: "Üçtərəfli formatlarda əməkdaşlıq regional təhlükəsizliyə xidmət edir"
"Bu gün dünyada çox mürəkkəb və gərgin proseslər baş verir. Belə olan halda Azərbaycan-Türkiyə-Gürcüstan kimi əməkdaşlıq formatlarına zərurət var".
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
O, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatının öz töhfəsini verdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin bu əməkdaşlığa misal olduğunu bildirib. Prezidentin köməkçisi qeyd edib ki, bu üçtərəfli əməkdaşlığın böyük perspektivləri var və bu, davam etdirilməlidir.
N.Məmmədov bildirib ki, son illərdə Azərbaycanın iştirakçısı olduğu bir sıra üçtərəfli əməkdaşlıq formatları fəasliyyət göstərir: "Azərbaycan-İran-Rusiya formatı da vacibdir və inkişaf etdirilməlidir”.
Azərbaycan-Türkiyə-Gürcüstan formatının əhəmiyyətini vurğulayan PA rəsmisi əlavə edib ki, Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın Avropa İttifaqı ilə yaxın münasibətləri bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur:
“Əksinə, bizim əməkdaşlığımız regional təhlükəsizliyin inkişafına xidmət edir. Cənub Qafqaz regionunun əhəmiyyətli olduğu məlumdur. Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ortaya qoyduğu ərazi iddiaları, geosiyasi iddialar bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bəzi ölkələrə qarşı sanksiyalar tətbiq olunur. Nə üçünsə Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur. Dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir. Beynəlxalq münasibətlərdə ədalət yoxdursa başqa, dəyərlərdən danışmaq normal görünmür”.
1news.az