Azərbaycan daha bir ölkəyə ticarət nümayəndəsi təyin edib
Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib. Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir.
1news.az-a xəbər verir ki,İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bundan əvvəl Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya və Çində Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.
Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və Birləşmiş Ərəb Əmirlikləri investisiyalarının cəlb olunmasında önəmli olacaq.
Bu sahədə böyük təcrübəyə malik Elnur Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində və Böyük Britaniyanın Mançester Biznes Məktəbində maliyyə və kredit ixtisası üzrə təhsil alıb. E.Əliyev Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe, Azərbaycanın Avropa Komissiyası yanında Nümayəndəliyində 2-ci katib, İslam İnkişaf Bankı, Beynəlxalq Ticarətiin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasında MDB ölkələri və İran üzrə regional menecer vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəis müavini olub. İngilis, rus, fransız və ərəb dillərini sərbəst bilir.
1news.az