Qulaqlarımızın musiqili düşməni – ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Qulaqlarımızın musiqili düşməni – ARAŞDIRMA

14:40 - 07 / 06 / 2017
Qulaqlarımızın musiqili düşməni – ARAŞDIRMA

Son vaxtlar gündəlik həyatımızda qulaqlıqlarla musiqi dinləyən insanlarla daha çox rastlaşırıq. Onların əksəriyyəti gənclər olsa da, orta yaşlılar arasında da qulaqlıqlarla musiqi dinləyənlərə rast gəlmək mümkündür.

Qulaqlıqdan tez-tez istifadə edən Nicat deyir ki, artıq 4 ildir bu işin “xəstəsidir”. Qulaqlıqla əsasən musiqi dinlədiyini deyən Nicat bəzi hallarda radioda xəbərlərə qulaq asdığını da söyləyir: “Uşaqlıqdan musiqini çox sevirəm. Ona görə də imkan olan kimi musiqi dinləyirəm. Qulaqlıqdan istifadə edəndə isə həm ətrafdakılara mane olmursan, həm də başqa səsləri eşitmirsən və beləcə musiqidən zövq alırsan”.

Mağazaların birində satıcı işləyən Vüsalə isə qulaqlıqla musiqi dinləməsini həm də əsəbi olması ilə izah edir: “Yolda hərəkət edərkən maşınların siqnalları, insanların uca səslə danışmaları məni çox əsəbiləşdirir. Qulaqlıqla musiqi dinlədikdə isə bu səsləri eşitmirəm, əksinə, musiqi dinlədikcə rahatlanır, gün ərzində aldığım gərginlik yükünü azaltmağa çalışıram”.

Vüsalə qulaqlıqdan istifadənin zərərli olduğunu bilsə də, bu vərdişindən əl çəkmək niyyətində olmadığını da söylədi: “Qulaqlıqların insan səhhətinə zərərindən xəbərdar olsam da, ondan imtina etmək fikrində deyiləm. Çünki bu artıq məndə vərdişə çevrilib”.

Gənclər arasında eşitmə zəifliyi artıb

Məsələnin ciddiliyi ondan ibarətdir ki, son zamanlar eşitmə zəifliyi şikayəti ilə həkimə müraciət edən gənclərin sayı artıb. Məlum olub ki, gənclərdə vaxtından əvvəl eşitmə zəifliyi əsasən onların daimi olaraq qulaqlıqlardan istifadə etməsinə görə yaranır.

Amerikada aparılan bir araşdırma ilə yüksək səslə musiqi dinləyən gənclərin yarıdan çoxunun eşitmə problemi ilə qarşı-qarşıya olduğu ortaya çıxıb. Araşdırmaya görə, səs səviyyəsini yüzdə yüz tutumla istifadə edərək 5 dəqiqədən çox dinləmək eşitmə itkinləri meydana gətirə bilir. Musiqi dinlərkən cihazın səs səviyyəsinin yüzdə 60-ının açılması və gündə ən çox 1 saat musiqi dinləmək uyğundur. Halbuki gənclərimizin çoxu yüksək səslə, üstəlik də saatlarla musiqi dinləyir və bu yeni cihazlar eşitmə itkisi riskini getdikcə artırır.

Mütəxəssislər isə deyirlər ki, 80 desibeldən daha çox səsə məruz qalmaq qulağa zərər verə bilər.

Onlar xəbərdarlıq edirlər ki, qulaqcığın gur səsindən uzunmüddətli istifadə eşitmə zəifliyinə səbəb olur. Xüsusilə metrolarda səs-küyü üstələyərək musiqi dinləməyə çalışan gənclər yüksək səslə musiqiyə qulaq asmağa üstünlük verirlər. Qulaq pərdələrinə belə təsirin hər gün olması isə təbii ki, insan orqanizminə fəsadsız ötüşmür. Bu hətta gələcəkdə eşitmə qabiliyyətinin zəifləməsinə və yaxud karlığa da gətirib çıxara bilər.

Aparılan araşdırmalar zamanı qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmənin eşitmə itkisinə səbəb olduğu məlum olub. Prof. İrfan Papila gəncləri xəbərdar edərək yüksək səsin iç qulağa ziyan verərək gəncləri kar etdiyini deyib:

“Cib telefonu və walkman kimi vasitələrin səsini sonuna qədər açdığınızda, yüksək səsi qulaq kanalından içəri vermiş olarsınız. Bu vəziyyət iç qulağa ziyan verir. Səs-küyə bağlı eşitmə itkinlərinə “akustik zədə” deyilir. Bu vərdişin qulaq zingildəməsi, yuxu pozuqluqları, narahatlıq və yüksək təzyiq kimi narahatlıqları da özü ilə gətirir”.

İnsanların gündəlik həyatda davamlı səs-küyə məruz qaldığını yazan Papila, 80 desibeldən daha çox səsə məruz qalmanın qulağa zərər verə biləcəyini söyləyib: “Pıçıltı 30, normal danışma 60, yol və avtomobillər 80, walkman və cib telefonlarının səs çıxışları 60-120 desibel olduğu bilinir. Bununla birlikdə şimşək 120, tüfəng 140 desibeldir. Bu nisbətlərə baxdığımızda insan qulağının davamlı səs-küyə məruz qaldığını söyləyə bilərik. Buna görə qulaqlarımızı mümkün qədər səs-küydən uzaq tutmalıyıq”.

Qulaqların səs-küydən qorunmasını vacib sayan Papila, səsi çölə verən və qulağın içinə girməyən qulaqlıqların istifadə edilməsini tövsiyə edir: “Eşidə biləcəyinizindən artıq yüksək səslə musiqi dinləmənin qulağa zərər verdiyini unutmayın. Qəflətən səs-küylə qarşılaşdınızsa, qulaqlarınızı əllərinizlə qorumağa çalışın. Uzun müddət cib telefonu və qulaqlıq istifadə etməkdən qaçın”.

Mağazalarda zərərli və keyfiyyətsiz qulaqlıqlar satılır

İnsanların səjhhətində, xüsusən də eşitmə orqanlarında problemlərin yaranmasının başlıca səbəblərindən biri də onların keyfiyyətsiz qulaqlıqlardan istifadə etmələridir. Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiq edir. Onun sözlərinə görə, qulaqlıq alarkən satıcılar iki cür məhsul – orijinal və saxta qulaqlıq təklif edirlər.

Bəzi hallarda satıcılar satıcılar saxta malı orijinal adı ilə alıcılara satırlar. Bir çox hallarda isə alıcılar ucuz olduğu üçün bilərəkdən keyfiyyətsiz qulaqlıq alırlar.

“Ümumiyyətlə, bazarda çoxlu keyfiyyətsiz məhsullar var. Bunlara isə nəzarət demək olar ki, olunmur. Nəticədə istehlakçıların hüquqları pozulur. Bu sahədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var”- deyə, Birlik sədri vurğulayıb.

Qan təzyiqi, nevroz, yuxusuzluq...

Həkimlərin sözlərinə görə, güclü səslə dinlənilən musiqi xarici qulaq yollarının iltihabı, qulaq ekzeması, eşitmə siniri kimi fəsadlar törədir. Əgər qulaqlıq bir qulağa taxılırsa, bütün yük də həmin qulağın üzərinə düşəcək.

Məlumat üçün bildirək ki, eşitmə orqanı xarici, daxili və orta qulaq olmaqla 3 əsas hissədən ibarətdir. Qulaqlıq məhz xarici qulağı daim zədələyir. Güclü səs dalğası isə daxili qulağın sinirinə mənfi təsir göstərir. Bundan əlavə “MP3 player”lərdən gələn güclü səs orqanizmə mikrob salaraq dərini qıcıqlandırır.

Diqqətinizə çatdıraq ki, qulaqcığın mənfi təsiri təkcə qulaqla məhdudlaşmır. Belə ki, həddən artıq güclü səslər ürək və beyinə birbaşa zərər verir. Bu ürək nevrozları və qan təzyiqi kimi xroniki xəstəliklər şəklində büruzə verir. Sinir sistemində pozuntular əmələ gəldiyi üçün yuxusuzluq problemi də insanı narahat etməyə başlayır.

Onu da nəzərə almaq lazımdır ki, qulaqlıqdan istifadə edən yaşlı insanların gənclərə nisbətən daha böyük təhlükə ilə üzləşirlər. Bu cür problemləri olan insanlar dərhal qulaqlıqlardan imtina etməlidirlər. Əks halda, kar ola bilərlər.

Psixoloqlar isə qulaqlıqlardan istifadə edənlərin eşitmə qabiliyyətlərinin zəifləməsi ilə yanaşı psixoloji qavramalarının zəiflədiyini iddia edirlər. Onların sözlərinə görə, qulaqlıqdan istifadə edənlər, əsasən də yeniyetmələr özünə qapanan insanlar olurlar və insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Unutmaq olmaz ki, bir çox intihar halları məhz ətraf aləmdən təcrid olunmuş insanlar arasında olur. Bu baxımdan yeniyetmələr yüksək risk qrupuna daxil edilirlər.

Yüksək səs aqressivləşdirir

Bundan başqa qulaqlıqlar vasitəsilə gecə-gündüz musiqiyə qulaq asmaq psixikada yorğunluq yaradır. Bu hətta insanı depressiyaya belə sala bilər. Qulaqlıqlar vasitəsilə müsiqiyə bir dəfə, iki dəfə qulaq asmaqla insan bundan müsbət enerji ala bilər. Amma bu proses daimi hal alanda isə adamı qıcıqlandırmağa başlayır.

Psixoloqlar mobil telefonla qulaqlıqlardan mahnı dinləməyin ikiqat ziyan olduğunu da deyirlər. Burda həm şüalanma, həm də beynin yorulma prosesi eyni səviyyədə gedir. Yüksək səslə musiqi dinləmək qalıcı eşitmə problemləri meydana gətirməklə yanaşı, insanları əsəbi və aqressiv bir görünüşə bürüyür.

Araşdırmalar da əsəbi, hirsli və həyəcanlı kəslərin daha çox yüksək səslə musiqi dinlədiyini ortaya çıxarıb. Ekspertlər bildirirlər ki, yüksək səslə musiqi dinləyən gənclərin çoxu aqressiv tərzdəki xarici musiqi dinləyicisidir. Onlara görə, yüksək tonda dinlənilən musiqinin bu duyğuları artırdığı istiqamətdə tapıntılar var. Avtomobil istifadə edərkən yüksək tonda dinlənilən musiqi diqqətə təsir edər və adamın sürətli düşünməsini maneə törədib daha aqressiv edər. Bunun üçün yüksək səs cəmiyyət üçün zərərlidir.

Həyat üçün təhlükəli səs

Qeyd edək ki, qulaqlıqlar insan səhhətinə, psixikasına mənfi təsirlə yanaşı, insan həyatına da təhlükə törədən amillərdən biri sayılır.

Bu ilin mart ayında baş verən hadisə bunu deməyə əsas verir. Belə ki, Pekindən Melbournə gedərkən qadın sərnişinlərdən biri təyyarədə simsiz batareyalı qulaqlıqdan istifadə edərkən qulaqlıq qəfildən partlayıb. Qızıb, alovlanan qulaqlıq onun üzünü yandırıb. Adı açıqlanmayan avstraliyalı qadının üzündə və qulağında yanıq izləri əmələ gəlib. 

Bir neçə il bundan qabaq isə Bakıdakı metropoliten stansiyalarından birində qatarın gəlməsini gözləyən bir gəncin qulaqlıqlar vasitəsilə musiqi dinləməsi az qala ona həyatı bahasına başa gələcəkdi. Musiqiyə qulaq asan gənc qulaqlıqdan istifadə etdiyinə görə qatarın siqnalını eşitməmiş və nəticədə ağır xəsarət almışdı. Eyni hal avtomobil yollarında da bir neçə dəfə müşahidə olunub. Qulaqlıqdan istifadə edən şəxslər yol keçərkən maşın siqnalını eşitmir və bir çox hallarda bu ölümlə nəticələnir.

Azərbaycan Tibb Universitetinin burun, qulaq, boğaz xəstəlikləri kafedrasının həkimi Afaq Abbasova da 1news.az-a açıqlamasında yüksək səslərin insan sağlamlığına ziyan olduğunu bildirməklə yanaşı, qeyd edir ki, uzunmüddətli və monoton səslər insanda akustik travma yaratmaqla yanaşı tədricən onun eşitmə orqanının zədələnməsinə, eşitmənin azalmasına səbəb olur:

“Xüsusən də gənclərin daha çox musiqi dinləmək üçün istifadə etdikləri qulaqlıqlar onların eşitmə orqanları üçün ciddi problemlər yarada bilər. Belə ki, qulaqlıqdan istifadə zamanı səs birbaşa qulağa getdiyindən bu, gələcəkdə eşitmə analizatorunun zədələnməsinə, eləcə də qulaqda küylərin yaranmasına gətirib çıxara bilər. Onu da nəzərə almaq lazımdır ki, yüksək səs-küy heç də bütün insanlara eyni cür təsir etmir. Belə ki, gənclərlə müqayisədə yaşlı insanlar yüksək səsdən daha çox əziyyət çəkirlər. Lakin qulaqlıqlardan daha çox gənclər istifadə etdiklərindən, onlarda eşitmə ilə bağlı problemlər özünü daha tez büruzə verməyə başlayır. Ən əsası isə itirilmiş eşitmə qabiliyyətini sonradan bərpa etmək mümkün olmur. Belə olan təqdirdə isə uca səslə musiqi dinlənilməsi eşitmə qabiliyyətini daha da pisləşdirir”.

Bütün insanların gündəlik həyatda güclü səs-küyə məruz qaldığını deyən A.Abbasova eşitmə qabiliyyətini qoruyub saxlamaq üçün bir neçə məsləhət də verdi:

“Eşitmə qabiliyyətlərini qorumaq istəyənlər mümkün qədər səsli şəraitdən uzaq olmalı, uzun müddət qulaqlıqlarla yüksək səslə musiqi dinləməməli, yüksəs səsli ərazilərdə xüsusi qulaq tıxaclarından istifadə etməlidirlər. Qulaqlarında və eşitmə qabiliyyətlərində hər hansı bir problem yarandıqda isə dərhal həkimə müraciət etməlidirlər”.

Babək Cahandarov

Paylaş:
4368

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər