SOCAR: Hazırda yeraltı anbarlarda 1,3 milyard kubmetrdən çox aktiv qaz var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, bununla paralel olaraq, cari ilin aprel ayından ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci il üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb.
Mövcud qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 milyon kubmetr həcmində “mavi yanacaq” vurulub. Bu həcmin 255,5 milyon kubmetri “Qaradağ”, 291,5 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.
Hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 milyard 334 milyon 994 min kubmetrdir.
S.Xankişiyeva