Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu başlayıb.
1news.az xəbər verir ki, biznes forumu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Biznes Forumunun əsas məqsədi Avropa və Azərbaycan şirkətləri arasında əlaqələrin yaradılmasına və inkişafına dəstək olmaqdır.
Forumun qonaq spikerlər və iştirakçıları arasında yüksək vəzifəli Azərbaycanın hökumət rəsmiləri və Aİ nümayəndələri, Azərbaycan və Aİ şirkətləri iştirak edirlər. Biznes forumda iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və logistika, İKT və elektron ticarətlə bağlı əsas mövzular müzakirə olunacaq.
Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mård tədbir barədə bildirib: “Keçən ilki forumun davamı olaraq bu il baş tutan tədbir gələcək əməkdaşlıq çərçivəsində yarana biləcək çətinlikləri və fürsətləri vurqulayaraq, Aİ-Azərbaycan arasındakı biznes əlaqələrinə yenidən nəzər salmağa imkan yaradacaq”.
Forum Avropa İttifaqı və Azərbaycandan olan biznes şirkətləri hökuməti təmsil edən 500-ə yaxın nümayəndəni bir araya gətirib. Panel müzakirələrin əsas mövzusunu davam etməkdə olan iqtisadi islahatlar, eləcə də kənd təsərrüfatı və ərzaq, ətraf mühit üçün texnologiyalar, nəqliyyat və logistika, İKT və E-ticarət kimi, Aİ və Azərbaycan şirkətlərinə fürsətlər təqdim edən iqtisadi sahələr təşkil edir.
Aİ Azərbaycanın ümumi ticarətinin 51%-ni təmsil edən birinci iqtisadi tərəfdaşıdır. Son on ildə Aİ şirkətləri tərəfindən Azərbaycana 20 milyard ABŞ dolları investisiya qoyulub ki, bu da eyni müddətdə ölkəyə qoyulan investisiyaların 45%-ni təşkil edib.
Pərvanə Sultanova