Havanın temperaturu Bakıda 31, rayonlarda isə 37 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 10-na olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Meteoroloqların xəbərdarlığına görə, bəzi dağlıq rayonlarda iyunun 10-11-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Babək Cahandarov