Fərhad Məmmədov: ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri substantiv danışıqları diskussiyalarla əvəz etməyə çalışırlar
ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri substantiv, predmetli danışıqları təmas xəttində vəziyyətin gərginləşməsi məqsədilə müşahidə mexanizmlərinin yaradılmasına dair diskussiyalarla əvəz etməyə çalışırlar.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov “Caucasus International” jurnalının dərc edilməsinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq araneda: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib:
“Son 25 il ərzində Cənubi Qafqaz regionu beynəlxalq ekspert ictimaiyyətinin siyasi leksikasına coğrafi anlayış kimi daxil olmuşdur. Region dövlətləri və onların qonşuları arasında baş vermiş münaqişələr nəticəsində sərhədlərin bağlanması ilk növbədə səmərəli regiondaxili siyasi və iqtisadi inteqrasiyanın əldə olunmasında başlıca maneə kimi çıxış etmişdir. Təsadüfi deyildir ki, bu gün regiona daxil olan dövlətlərin və regionla qonşu olan ölkələrin heç də hamısı regional inteqrasiyanın onurğa sütunun təşkil edən enerji ehtiyatlarının və yüklərin nəqli üzrə infrastruktur layihələrinə cəlb edilməmişdir.
Regionun üç dövləti iyirmi beş illik müstəqillik şəraitində hərbi-siyasi bloklara, iqtisadi və gömrük ittifaqlarına inteqrasiya yolları seçimində və ya bu birliklərə qoşulmamaqda, tərəfdaşlıq formalarının müəyyən olunmasında fərqli siyasi trendlər nümayiş etdirirlər. Əlbəttə, Azərbaycan Respublikası da xarici siyasi və iqtisadi əlaqələrin qurulmasında, inkişafında öz formatını yaratmış və təsdiq etmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülən və prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti ilə reallaşdırılan Neft Strategiyası Gürcüstanla hərtərəfli tərəfdaşlıq əlaqələrini nəzərdə tutan regional inteqrasiya layihələrinin başlanması üçün mühüm təşəbbüs olmuşdur. Dövlətlərimizin coğrafi mövqeyi və onlar arasındakı qarşılıqlı münasibətlər neft və qazın dünya bazarlarına çıxarılmasına dair infrastruktur layihələrinin həyata keçirilməsi, buraya investisiya axınının gücləndirilməsi son nəticədə hər iki dövlətin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar açmışdır.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizinin və Qara dənizin Azərbaycana və Gürcüstana aid olan sahillərində iri ticarət limanlarının inşası layihələri də reallaşmaqdadır. Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz regionunun dünyada geoiqtisadi və geosiyasi əhəmiyyətini də artırmaqdadır.
Lakin onu da bildirmək istərdim ki, regionun üçüncü dövləti – Ermənistan özünün təcavüzkar fəaliyyəti, Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-ni işğal etməsi üzündən inteqrasiya prosesindən kənarda qalmışdır. BMT Təhlükəsizlik Şurasının üç üzv dövlətinin daxil olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinə baxmayaraq, son iyirmi beş il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmamışdır. Bu gün regionda humanitar fəlakət davam etməkdədir. Ermənistanın apardığı etnik təmizləmə siyasətindən sonra bir milyondan çox Azərbaycan vətəndaşı hələ də qaçqın və məcburi köçkün statusunda qalmaqdadır. Azərbaycan Respublikası uzunmüddətli sülh və təhlükəsizlik naminə beynəlxalq hüququn bərqərar olunması, təcavüzkar dövlətin – Ermənistanın izolyasiyası üçün ardıcıl siyasət yürüdür. Belə ki, BMT Nizamnaməsinin «Sülhə qarşı yönəldilmiş təhlükəli fəaliyyət, sülhün pozulması və təcavüz aktları» bölməsinin 41-ci və 42-ci maddələri birbaşa olaraq, işğalçı dövlətin Azərbaycan tərəfindən tam və ya qismən izolyasiyasına hüququ verməkdədir. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi dörd qətnamə də Azərbaycana BMT Nizamnaməsinin müvafiq bəndlərində əksini tapan tələblərin müstəqil şəkildə icrasına hüquqi əsas yaratmaqdadır. Bununla belə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri təəssüf ki, Nizamnamənin tələblərinə hələ də diqqət və məsuliyyətlə yanaşmır, onun müddəalarını istədikləri kimi şərh etməkdədirlər. Münaqişəyə ikili standartlardan yanaşan bu dövlətlərin simasında beynəlxalq ictimaiyyət Azərbaycana təcavüzkar dövləti regionda sülhə məcbur etmək üçün müstəqil fəaliyyət göstərməkdən başqa seçim qoymamışdır”.
F.Məmmədovun fikrincə, Beynəlxalq hüququn aliliyinin təmin edilməsi prosesində Azərbaycanı dəstəkləyən Türkiyə məhz Ermənistanın işğalçılıq siyasətini əsas götürərək onunla dövlət sərhədlərini bağlamışdır:
“BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan həmin dövlətlərin bütün səylərinə baxmayaraq, Azərbaycanın işğal altında olan əraziləri tamamilə azad olunanadək Türkiyə-Ermənistan sərhədləri bağlı qalacaqdır.
Beləliklə, regionun hər üç dövləti fərqi inkişaf yolu seçmişlər. Gürcüstan avro-atlantika hərbi-siyasi və iqtisadi məkanına, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi İttifaqına və Gömrük İttifaqına inteqrasiya olunur, Azərbaycan isə ikitərəfli əməkdaşlıq formatını əsas götürərək heç bir hərbi-siyasi və gömrük birliklərinə daxil olmadan qonşuları, dünyanın geosiyasi mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının tərəfdarı kimi çıxış edir.
Ötən iyirmi beş il ərzində regionun qonşu dövlətləri – Rusiya, İran və Türkiyə Cənubi Qafqaz ölkələri ilə münasibətlərin formalaşdırılmasına nail olmuşlar. Hər üç ölkə zəngin imperiya keçmişinə malikdirlər və Cənubi Qafqaz müxtəlif tarixi mərhələlərdə bu imperiyaların tərkibində olmuşdur. Təsadüfi deyildir ki, hazırda bu amildən region üzərindəki rəqabətdə manipulyasiya edilməkdədir. Nəticədə, regionun qonşuları arasında müasir qarşılıqlı münasibətlər istisnasız olaraq tarixi rəqabət və keçmiş müharibələr kontekstində aparılır. Belə qeyri-konstruktiv mövqe isə Cənubi Qafqazın üzləşdiyi problemlərin həllinə və regiona dair siyasətin səmərəsinə mənfi təsir göstərməkdədir. Digər tərəfdən, regiona yalnız tarixi kontekstdən yanaşılması müasir gerçəklikləri, milli maraqları heç də həmişə güclü qonşularının mənafeləri ilə uzlaşmayan müstəqil dövlətlərin mövcudluğunu nəzərə almır”.
Onun sözlərinə görə, Cənubi Qafqaz dövlətlərinin coğrafi mövqeyi də maraqlıdır.
“Belə ki, regionla qonşu olan dövlətlərin heç biri onların hər üçü ilə həmsərhəd deyildir. Burada Azərbaycanın eksklav ərazisi - Naxçıvan Muxtar Respublikası ilə 16 kilometrlik sərhədləri olan Türkiyə istisna edilir.
Beləliklə, regionun qonşu dövlətləri Cənubi Qafqaz ölkələrinin biri ilə səmərəli əməkdaşlığın qurulması üçün regionun üçüncü dövlətin ərazilərindən istifadə etməlidir. Bu isə əlaqələrdə qarşılıqlı asılılıq prinsipini nəzərdə tutur.
Cənubi Qafqazla bilavasitə qonşu olan dövlətlər arasında müəyyən tarazlıq mövcuddur və onların ayrı-ayrılıqda bütün regiona təsir etmək imkanları məhduddur. Bununla yanaşı, həmin dövlətlərin hər birinin regiondan gözləntiləri də vardır. Bu gözləntilərin səviyyəsi bəzən maksimalist həddən kritik «qırmızı xəttlərə» kimi səciələnir. Strateji maraqların toqquşması yeni qarşıdurmaların yaranmasına, mövcud münaqişələrin isə kəskinləşməsinə səbəb ola bilər.
Qeyd olunan «kritik qırmızı xəttlər» son iyirmi beş il ərzində baş vermiş böhran vəziyyətlərində dəfələrlə təhlükəli həddə çatmışdır. Belə vəziyyətlərə 90-cı illərin ortalarında Xəzər dənizinin ona aid olan hissəsində Azərbaycanın karbohidrogen yataqlarının istismarına başlanılmasını, Bakı-Tbilisi-Ceyhan boru xətti layihəsinin reallaşdırılmasını, XXI əsrin ilk illərində ABŞ-İran arasında qarşıdurmanın şiddətlənməsini, iki il əvvəl Rusiya və Türkiyə arasında yaranmış siyasi böhranı, hazırda Rusiya-Qərb münasibətlərinin gərginləşməsini, Gürcüstanın NATO-ya üzv olmaq ehtimallarını və s. göstərmək olar.
Bizim istəyimizdən asılı olmayaraq, regionumuz geosiyasi parçalanma xəttinin üzərində yerləşir. Burada geosiyasi qüvvə mərkəzləri arasında davamlı olaraq ziddiyyətlər və qarşıdurmalar baş verməkdədir. Eyni zamanda, region dövlətlərinin həmin qüvvələrin mənafe və rəqabət mübarizəsi məkanına çevrilməsi təhlükəsi də gündəmdədir. Cənubi Qafqazla qonşu olan dövlətlərin və geosiyasi qüvvələrin regionla bağlı xarici siyasət prioritetləri dəyişdikcə, Cənubi Qafqazın həmin planlarda yeri və rolu da buna uyğun olaraq yenilənir. Bütün bunlar paralel olaraq, qonşu regionlardakı proseslərin dinamikasına da öz təsirini göstərir. Çoxqütblü dünyada böyük dövlətlər kiçik dövlətlərin dəstəyini qazanmaq üçün onlara guya «könüllü», əslində isə məcburi qaydada təsir metodlarını tətbiq etməyə çalışırlar. Məsələn, kiçik dövlətlərin mənafelərinin böyük dövlətlərin geosiyasi prioritetlərinə güzəşt edilməsi, xarici siyasət xətlərinə düzəlişlər aparılması məqsədilə onlar üçün əlverişli iqtisadi şərtlər yaradılır, daxili siyasətə diplomatik və informativ təsir imkanları tətbiq olunur”.
SAM rəhbərinin fikrincə, Cənubi Qafqaz dövlətləri böyük qonşularının planlarına müxtəlif reaksiyalar verir, daxili imkanlarını öz milli maraqlarının təmin olunmasına yönəltməyə çalışırlar.
“Məsələn, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin irəli sürdüyü ümummilli məqsədlər – ölkənin ərazi bütövlüyünün bərpası, dövlət müstəqilliyinin və suverenliyin qorunması, davamlı iqtisadi inkişafın təmin olunması ideyaları ətrafında səfərbər olunmuşdur. Ermənistan Qərb istiqamətində erməni diasporasının imkanlarından istifadə etməklə öz suverenliyinin bir hissəsini Şimalda formalaşan hərbi-siyasi və iqtisadi strukturlara güzəştə gedir. Gürcüstan isə Azərbaycanla kooperasiya əlaqələrini qurmaqla yanaşı NATO və Avropa İttifaqından dəstək almağa çalışır.
Ümidverici hal isə regionla qonşu olan dövlətlər arasında rəqabət səviyyəsinin tədricən aşağı düşməsi və onun praqmatik əməkdaşlıq mərhələsi ilə əvəz edilməsidir. Suriyadakı vəziyyətin nizamlanmasına yönəldilmiş Astana görüşlərinin gedişi göstərdi ki, İran, Türkiyə və Rusiya Suriyaya dair planlarında prinsipial fərqlərə baxmayaraq, konkret istiqamətlər üzrə mövqelərin uzlaşdırılması üçün real addımlar atırlar. Əlbəttə, Suriya ilə bağlı aparılan danışıqların müsbət nəticəsi Cənubi Qafqazla qonşu olan dövlətlər arasında qarşılıqlı etimad hissini yaratmaqla yanaşı, onların region ölkələri ilə əməkdaşlığına da müsbət təsirini göstərəcəkdir.
Azərbaycan Respublikası baş verən proseslərdə Cənubi Qafqaz regionunun subyekt olaraq çıxış etməsinin tərəfdarıdır. Bu illər ərzində Azərbaycan dəfələrlə nümayiş etdirmişdir ki, geosiyasi güc mərkəzlərinin regiona dair ziddiyyətli və region ölkələrinin milli maraqları ilə uzlaşmayan ssenarilər üzrə inkişaf etdirilməsinə yönəlik səyləri ilə razılaşmamaq mümkündür və bu planlar kağız üzərində qala bilər. Misal olaraq, sərhədlərin açılmasına dair Türkiyə və Ermənistan arasında imzalanmış protokolların ratifikasiya olunmamsını göstərmək olar. Beləliklə, coğrafi determinizm amili yenə də qüvvədədir və gələcəkdə də müəyyənedici rol oynayacaqdır.
Qeyd edək ki, geosiyasi identiklik Azərbaycan üçün təkcə regionla qonşu olan dövlətlərlə deyil, geosiyasi güc mərkəzləri ilə də əməkdaşlıq etmək üçün əlverişli manevr imkanı yaradır. Bu identikliyin coğrafi, tarixi, dini və sosial-mədəni mənsubiyyət kimi, iqtisadi maraqlar kimi amilləri Azərbaycana BMT, Avropa İttifaqı, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və bu kimi digər beynəlxalq platformalarda iştirak etməyə, Avrasiya kontinentinin müxtəlif dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulmağa, energetika və nəqliyyat üzrə təşəbbüslərin irəli sürməyə, Qərb-Şərq və Şimal-Cənub vektorları üzrə üçtərəfli formatda əlaqələrin yaradılmasına imkan verir. Cənubi Qafqazın əhalisinin 65 %, maliyə resurslarının və itisadiyyatın 70% məhz Azərbaycanda cəmləşib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bütün imkanları obyektiv dəyərləndirməsi, fəal xarici siyasət xəttinin yürüdülməsi dövlətimizin seçdiyi inkişaf yolunun alternativ olmamasını, onun daxili siyasi konsensusa söykənməsini bir daha nümayiş etdirir.
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət prinsipləri aşağıdakılardır:
• Dövlətin geosiyasi maraqların mübarizə meydanına çevrilməsinin yolverilməzliyi;
• Başqalarının Azərbaycanın xarici siyasətinə düzəlişlər etmək məqsədilə onun daxili siyasətinə təsir göstərmək imkanlarının tamamilə istisna olunması;
• Regionla qonşu dövlətlər üçün təhdid mənbəyi olmaması;
• Müstəqilliyin möhkəmləndirilməsi, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi;
• Beynəlxalq hüququn norma və prinsiplərinə davamlı şəkildə riayət edilməsi.
Tarixi təcrübə göstərdi ki, beynəlxalq hüququn müxtəlif maraqlar zəminində yozulması yeni münaqişələrin yaranması ilə nəticələnir. Bu prinsiplər isə bu gün – dövlətlərin transmilli təhdidlərlə – terrorizmin, kriminal qrupların. Separatizmin və ekstremizmin fəallaşdığı bir şəraitdə daha aktualdır.
Yuxarıdakı prinsiplərin Cənubi Qafqaza şamil etsək optimal formul belə göstərmək olar–Cənubi Qafqaz dövlətləri bir-birinə təhlükə mənbəyi olmamalıdır, eyni zamanda, region bütövlikdə qonşularına təhdidə çevrilməməlidir. Lakin, son iyirmi beş il ərzində regionda nə daxili, nə də xarici məsələlərdə konsensusa nail olunmamışdır”.
F.Məmmədovun sözlərinə görə, münaqişələr və onların tənzimlənməsinin qeyri-müəyyənliyi, 2008-ci il Rusiya-Gürcüstan qarşıdurması, Ermənistan və Azərbaycan arasında münaqişənin aşağı intensivli müharibə şəraitində davam etməsi, regionla qonşu olan dövlətlərdən birinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına işğalçı Ermənistanın da qoşulması, eləcə də Gürcüstanın NATO-ya üzv olmaq səylərinin Rusiya tərəfindən qəbul edilməməsi regional konsensusa nail olunmasını mümkünsüz etmişdir:
“Yaranmış şərait – region dövlətlərinin və regionla qonşu dövlətlərin xarici siyasət prioritetləri arasında uyğunsuzluğun və kəskin ziddiyyətlərin olması isə perspektivləri haqqında pessimist proqnozlar verməyə zəmin yaradır.
Müasir mərhələdə Azərbaycanın mövqeyini aşağıdakı kimi xarakterizə etmək olar:
• Bütün imkanlardan istifadə etməklə strateji xətt üzrə əməkdaşlığın davam etdirilməsi;
• Obyektiv və subyektiv xarakterli problemlərin yaranması və onların həlli imkanlarının olmaması təqdirində münasibətlərdə qarşılıqlı asılılıq vəziyyətinin yaradılması.
Azərbaycan rəhbərliyinin qənaətinə görə, regionda sabitliyə qarşı yönəldilmiş əsas təhlükə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanmasına dair danışıqların səmərə verməməsidir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri substantiv, predmetli danışıqları təmas xəttində vəziyyətin gərginləşməsi məqsədilə müşahidə mexanizmlərinin yaradılmasına dair diskussiyalarla əvəz etməyə çalışırlar. Beləliklə, onlar bir tərəfdən status-kvonun yolverilməzliyi barədə bəyanatlar verir, digər tərəfdən yaranmış qeyri-müəyyən vəziyyətin saxlanılmasına, münaqişənin dondurulmasına çalışır və bununla da özlərini təkzib edirlər. Yenə də bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü faktını tanıyır, digər tərəfdən isə qeyri-konstruktiv mövqe tutmasını Ermənistana izah etmir və işğalçını cəzalandırmağa çalışmırlar. Eyni zamanda, məhz həmin dövlətlərin digər dövlətlərə hətta bir-birinə qarşı istifadə etdikləri sanksiyalar Ermənistana tətbiq olunmur, beynəlxalq hüququn prinsip və tələblərindən istifadə edilmir.
2016-cı ilin aprel ayının əvvəllərinə Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara Azərbaycan ordusunun cavabları bir daha göstərdi ki, vasitəçilərin bütün səylərinə baxmayaraq, münaqişə tondurulmamışdır və işğalçı tərəf gələcəkdə də belə aksiyalar həyata keçirəcək, Azərbaycan isə onların qarşısını qəti şəkildə alacaqdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ordumuzun hərbi potensialının cüzi hissəsindən istifadə etməklə erməni təxribatlarına qarşı lokal əməliyyat keçirildiyini xüsusi vurğulamışdır. Aprel döyüşləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regiona və Ermənistanın da qoşulduğu Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi əməkdaşlıq platformalarına inteqrasiya proseslərinə mənfi təsir göstərdiyini nümayiş etdirmişdir. Bundan başqa,, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətlər Ermənistanın iddialarını dəstəkləməmişlər. 2016-cı ilin aprel əməliyyatları hərbi münaqişələr vasitəsilə regiona təsir etmək imkanlarınına da tükəndiyini göstərmişdir.
Qeyd etmək istərdik ki, hələ münaqişənin başlandığı ilk dövrlərdə regionda planlaşdırılan bütün layihələr ya tamamlanmış, ya da başa çatmaq üzrədir. Bu baxımdan, ancaq Ermənistanın münaqişədən istifadə etməklə məqsədlərinə çatmaq niyyəti var. Münaqişə vasitəsilə regionun energetika və nəqliyyat infrastrukturların ziyan vura biləcəyi haqqında ötən il boyu beynəlxalq ictimaiyyətə ünvanladığı xatırlatmalar yalnız rəsmi Yerevanın ağlına gələ bilərdi. Bununla belə, Aprel döyüşlərindən keçən dövr ərzində regionda mühüm proseslər baş verdi. Üçtərəfli formatda Rusiya-Azərbaycan-İran əlaqələri qurulmuş, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukraynanın iştirakı ilə nəqliyyat konsorsiumları yaradılmış, Cənub qaz dəhlizinin tikintisi davam etdirilmişdir. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası tamamlanmaq üzrədir, Gürcüstan və Çin arasında azad ticarətə dair razılaşma əldə olunmuşdur və s. Ermənistan bu bir il ərzində ərazisində terror təşkilatlarının polis məntəqəsinin girov götürülməsi, hökumət böhranı və «İsgəndər» raketlərinin nümayişi ilə gündəmə gəlmişdir.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin simasında beynəlxalq ictimaiyyətin prinsipial mövqeyi olmaması üzündən cəzasızlıq şəraitində olan Ermənistan işğalçılıq siyasətini davam etdirməkdədir. Bu isə həmsədr dövlətlərin hər birinin regionda öz maraqlarının və onun postkonflikt vəziyyətinə dair fərqli planlarının və gözləntilərin olması ilə izah edilir. İndiki şəraitdə onlar arasında formalaşmış qarşılıqlı münasibətlər sistemi də postkonflikt mərhələsində dəyişikliyə məruz qalacaqdır. Təəssüf ki, regiondakı vəziyyəti diqqətlə izləyən beynəlxalq ekspertlər birliyi də etiraf edir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin münaqişənin həllindən sonrakı mərhələdə regiona dair xarici siyasət planlarının olmaması, Cənubi Qafqaz dövlətlərinin mövqelərinin dəyişməsinə dair ehtimalları və bu kontekstdə onların maraqları ilə Ermənistanın mənafelərinin uzlaşdırılması danışıqlar prosesinin səmərəsinə ciddi mane olan amillərdəndir. Ermənistan onsuz da danışıqların dayandırılmasının təaəfdarıdır və həmsədr dövlətlərin ehtimallarına uyğun olaraq, qoşunların təmas xəttində vəziyyəti kəskinləşdirməklə Minsk qrupunun Azərbaycana təzyiqlərini aktivləşdirmək niyyətindədir. Lakin beynəlxalq hüququn mövqeyi ilə Azərbaycanın tələblərinin üst-üstə düşməsi üzündən Ermənistanın planları reallaşa bilmir.
F.Məmmədov çıxışın sonunda Azərbaycanın yaxın perspektivdə xarici siyasət və xarici iqtisadi siyasət üzrə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi istiqamətləri qeyd edib:
• Geosiyasi identikliyə – postsovet məkanında ikitərəfli münasibətlərin qurulması, İslam aləmi, Türk dünyası, Qoşulmama Hərəkatı və s. əsasən, bütün platformalarda fəallığın artırılması;
•Cənub qaz dəhlizi, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat xətləri üzrə bütün strateji layihələrin reallaşdırılması;
• Qeyri-neft məhsullarının ixracının artırılmasına dair ikitərəfli əməkdaşlığın genişləndirilməsi;
• Azərbaycan rəhbərliyinin şəxsi nüfuzu sayəsində müxtəlif regionlarda baş vermiş qarşıdurmaların tənzimlənməsi prosesinə münaqişə iştirakçısı olan dövlətlərin arzusu ilə Azərbaycan Respublikasının da cəlb olunması;
• Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, bu məqsədlə Ermənistanın izolyasiyası siyasətinin davam etdirilməsi, Azərbaycanın müdafiə potensialının gücləndirilməsi;
• Azərbaycan cəmiyyətinin Heydər Əliyev tərəfindən təməli qoyulmuş ümummilli siyasət ətrafında konsolidasiyası. Bu siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpasını və bütün sahələr üzrə ölkənin inkişafını nəzərdə tutur, cəmiyyətin parçalanmasına, alternativ reallıqların yaradılmasına, xarici siyasət prioritetlərinin dəyişdirilməsinə yönəldilmiş xarici təhdidlərə - hibrid müharibələri metodlarına, radikal və destruktiv ideologiyaların ölkəyə nüfuz etdirilməsinə qarşı dayanıqlı immunitetini yaradır. Çünki əks halda suverenlik itirilə, cəmiyyət parçalana, inkişaf dayana bilər.
S.Xankişiyeva