Oyuncaq xuntada Azərbaycanın Qarabağ üzərində yurisdiksiyası etiraf edilib
Qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq xunta yanında mülki aviasiya idarəsinin rəisi Dmitri Adbaşyan Ermənistanda çıxan “Aykakan jamanak” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib və bununla da “miatsum” barədə mifin əsassızlığını sübut edib.
O deyib: “Aeroport (Xocalı aeroportu – AZƏRTAC) istənilən vaxtda uçuşlar keçirə bilər, lakin bunun üçün Azərbaycanın icazəsi zəruridir”.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mülki aviasiya işçisi olan insan bunu bilməyə bilməz ki, hava limanlarının fəaliyyət göstərməsinə icazəni yalnız müvafiq aeroportun yerləşdiyi ərazi üzərində yurisdiksiyaya malik olan qanuni hökumət verir. Əgər Dmitri Adbaşyan Xocalı aeroportunun işləməsi üçün Azərbaycanın icazə verməsinin zəruri olduğunu deyirsə, deməli o, Bakının Dağlıq Qarabağ üzərində yurisdiksiyasını tanıyır. Lakin bir halda ki, bu sözləri “DQR hökuməti”ni təmsil edən adam deyir, deməli bu, bütün xuntanın fikridir.
Adbaşyanın sözlərinə görə hər şey Azərbaycanın xoş məramından asılıdır, lakin “bu ölkə belə məram göstərmir”. Bax, buna əsil erməni fitnəkarlığı deyərlər. Soruşmaq lazımdır, nə üçün Ermənistan xoş məram nümayiş etdirərək Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etmək istəmir?! Qəribə vəziyyət yaranır – ermənilər başqa ölkənin torpaqlarına soxulublar, onun ərazisinin bir hissəsini işğal ediblər, indi də “xoş məram” barədə danışırlar.
Adbaşyan daha sonra birdən-birə “insan haqları”nı xatırlamağa başlayır. O deyir: “Bizə müxtəlif beynəlxalq təşkilatlardan olan adamlar gəlir, suallar verirlər. Mən hamıya izah edirəm: siz İnsan Haqları Bəyannaməsini qəbul etmisiniz, onu Ermənistan da, Azərbaycan da, Türkiyə də imzalayıb. Bu Bəyannamədə yazılıb ki, insan haqlarının həmin insanların yaşadığı ərazinin statusuna dəxli yoxdur. Bu ərazi tanınmış olsa da, olmasa da, hər kəsin bərabər hüquqları, o cümlədən yerdəyişmə azadlığı hüququ var”.
Bax, burada bir qədər ətraflı şərhə ehtiyac var. Qoy Adbaşyan ilk növbədə öz rəislərindən soruşsun ki, insanı öz ata evində yaşamaq hüququndan məhrum etməyin ərazi statusuna nə dəxli var?! O, Qarabağ ermənilərinin yerdəyişmə hüquqlarını birdən-birə xatırlayıb, amma Dağlıq Qarabağ əhalisinin üçdə bir hissəsini təşkil edən Azərbaycan icmasının öz evlərində yaşamaq hüququnu unudub. Bəs bu hüquq harada qaldı?! Ona riayət edilirmi?! Bəs Serj Sarkisyanın və Bako Saakyanın bandasının qarabağlı azərbaycanlıları öz evlərinə qaytarmaq kimi “xoş məramı” harada qalıb ki, bu dəstə “qarabağ xalqının”, yəni, bütün qarabağlıların adından çıxış etməyə özündə cəsarət tapır?! Nəyə görə Qarabağ erməniləri Qarabağ azərbaycanlılarından artıq hüquqa malik olmalıdırlar?!
Buna görə də iki icmadan ibarət Qarabağ əhalisinin bütövlüyü bərpa edilənə və oradan qovulmuş icma öz evlərinə qayıdana qədər Adbaşyanın “nə üçün Qarabağ xalqının yerdəyişmə hüququ yoxdur” sualına cavab yalnız belə olacaq: Dağlıq Qarabağda ermənilər ya Azərbaycan Respublikasının tərkibində Azərbaycan icması ilə çiyin-çiyinə yaşayacaqlar, ya da, ümumiyyətlə, Qarabağda yaşamayacaqlar, onlar “bir istiqamətdə bilet almaqla” özlərinin fundamental yerdəyişmə hüququndan istifadə edərək hara istəsələr gedə bilərlər. İnanın ki, bunun naminə Bakı hətta aeroportun açılmasına icazə verməyə hazır olacaq.
S.Xankişiyeva