Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri – Newtimes.az

14:45 - 12 / 06 / 2017
Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri – Newtimes.az

On ərəb ölkəsinin bir yerdə Qətərlə diplomatik əlaqələri kəsməsi, onunla quru, hava və su yolunu bağlaması ekspertlərin marağına səbəb olub. Bu prosesin arxasında duran səbəblər və onun geosiyasi təsiri haqqında müxtəlif fikirlər irəli sürülür.

Belə proqnozlar verilir ki, bütövlükdə müsəlman dünyasında qarşısıalınmaz və təhlükəli geosiyasi proseslərə təkan verilə bilər. Ayrıca ərəb ölkələri arasında ziddiyyətlərin kəskinləşməsi regionda terrorun və silahlı toqquşmaların daha da genişlənməsinə aparıb çıxara bilər. Geosiyasi aspektdə isə Yaxın Şərqin uzun müddət təhdidlər altında qalması ehtimalı daha çox narahatlıq yaradır. Bunların fonunda İranla bağlı həyəcanlı informasiyaların yayılması da kifayət qədər düşündürücü təsir bağışlayır. Belə qənaət əldə etmək olur ki, Yaxın Şərqlə əlaqəli təhlükə və risklə dolu planlar həyata keçirilir. Bu prosesin proqnozlaşdırılmasına ehtiyac duyulur.

Yeni "ərəb böhranı": təhlükəli tendensiya

Bir qədər əvvəl "ərəb baharı"ndan danışılırdı, indi "ərəb böhranı"ndan bəhs edilir. On ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsib. Onlar Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları ittifaqıdır. Bu dövlətlər Dohanı terrora dəstək verməkdə və regionda geosiyasi sabitliyi pozmaqda ittiham edirlər. Bundan başqa, Səudiyyə Ərəbistanını Qətər rəhbərliyinin İranla əlaqələri yaxşılaşdırmaqla bağlı söylədiyi fikirlər qəzəbləndirib. Doğrudur, Doha bunun hakerlərin təxribatı olduğu haqqında informasiya yayıb. Yəni Qətər rəhbərliyindən heç kim belə bir fikir söyləməyib, gizli haker qrupu çox incə üsulla müxtəlif fikirləri bir məntiqdə montaj edə biliblər.

Ancaq Ər-Riyad bu izahı qəbul etməyib. Çünki iki ölkə arasında ziddiyyətlər bir neçə ildir ki, mövcuddur. Məsələn, 2014-cü ildə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə diplomatik əlaqələri kəsmişdilər. Ancaq o zaman bu, yalnız diplomatlara aid edilmişdi. İndi isə on ərəb ölkəsi, faktiki olaraq, Qətəri blokadaya alıblar. Onlar hava, su və quru yolu ilə əlaqələri tamamilə dayandırdıqlarını bəyan ediblər.

Məsələnin düşündürücü tərəfi də məhz bu məqamla bağlıdır. Ekspertlər sual edirlər ki, nəyə görə bu hadisələr Amerika prezidentinin regiona səfərindən sonra baş verir? Burada əsas məqsəd nədən ibarətdir? Əgər söhbət, əsas olaraq, Qətərin "əl-Qaidə" və İŞİD-ə dəstəyindən gedirsə, onda başqa ərəb dövlətlərinə qarşı da analoji addım atmaq olardı. Elə Səudiyyə Ərəbistanı və Liviyanı bir sıra terror qruplarına dəstək verməkdə dünya ittiham edir. Deməli, burada başqa məqamlar da vardır.

Mütəxəssislər hesab edirlər ki, əsas məsələ İranla bağlıdır. Vaşinqton və İsrail Tehrana qarşı sərt mövqe tutmağa meyllidirlər. Donald Trampın komandası bir neçə dəfə Tehranı terrorizmi dəstəkləməkdə ittiham edib. Eyni zamanda, İranın nüvə silahı istehsal etmək planından əl çəkmədiyini bildirirlər. Vaşinqton bu kimi faktorlarla yanaşı, İranın Yaxın Şərqdəki münaqişələrə ciddi müdaxilə etməsini də arqument kimi irəli sürür. Həmin ittihamlardan çıxarılan nəticə isə ondan ibarətdir ki, İranla bağlı sərt tədbirlərin həyata keçirilməsi haqqında danışırlar.

Bu kontekstdə Qətərlə bağlı baş verənləri təsadüf hesab etmirlər. Qətərin, faktiki olaraq, mühasirəyə alınmasına İranın mühasirəyə alınmasının ilkin mərhələsi kimi yanaşırlar. Belə bir mövqenin arxasında bir məntiq dayanır. Çünki ümumən ərəb-müsəlman dünyasında həmrəyliyi pozurlar. Məlumdur ki, son zamanlar müsəlman dövlətləri kənardan olan təxribatlar, müdaxilələr, təzyiqlərə qarşı durmaq üçün gücü bir yerə qoymaq barədə düşünürdülər. Onlar hətta İslam Ordusu – "müsəlman ölkələri NATO-su"nu yaradıblar. Aydındır ki, bu proses dərinləşsə və genişlənsə, bütövlükdə yeni bir güc ortaya çıxa bilər ki, bir sıra böyük dövlətlərin geosiyasi iddialarına qarşı əngəllər meydana gələr. Konkret olaraq, Yaxın Şərqdə terror fəaliyyətləri xeyli zəifləyə bilər.

Müsəlman ölkələri arasında həmrəyliyin real məzmun kəsb etməsinin hansı dairələrə sərf etmədiyi aydındır. Deməli, əgər müxtəlif müsəlman ölkələri arasında fikir ayrılığını ziddiyyətli səviyyəyə yüksəldirlərsə, heç şübhəsiz, burada məqsədli planlar vardır. Qəribədir ki, on müsəlman ölkəsi bir-birinə qarışıblar. Və onların bu vəziyyətə düşməsində bir informasiyanın həlledici rolu olub. Lakin mütəxəssislər başqa məqama da diqqət yetirirlər.

Onların rəyinə görə, əslində, Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı geosiyasi ziddiyyətin dərin səbəbləri vardır. Bu iki ölkə ərəb dünyasında liderlik uğrunda mübarizə aparırlar. Bunun əlamətlərindən biri də Yaxın Şərq dövlətlərində özlərinə yaxın siyasi qrupları hakimiyyətə gətirməkdir. Məsələn, Qətər "Müsəlman qardaşları" və "Həmas"a yardımlar etməklə öz maraqlarının təmin olunmasına çalışıb. Səudiyyə Ərəbistanı, konkret olaraq, Misirdə Mursiyə qarşı general Sisini müdafiə edib. Bunun nəticəsi o olub ki, Doha ilə Ər-Riyad arasında ziddiyyətlər kəskinləşib. İndi Misirin Qətərə qarşı təcridçi mövqe tutması başadüşüləndir. Lakin prosesə Bəhreyn və Liviyanın da qarışması xeyli suallar doğurur. Belə təəssürat yaranır ki, hansısa dairələr ərəb-müsəlman ölkələri arasındakı ziddiyyətləri yoluna qoymağa deyil, onları daha da dərinləşdirməyə çalışırlar.

Geosiyasi mənzərə: yeni əlamətlər və risklər

Məhz bu kontekstdə həm Yaxın Şərqin geosiyasi taleyi, həm də, konkret olaraq, İran məsələsi xüsusi aktuallıq kəsb edir. Çünki ərəb ölkələri arasında münaqişələrin meydana gəlməsi regionda uzunmüddətli çəkişmələrə start verə bilər. Özü də müsəlman dövlətləri kənar qüvvələrlə deyil, bir-biri ilə savaşmalı olacaqlar. Bununla tarixi aspektdə ərəb dünyası üçün ağır bir mərhələyə keçid mərhələsi formalaşa bilər. Bu prosesdən heç bir müsəlman ölkəsi qalib çıxa bilməz. Onlar bir-birini zəiflədərək, region üçün başlıca təhlükənin daha da dərinləşməsinə şərait yaratmış olurlar.

Məsələnin başqa tərəfi də kifayət qədər düşündürücüdür. Problem ondadır ki, İranı hədəf almaqla bir sıra dairələr iki məqsədə çatmağa çalışırlar. Əvvəla, müsəlman ölkələri arasında bir-biri ilə uzlaşmayan müxtəlif münaqişə mənbələri yaradırlar. Bu nə deməkdir? Suriyada silahlı qruplar arasında toqquşmalar var. İraqda buna bənzər mənzərə mövcuddur. Və bu iki münaqişə mənbəyi eyni üsulla söndürülə bilməz. Çünki maraqlar fərqlidir və oyunçuların kimliyi arasında fərqlər vardır. Bunlara ərəb dövlətlərinin öz aralarındakı ziddiyyətlər və İran məsələsi əlavə olunur. Beləliklə, hər biri öz problemləri içində çapalayan münaqişə mənbələri mövcud olur ki, bunun yekunu bütövlükdə regionun alova bürünməsi ola bilər.

Digər məqam İran ətrafında gərginliyin ziddiyyətə çevrilməsilə münaqişənin coğrafiyasının genişlənməsi təhlükəsi ilə bağlıdır. O cümlədən Qafqaz və Mərkəzi Asiyanın da bu ziddiyyətlər dalğasına düşməsi ehtimalı az deyil. Vəziyyəti daha vahiməli edən məqam ondan ibarətdir ki, İrana qarşı cəbhədə bir neçə müsəlman dövləti də yer ala bilər. Bu isə artıq hansısa terror qrupları arasındakı savaş deyil, regionun böyük dövlətləri arasındakı genişmiqyaslı müharibənin meydana gəlməsinə təkan verə bilər.

Belə çıxır ki, on ərəb ölkəsinin Qətərlə diplomatik əlaqələri dayandırması və onu, faktiki olaraq, təcrid etməsi ciddi geosiyasi nəticələri ola biləcək hadisədir. Bundan müsəlmanlardan başqa hər kəsin qazana biləcəyi aydındır. O cümlədən Türkiyə üçün ciddi təhlükələr meydana gələ bilər. Ankara ərəb dövlətlərinə müraciət edərək bütün məsələləri məsləhətləşmələr vasitəsilə həll etməyi tövsiyə edib. Bu, ağıllı bir mövqedir, lakin, görünür, bir sıra müsəlman dövlətlərinə kənar təsirlər güclüdür.

Bundan başqa, Səudiyyə Ərəbistanına külli miqdarda silah satılması və Sisinin Vaşinqtonda təntənə ilə qarşılanması geosiyasi təsiri ola bilən prosesin başlanğıcı kimi qəbul edilməlidir. Yaxın Şərq geosiyasi anlamda taleyinin yeni mərhələsinə qədəm qoyur. Bu mərhələdə risklər və münaqişələrin genişliyi növbəti səviyyəyə yüksəlməkdədir. Bu isə o deməkdir ki, ümumiyyətlə, müsəlman dünyası və bəşəriyyət təhdidlərlə üz-üzədir.

Belə bir vəziyyətdə Yaxın Şərqdə sülhün və sabitliyin təmin edilməsi olduqca mürəkkəb məsələdir. Əksinə, indi Qərbin regiona müdaxiləsi üçün yeni imkanlar meydana gəlir. Bu baxımdan Rakkaya terror qrupları ilə birgə hücumun təşkil edilməsi növbəti geosiyasi oyunun əlaməti sayıla bilər. Bundan sonra daha güclü silahlarla təmin edilmiş radikal qruplar qonşu dövlətlərə qarşı yeni təxribatlara əl ata bilərlər.

Deməli, faktiki olaraq, Yaxın Şərq növbəti miqyasda riskli zonaya daxil olur. Burada region dövlətləri arasında genişmiqyaslı müharibə ehtimalı daha çoxdur. Onun qarşısının alınması üçün müsəlman ölkələri tərəfindən hansısa addımların atıldığı haqqında informasiya yoxdur.

Newtimes.az

Paylaş:
547

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər