Azərbaycan-Yaponiya münasibətləri. Tarixi imkanlar və perspektivlər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Yaponiya münasibətləri. Tarixi imkanlar və perspektivlər

17:45 - 20 / 06 / 2017
Azərbaycan-Yaponiya münasibətləri. Tarixi imkanlar və perspektivlər

Yaponiya Şərqi Asiyada Çinin, Şimali və Cənubi Koreyanın, Rusiyanın şərqində yerləşən ada ölkəsidir. Sakit okeandakı 6.852 adadan ibarət arxipelaqda yerləşmiş bu ərazidəki ən böyük dörd ada — Hönşü, Hokkaydo, Küsü və Şikoku adaları ölkə ərazisinin təxminən 97%-ni əhatə edir. Əhalisi 126 milyon nəfərdir və bu göstərici ilə Yaponiya dünyada 10-cu yeri tutur.

1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan sonra Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.

BMT, G7, G8 və G20 platformalarının üzvü olan Yaponiya dünyanın böyük güclərindən biri sayılır. Ölkə ümümdaxili məhsulun həcminə görə dünyanın ən güclü 4-cü, alıcılıq qabiliyyətinin tarazlığına görə isə 3-cü ən güclü iqtisadiyyata malikdir. Dövlət həm də dünyanın sayca 5-ci ixracatçısı və idxalçısıdır. Yaponiya müharibə elan etməmək istəyini rəsmi olaraq konstitusiyasında bəyan etsə də, dünyanın ən böyük 8-ci hərbi büdcəyə malikdir. Silahlı qüvvələrindən ancaq müdaifə və beynəlxalq sülhü qorumaq məqsədilə istifadə etdiyini bəyan edir. Yüksək yaşayış səviyyəsinə və İnsan İnkişafı İndeksinə malik dövlət olan Yaponiyanın əhalisi bu imkanlardan faydalanır. Bura körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir.Yaponiya Ölkə Brend İndeksində 1-ci, Qlobal Sülh İndeksində də Asiya ölkələri arasında 1-ci yerdə gəlir

Yaponiya bu gün Asiya-Sakit okean bölgəsinin iqtisadi cəhətdən yeganə superdövlətidir ki, yüksək texnologiya sahəsində ABŞ və Avropa Birliyi ölkələri ilə rəqabət gücünə malikdir. Çox zəif təbii və enerji resurslarına malik olmasına baxmayaraq, bu ölkə XX əsrin ikinci yarısında bütün dünyaya ən yüksək modernləşmə və inkişaf nümunəsi göstərə bilmişdir. Yüksək inzibati idarəçilik və möhkəm nizam-intizama malik yapon xalqı qısa zaman kəsiyində dünyaya “yüksəliş və tərəqqinin” Amerika modelindən fərqli, yeni bir model bəxş etdi. Enerji ehtiyatlarının məhdudluğu, iri sənayeyə lazım olan neft, daş kömür, qaz çatışmazlığı Yaponiyaya ABŞ və Avropa ölkələri ilə həmin sahədə rəqabəti qeyri-mümkün etdiyindən, bu ölkə əsas diqqətini intellektual və yüksək texnologiyaya əsaslanan sahələrin inkişafına yönəltmişdir.

Yaponiyanın böyük iqtisadi təcrübəsi vardır. Ölkədə dəqiq texnologiya sahəsində tanınmış bir çox şirkətlər - nəqliyyat vasitələri, elektrik avadanlıqları, dəzgah, əlvan poladəritmə, gəmiqayırma, toxuculuq, parça, kimya və qida sənayesi və s. müəssisələri yerləşir. Torpaqlarının yalnız 13%-i kənd təsərrüfatı üçün istifadə olunur. Yaponiya qlobal balıq ovunun təxminən 15 %-ni həyata keçirir və təkcə Çindən geri qalır. Yaponiyanın ixrac etdiyi əsas məhsullar nəqliyyat vasitələri, elektrik cihaz və məişət avadanlıqları, dəmir və polad məmulatı, yarımkeçiricilərdir. Bu ölkənin əsas ixracat bazarları Çin (18,1 %), ABŞ (17,8 %), Cənubi Koreya (7,7 %), Tailand (5,5 %) və Honkonqdur (5,1 %). Ölkənin əsas idxalat bazarları isə Çin (21,3 %), ABŞ (8,8 %), Avstraliya (6,4 %), Səudiyyə Ərəbistanı (6,2 %), Birləşmiş Ərəb Əmirlikləri (5 %), Cənubi Koreya (4,6 %) və Qətər (4 %) sayılır.

Dünyanın belə yüksək mövqeyə, ixrac və idxal potensialına malik ölkəsi ilə Azərbaycanın qarşılıqlı faydalı əlaqələr qurması strateji baxımdan əhəmiyyətlidir.

Azərbaycan və Yaponiya arasındakı münasibətlərin tarixi.

Bu münasibətlərin ən qədim dövrlərini, ümumtürk kontekstində götürmək, fikrimizcə, daha doğru olardı. Mahmud Kaşğarlının «Divanü lüğət-it-türk» əsərində (XI əsr) dünya xəritəsindəki Yapon adaları haqqında məlumat verilir, türk dünyasının görkəmli coğrafiyaşünaslarından Katib Çələbi də öz əsərlərində bu ölkə haqqında söhbət açır.

1600-1868-ci illərdəki hakimiyyətləri dövründə ölkəni dünyadan təcrid edən Tokuqava şöqun sülaləsinin iqtidarı zamanında Yaponiyanın uzaq Azərbaycanla hər hansı əlaqələrindən, təbii ki, söhbət gedə bilməzdi.  ABŞ hərbi donanmasının  təzyiqi ilə 31 mart 1854-cü il tarixində imzalanmış müqavilədən sonra Yaponiya xarici dünyaya açılaraq xüsusilə 1868-ci ildən sürətli modernləşmə xətti tutsa da, elə həmin dövrdən beynəlxalq güclər arasındakı gərgin rəqabətə cəlb olunması, Rusiya imperiyası ilə yaşanan qarşıdurmalar, 1904-1905-ci ildəki rus-yapon müharibəsi, eləcə də ikinci dünya müharibəsi zamanı Yaponiya və SSRİ arasında baş verən hərbi toqquşmalar o dövrdə imperiyanın tərkib hissəsi olan Azərbaycanla hər hansı yaxın əlaqələrin qurulmasına imkan verməmişdir.

Uzun müddət Yaponiya ilə gərgin münasibətlərdə olan SSRİ, nəhayət, 1956-cı ilin oktyabrında bu ölkə ilə diplomatik münasibətlər yaratmış, bu münasibətlərin müxtəlif sahələr, o cümlədən, mədəniyyət üzrə bərpasını təzahür etdirən birgə bəyannamə imzalanmışdır. Bu bəyannamə Azərbaycan və Yaponiya arasında da ilk növbədə mədəni əlaqələrin qurulmasına şərait yaratmışdır. Artıq XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan-Yaponiya əlaqələrində ciddi nəticələr əldə edilmiş, hətta SSRİ-Yaponiya cəmiyyətinin Sumqayıt şəhəri üzrə şöbəsi də fəaliyyət göstərmişdir. Yaponiya ilə elmi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirən SSRİ keçmiş ittifaq respublikalarından, o cümlədən Azərbaycandan olan mütəxəssislərlə yapon alimləri arasında yaradıcılıq münasibətlərinin genişləndirilməsinə xüsusi önəm verirdi. Elə SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin Sumqayıt şöbəsinin yaradılmasında əsas amillərdən biri də Sumqayıtın qabaqcıl, müasir kimya şəhəri olması idi. O illərdə həmin cəmiyyətin xətti ilə Azərbaycana gələn Yaponiya nümayəndə heyətləri Bakı və ölkəmizin digər regionları, tariximiz, milli mədəniyyətimizlə yaxından tanış olurdular.

1962-ci ildə Azərbaycana səfər edən "SSRİ-Yaponiya" Dostluq cəmiyyətinin nümayədələrindən biri Sitiro Takanaka öz ölkəsi adından Azərbaycan rəhbərliyinə təşəkkür məktubunda Azərbaycan mədəniyyətinin zəngin və qədim mədəniyyət olduğunu qeyd etmiş, yapon mədəniyyəti ilə bu mədəniyyət arasında bir doğmalıq olduğunu vurğulamışdır.

Ötən əsrin 60-cı illərdə yeni şəhərlərin salınması layihəsi ilə bağlı Azərbaycana gələn BMT nümayəndə heyətinin tərkibində Yaponiyanın tanınmış alimi, professor Suzumu Kobe də vardı. Həmin səfər çərçivəsində Bakıda yapon qrafikasına həsr edilmiş sərgi keçiriımiş, yapon müğənnisi Teruko Ononun konserti olmuşdu. Yaradıcı sənətkarlar arasında əlaqələri də qarşılıqlı şəkildə inkişaf edirdi. Azərbaycan rəssamlarından T.Sadıqzadə və E.Rzaquliyev Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş, "Gündoğar ölkə"ni əks etdirən silsilə əsərlər yaratmış, 1964-cü ildə yazıçı və kinorejissor Həsən Seyidbəyli də Yaponiyada yaradıcılıq ezamiyyətində olmuşdur. Artıq 60-cı illərin ortalarına doğru Yaponiyada Azərbaycan haqqında informasiyalara böyük tələbat vardı. Təsadüfi deyildir ki, 1965-ci ildə Yaponiyada Xəbərlər Mətbuat Agentliyinin nəşr etdirdiyi "Sovet İttifaqı bu gün" jurnalının bir nömrəsi bütünlüklə Azərbaycan SSR-ə həsr edilmişdir. Bunun başlıca səbəbi yaponların Bakı, Neft Daşları və Azərbaycan mədəniyyətinə olan marağı idi.

60-cı illərin ikinci yarısından Azərbaycanla Yaponiya arasında məqsədli səfərlərin sayı daha da artmağa başladı. Xüsusən, Azərbaycan-Yaponya gəncləri arasında dostluq və mədəni əlaqələrin canlandırılması məqsədilə festival, səfər və mədəniyyət həftələrinin təşkili geniş vüsət aldı. 1969-cu il iyulun 20-25-də Bakıda keçirilən SSRİ-Yaponiya fəhlə-gənclərinin həmrəylik festivalı bu baxımdan xüsusilə əhəmiyyətli olmuşdur. Tədbir çərçivəsində Azərbaycana gələn 200 gənc yapon bir həftə ərzində Bakının tarixi-mədəni yerləri, Neft Daşları və gənclik şəhəri Sumqayıtla yaxından tanış olmuş, Azərbaycan xalqının adət-ənənələri, milli mədəniyyəti ilə bağlı zəngin məlumat toplamışlar. Bu festivaldan sonra elə həmin ilin sentyabrında Azərbaycan gənclərindən ibarət bir qrup Yaponiya ilə tanışlıq səfərinə çıxmış, bu səfərdə başlıca məqsəd gənclər arasında başlanan ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi olmuşdur. Azərbaycandan getmiş gənc müəllim, mühəndis, ədəbiyyat və incəsənət nümayəndələri yapon həmkarları ilə ali məktəb və mədəniyyət ocaqlarında görüşlər keçirərək məşğul olduqları sahələr üzrə fikir mübadiləsi aparmışlar.

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə Azərbaycan və Yaponiya arasında mədəni əməkdaşlıq əlaqələri daha da genişlənmişdir.1973-cü il 7-10 oktyabr tarixlərində SSRİ ilə Yaponiya arasında bir sıra sahələr, o cümlədən, mədəniyyət sahəsi üzrə əlaqələrin inkişafını nəzərdə tutan sazişlərin imzalanması bu prosesə böyük təkan vermişdir. Bu illərdə görkəmli Azərbaycan bəstəkarı A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin Yaponiyada böyük müvəffəqiyyət qazanması ölkələrimiz arasında mədəni əməkdaşlığa dəyərli töhfələrdən idi.          

1974-cü ildə Xəbərlər Mətbuat Agentliyinin Yaponiya şöbəsinin əməkdaşı Kadziko Kamoqava Azərbaycan qadınlarının vəziyyəti, cəmiyyətimizdə ailə-məişət münasibətləri və s. bu kimi məsələləri öyrənmək məqsədilə Bakıda olmuş, "Azərbaycan qadını" jurnalının əməkdaşları ilə fikir mübadiləsi aparmış, səfər zamanı əldə etdiyi məlumatları ölkəsinin mətbuat orqanlarında çap etdirmişdir. Azərbaycan-Yaponiya mədəni əlaqələri tarixində Yaponiyanın "Kristo-Forsingers" caz-vokal ansamblının Bakıdakı qastrol səfərinin də özünəməxsus tarixi əhəmiyyəti vardır. 1972-ci ildə təşkil olunan bu musiqi kollektivinin ilk xarici səfəri 1979-cu ilin dekabrında, məhz Bakıya olmuşdur.

Sovet dövründə sosial-iqtisadi əməkdaşlıq istiqamətində də müəyyən addımlar atılırdı. Məsələn, 1967-ci ildə Bakıda Yaponiya ilə əməkdaşlıq nəticəsində “AZON” zavodu tikilmişdir. Texniki təchizatına görə bu zavodun Sovet İttifaqında bənzəri yox idi.1973-1975-ci illərdə ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində Bakıda Yaponiya mütəxəssislərinin iştirakı və yapon texnologiyasının köməyi ilə o dövrlər üçün ultramüasir hesab edilən məişət kondisionerləri zavodu – “Bakkondiosener” tikilərək istifadəyə verilmişdi. Bu zavod ildə 400 min ədəd kondisioner istehsal etmək gücünə malik olan Yaponiyanın  məşhur “Toşiba” şirkətinin lisenziyası əsasında keçmiş SSRİ ərazisində qurulan yeganə müəssisə sayılırdı. Bütün bunlar Azərbaycan-Yaponiya əməkdaşlığının möhkəm təməli, həm də ilk mühüm nailiyyətləri sayıla bilərdi.

Dövlət müstəqilliyinin bərpası dövrünə qədər Azərbaycanla Yaponiya arasındakı münasibətlər, göründüyü kimi, daha çox mədəniyyət diplomatiyası, qismən isə müəyyən elmi-iqtisadi layihələrlə məhdudlaşırdı.Siyasi məsələlərlə bağlı qərarların ittifaq mərkəzində verildiyini nəzərə alsaq, münasibətlərdəki bu məhdudiyyət təbii qarşılanmalıdır. Azərbaycanla Yaponiya arasındakı əlaqələrin həm mahiyyət, həm də keyfiyyətcə yeni dövrü ölkəmizin müstəqilliyi dövründə başlandı və o vaxta qədər mədəniyyət diplomatiyası, elm-texniki əməkdaşlıq sahələrində əldə edilmiş təcrübə, qarşılıqlı hörmət və etimad bu əlaqələrə mühüm töhfə verdi.

 Azərbaycan-Yaponiya münasibətləri müstəqillik dövründə.

Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. Dünyanın böyük siyasi, iqtisadi gücə malik ölkələrindən sayılan, dünya güclərinin bir araya gəldiyi “Səkkizlər” qrupuna daxil olan Yaponiyanın 1991-ci il dekabrın 28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanınması haqqında bəyanatla çıxış etməsi gənc Azərbaycan dövlətinin böyük qələbəsi idi. 1992-ci il sentyabrın 7-də  Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələr quruldu. Bu əlaqələr “Gündoğar ölkə”nin xarici siyasət prioritetlərinə uyğun gəlirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yaponiyanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biri XXI əsrin astanasında postsovet məkanının ölkələri ilə əlaqələrin qurulması və inkişafı məsələləri idi. Lakin Yaponiyanın yeni müstəqil dövlətlərlə qarşılıqlı əlaqələrinin inkişafı ilk mərhələlərdə bir qədər məhdud xarakter daşıyırdı. Rusiya ilə ərazi mübahisələri, Yaponiya kapitalının fəal nüfuz etməsi və bu ölkələrin əsas sənaye sahələrinin Yaponiya iqtisadiyyatına artan bağlılığı rəsmi Tokionun gənc, müstəqil dövlətlərlə münasibətlərini bir qədər ehtiyatlı şəkildə qurmağa vadar edirdi. Amma proses tədricən nizamlandı, dövlət müstəqilliklərini möhkəmləndirən ölkələr Yaponiya ilə daha sərbəst şəkildə əlaqələr qurmağa, qarşılıqlı maraqları nəzərə almaqla münasibətləri inkişaf etdirməyə başladılar.

Umummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Yaponiya arasındakı münasibətlərin inkişafı xüsusilə daha ardıcıl və səmərəli xarakter aldı. Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondunun Azərbaycanın çətin günlərində ölkəmizə verdiyi dəstək əlaqələrin formalaşmasında mühüm rol oynadı. 17 yanvar 1998-ci il tarixində Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondunun nümayəndə heyətini qəbul edərkən Heydər Əliyev Azərbaycan dövlətinin Yaponiya ilə əməkdaşlığa xüsusi diqqət verdiyini qeyd etmiş, həmçinin Azərbaycan və Yaponiyanın bütün fəaliyyət sahələrində yaxşı tərəfdaş olmaq imkanlarını diqqətə çatdırmışdır. Yaponiya nümayəndə heyətinin rəhbəri Akiro Nişiqaki də öz növbəsində iki ölkə arasında əməkdaşlığın inkişafına maksimum səy göstərəcəyini bildirmiş, bu görüş ikitərəfli əməkdaşlığa güclü təkan vermişdir.

Münasibətlərin hərtərəfli inkişafına yönələn tədbirlər 1998-ci il yanvarın 26-dan fevralın 1-nə qədər Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadənin Yaponiyaya dövlət səfəri çərçivəsində davam etdirilmiş, yanvarın 27-dən Tokioda Azərbaycan Respublikası üzrə Dünya Bankı konsultativ qrupunun ikinci iclası işə başlamışdır. İclasa Almaniya, Belçika, Misir, Türkiyə, Pakistan, İngiltərə, ABŞ, İsveçrə də daxil olmaqla 14 ölkənin, eləcə də 9 beynəlxalq maliyyə təşkilatının nümayəndələri, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, BVF, Dünya Bankı və s. qurumlarıntəmsilçiləri qatılmışlar. Bu, beynəlxalq əhəmiyyətli toplantı çərçivəsində 28 yanvar 1998-ci il tarixində Dünya Bankı Maliyyə Korporasiyası qrupu tərəfindən təşkil edilmiş investisiya konfransı Azərbaycana həsr edilmiş, nəticədə, ölkəmizdə özəl sektorun inkişafına kömək göstərən çoxsaylı investisiya sazişləri imzalanmışdır. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşan bu beynəlxalq tədbir müstəqil ölkəmizin Yaponiya ilə əlaqələrində daha bir uğurlu başlanğıc rolunu oynamışdır. Ulu Öndərin 1998-ci il fevralın 24-dən 28-nə qədər Yaponiyaya ilk rəsmi səfəri isə yalnız iki ölkə arasında qarşılıqlı münasibətlərdə deyil, həmçinin Azərbaycanın Cənub-Şərqi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələr tarixində də yeni bir səhifə açmışdır. Bu səfəri çərçivəsində Heydər Əliyev Yaponiyanın siyasi və işgüzar dairələri ilə çoxsaylı səmərəli görüşlər keçirmiş, ölkə rəsmiləri ilə müzakirələrdə ikitərəflimünasibətlərin genişləndirilməsi, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərinə dair geniş müzakirələr aparılmışdır.

Ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan ikitərəfli sənədlərin imzalanması, dövlət rəhbərlərinin “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlıq haqqındabirgə bəyanat”a imza atması, “Azərbaycan Respublikası və Yaponiya arasında ticarət və iqtisadiyyatsahəsində birgə bəyanat”ın qəbulu da bu səfərin mühüm nəticələrindən olmuşdur. “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanat”da Mərkəzi Asiya və Cənubi Qafqaz regionundabütün səylərin TransAvropa-Asiya dəhlizinin inkişafına yönəlməsi nəzərdə tutulmuşdur.

Səfər zamanı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyivə Yaponiya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında birgə rəsmi məlumat”, “Azərbaycanvə Yaponiyanın xarici ölkələrlə iqtisadi əməkdaşlıq Fondu arasında kredit razılaşması”, “Şimal” buxar-qazelektrik stansiyası tikintisinin layihəsi haqqında”,“Yaponiya dövlətinin ayırdığı kənd təsərrüfatı texnikasının alınması üçün yardım haqqında” notalar mübadiləsinin baş tutması, habelə Azərbaycan Respublikası Dövlət NeftŞirkəti və Yaponiyanın Misui Neft Şirkəti arasında iştirak payının verilməsi haqqında razılaşmanın imzalanması, eləcə də “İtoçi”, “Nidjimen”, “Mitsui”,“Mitsubişi”, “Tomen”, “Sumitomo”, “Marubeni”kimi tanınmış firmaların prezidentləri, habelə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və banklarla aparılan işgüzar görüşlər Azərbaycanın Yaponiyanın etibarlı biznes tərəfdaşına çevrilməsi ilə nəticələnmişdir. Səfər zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq 21 yanvar 2000-ci il tarixində Azərbaycanda Yaponiyanın səfirliyi yaradılmış, bu addım siyasi əlaqələrin daha da inkişafına təkan vermişdir.

Azərbaycan Yaponiyanın Cənubi Qafqaz regionundakı əsas strateji tərəfdaşı kimi.

Rəsmi Tokionun Cənubi Qafqaz regionunun aparıcı ölkəsi kimi Azərbaycana olan marağını ölkənin Baş Naziri R.Xasimotonun 1997-ci ildə elan etdiyi «Avrasiya diplomatiyası» konsepsiyası əks etdirir. Bu konsepsiyaya görə, «soyuq müharibə»nin başa çatması ilə beynəlxalq münasibətlərdə köklü dəyişikliklər baş verib və belə bir məqamda Yaponiya Asiya və Sakit Okean regionuna istiqamətlənmiş diplomatiyasını fəallaşdırmalıdır. Söhbət tarixi «ipək yolu»nun keçdiyi bütün ərazilər (Çin, Rusiya, Orta Asiya və Qafqaz) istiqamətində «Avrasiya siyasəti»nin yeridilməsindən gedir. Bu sənəddə Azərbaycana xüsusi yer ayrılmışdır. Yaponiyanın yeni xarici siyasət doktrinasında bu əlaqələrin inkişafının üç əsas istiqaməti müəyyən olunmuşdur:

  • gələcək etibarlı və qarşılıqlı anlaşmanın əsası üçün siyasi dialoq;
  • təbii ehtiyatların öyrənilməsi sahəsində iqtisadi əməkdaşlıq;
  • nüvə silahının yayılmaması, demokratikləşmə və sabitləşmə vasitəsilə regionda sülhə nail olmaq.

Bu strategiyanı işləyib hazırlayarkən Yaponiya mütəxəssisləri, əsasən, aşağıdakıları nəzərə alırdılar:

  • Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz resursları Yaponiyanın marağında olan dünya enerji resursları bazarında mühüm amildir;
  • Azərbaycan öz kommunikasiyaları ilə Avrasiya regionu, Şimal-Cənub, Qərb-Şərq ölkələri ilə əlaqələrdə körpü rolunu oynaya bilər;
  • Mərkəzi Asiyanın suveren ölkələri və Cənubi Qafqaz ölkələrinin dövlət quruculuğu prosesində Yaponiyanın fəal yardımının böyük əhəmiyyəti olacaq, nəticədə Yaponiya nəinki ən yeni müstəqil ölkələr, habelə onların qonşuları – Rusiya Federasiyası, ÇXR, həmçinin Türkiyə və İran ilə XXI əsrdə Avrasiya regionunda özünün siyasi və iqtisadi təsirini əhəmiyyətli dərəcədə genişləndirəcəkdir.

Məhz ona görə də Yaponiya Heydər Əliyevin irəli sürdüyü Böyük İpək Yolunun bərpası təşəbbüsünə fəal dəstək vermiş, bu məsələdə Azərbaycanla Tokionun maraqları tamamilə üst-üstə düşmüşdür. Xatırladaq ki, yeni “İpək yolu” Yaponiyadan başlayaraq, Çin və Orta Asiyadan, daha sonra isə Xəzər dənizindən və Azərbaycandan keçir.Heydər Əliyevin dediyi kimi, «Yaponiya bu yolun ən şərq nöqtəsində, Azərbaycan isə ortasındadır».  Yaponiya Nazirlər Kabinetinin 1998-ci ilin yanvar ayında qəbul etdiyi Böyük İpək Yolunun Diplomatiyası fəaliyyət Proqramı da “Avrasiya diplomatiyası” strategiyasını ifadə edir. Yaponiya Azərbaycan Respublikasına İpək Yolunun üstündə yerləşən əsas ölkə kimi baxır, Azərbaycanın güclənməsi Avropa və Asiyanın bir çox ölkələrinin ümumi maraq dairəsindədir. Bununla əlaqədar Azərbaycanla iqtisadi və siyasi əlaqələrin inkişafı Yaponiyanın “Avrasiya diplomatiyasında” xüsusi yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu xətt daha da inkişaf etdirilmiş, Yaponiya-Azərbaycan münasibətlərində yeni bir dönəm başlanmışdır. 2003-cü il noyabrın 24-də Prezident İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin müavini İçiro Fuçisakeni qəbul edərək Yaponiya-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu bir daha bəyan etmişdir. Bundan az sonra, 12 oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Yaponiyada səfirliyi açılmışdır. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidentinin 7-10 mart 2006-cı il tarixində Yaponiyaya rəsmi səfəri ölkələrarası münasibətləri yeni səviyyəyə yüksəltmişdir.

Yaponiya dövlətinin regionda əsas strateji tərəfdaşı kimi məhz Azərbaycanı görməsi inkaredilməz reallıqdır. Təsadüfi deyildir ki, 2000-ci ildə Yaponiya höküməti tərəfindən regionda ilk dəfə məhz Azərbaycanda səfirlik öz fəaliyyətinə başlamışdır. Gürcüstanda 9 il sonra 2009, Ermənistanda isə 15 il sonra 2015-ci ildə Yaponiya səfirliyi açılmışdır. Bu birincilik Yaponiyanın Azərbaycana verdiyi önəmin bariz nümunəsidir.

Sosial-iqtisadi sahədə əlaqələr.

1992-ci ildən başlayaraq Azərbaycanla Yaponiya arasında qurulan diplomatik münasibətlər, dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar ölkələrimiz arasında sosial-iqtisadi sahədə əmədaşlıq əlaqələrinin inkişafı üçün geniş imkanlar yaratmış və bu imkanlar reallığa çevrilmişdir. Umummilli lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri imzalanmış müvafiq sənədlər çərçivəsində Yaponiya hökuməti “Şimal” buxar-qaz elektrik stansiyasının tikintisinə və layihələşdirilməsinə güzəştli şərtlərlə 165 milyon dollar, həmçinin “EP-300”-ün etil-polietilen zavodunda qurulmasına 75 milyon dollar kredit vermiş, bundan əlavə, ərzaq mallarının istehsalının inkişafı məqsədilə Yaponiya Azərbaycana 3 milyon 250 min dollarlıq qrant, səhiyyə sahəsində inkişaf və yenidənqurma üçün 1,7 milyon dollar məbləğində humanitar yardım ayırmışdır. Bütün bunlar müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi böhranla üzləşən və problemlərin aradan qaldırılması, azad bazar iqtisadiyyatı dövrünə keçid  üçün islahatlar həyata keçirən Azərbaycan dövləti üçün böyük kömək olmuşdur. Bununla Yaponiya hökuməti həm Azərbaycanda konkret sahələrin inkişafına kömək etmiş, həm də bütövlükdə Azərbaycanda dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə öz dəstəyini vermişdir. Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkəmizdə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və s. sahələrdə yaxından iştiraka başlamışlar.

Azərbaycan-Yaponiya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə 1998-ci il martın 10-da “Azərbaycan Respublikası və Yaponiya arasında əməkdaşlığın genişlənməsi haqqında” xüsusi saziş imzalanmışdır. On beş hissədən ibarət olan bu sənəd ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsi sahəsində mühüm birproqram idi. Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncamda bu əlaqələrin istiqamət və sahələri konkretləşdirilmiş, vəzifələr müəyyən olunmuşdur. Saziş çərçivəsində qısa müddətdə Yaponiyanın köməyi ilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və başqa şəhərlərdə bir çox müəssisələr müasirləşdirilmiş, yeni infrastruktur layihələri həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixində imzaladığı sərəncamla Yaponiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyası yaradılmış, ilk dəfə Bakıda 1999-cu ilin mart ayında bu komissiyanın iclası keçirilmişdir. İclasın nəticələrinə əsasən, Yaponiya Azərbaycana iki xəstəxana təchizatının və respublikanın yeyinti sənayesinin inkişafının təmin edilməsi məqsədilə qrant ayırmışdır. Sonrakı mərhələlərdə komissiyanın ümumilikdə 8 iclası keçirilmişdir. 

Yaponiya və Azərbaycan arasındakı iqtisadi əlaqələrin mühüm bir qismi də enerji məsələlərini əhatə edir. 1995-ci ildə Azərbaycanda iqtisadi sabitlik yarandıqdan və “Əsrin müqaviləsi”, Xəzər dənizinin Azərbaycan sektorundakı neft ehtiyatlarının mənimsənilməsi prosesi müvəffəqiyyətlə reallaşdıqdan sonra, Yaponiya Azərbaycan layihələrinə münasibətini fəallaşdırmağa başlamışdır ki, bu da ölkənin enerji təchizatçılarının sayını artırmaq siyasətinə əsaslanırdı. Araşdırmalar göstərir ki, Yaponiyanın enerji təchizatçılarının sayını artırmaq siyasəti ölkənin istehlak etdiyi bütün neftin 90 faizini verən yaxın Şərq ölkələri neftindən öz iqtisadiyyatının asılılığını azaltmağa və gələcəkdə hətta tam aradan qaldırmağa istiqamətləndirilmişdir. Yaponiya işgüzar dairələrinin nüfuzlu təşkilatı “Keydaren”ın (İqtisadi Təşkilatlar Federasiyası) nümayəndələrinin də göstərdiyi kimi, Azərbaycanda və Mərkəzi Asiya ölkələrində enerji daşıyıcılarının alternativ mənbələrinə yol tapmaq səyləri XXI əsrdə Yaponiyanın uzunmüddətli enerji təhlükəsizliyinin təminatına yönəlmişdir. Yaponiyanın kapital qoyuluşunun mümkünlüyünün öyrənilməsi məqsədilə bu ölkənin nəinki neft istehsalı sahəsində, hətta neft-kimya sənayesi, kommunikasiya sahələrində də ixtisaslaşmış böyük şirkətlərinin nümayəndələrini Azərbaycana gətirən ən mühüm səbəblərdən biri məhz bu idi. Bu ölkənin neft şirkətlərindən ilk olaraq “İtoçi sedzi” şirkəti Azərbaycan şelfində neft çıxarılmasında iştirak etmişdir. Bu şirkət tarixi “Əsrin müqaviləsi”nin iştirakçısı kimi “McDermott” (2,45%) Amerika şirkətinin və qismən “Pennzoil”in (1,47%) hissələrini bütünlüklə almaqla nəhəng dünya neft korporasiyalarının beynəlxalq konsorsiumuna daxil olmuşdur. 1996-cı ilin sonlarında “İtoçi” şirkəti daha bir neft müqaviləsinin – “Dan Ulduzu” və “Əşrəfi” yataqlarının kəşfiyyatı və istismarı müqaviləsinin iştirakçısına çevrilmişdir. Bu müqavilədə Yaponiya tərəfin payı 20% təşkil edirdi.

Yaponiyanın “İnpex” şirkətinin Azərbaycanda investisiya layihələrində fəal iştirakı iki ölkə arasındaiqtisadi əməkdaşlığın hərtərəfli inkişafında geniş imkanlar açmışdır. Bu şirkət “Əsrin müqaviləsi”çərçivəsində Azəri-Çıraq-Günəşli layihələrinin işlənib hazırlanmasında, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft borukəmərinin tikintisində fəal iştirak etmiş, Yaponiya mütəxəssislərinin köməyi ilə və bu ölkənin 40 il müddətinə, çox aşağı faizlərlə ayırdığı güzəştli kreditlər sayəsində Qaradağ qaz-kompressor stansiyası inşa olunmuşdur. Həmin stansiyanın yaratdığı imkanlardan istifadə edərək ölkəmizdə uzunluğu 87 kilometr olan qaz borukəməri tikilmişdir.

1998-ci ildə Heydər Əliyevin Yaponiyaya səfəri zamanı “Misui” şirkəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ehtiyatı 500-800 mln. barel qiymətləndirilən Kürdaşı neft yataqlarının gələcək istismarında 15%-lik iştirakına dair müqavilə imzalamışdır. 1998-ci ilin dekabr ayında ilk dəfə Azərbaycanda Amerika və Avropa şirkətlərinin iştirakı olmadan, ancaq Yaponiya şirkətlərindən ibarət konsorsium təşkil olunmuşdur. Bu konsorsium ARDNŞ-lə Yanan-Tava, Muğan dəniz və Atəşgah yataqlarının birgə paritet əsaslarla istismarına dair saziş imzalamışdır.

Yaponiya ölkəmizdə nəqliyyat sisteminin inkişafına yardım çərçivəsində avtomobil yollarının yenidən qurulması və tikintisi üçün maşın və texnikanın alınması məqsədilə Azərbaycana 1 milyard ien məbləğində kredit vermişdir.

Bundan başqa, Yaponiyanın xarici ticarət və sənaye nazirliyinin dəstəyi ilə bu ölkənin İdxal-İxrac Bankı (Eksimbank) Azərbaycanda sığorta sisteminin inkişafı məqsədilə 100 milyon dollar həcmində kredit açmış, ölkəmizdə bu sahənin genişləndirilməsinəimkan yaradılmışdır.

Yaponiyanın “Nitimen” korporasiyası Sumqayıtda Azərkimya Dövlət Konserninə daxil olan və ümumi dəyəri 95 milyon təşkil edən etilen istehsalı üzrə iri neft-kimya kompleksinin modernləşdirilməsi layihəsində yaxından iştirak etmişdir.

Qeyd edək ki, Yaponiya şirkətləri bir qayda olaraq öz kapitallarını dövlət tərəfindən zəmanəti olan az riskli ölkələrə qoymağa üstünlük verirlər. Yaponiya tərəfinin qiymətləndirməsinə görə, Azərbaycanda artıq belə ölkələr siyahısına daxil olmuşdur. Sonralar Yaponiya işadamlarının qeyd etdikləri kimi, məhz dövlətin verdiyi zəmanət onlarda Azərbaycanda işə başlamaq üçün əminlik yaratmışdır.

İkitərəfli əlaqələrin inkişafı Yaponiyaya imkan vermişdir ki, Azərbaycanı – Yaponiya “İnkişaf ehtiyacları üçün rəsmi kömək” – İRK presedent ölkələri siyahısına salsın. İRK çərçivəsində Yaponiya hökuməti Azərbaycana kənd təsərrüfatı, səhiyyə, habelə xırda və orta biznes sahələrində əvəzsiz yardım göstərir. Yaponiya tərəfi Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün də kreditlər verir. Yaponiya hökuməti Azərbaycana qaçqınların yaşayış yerlərində məktəb və xəstəxana tikintisinə 200 milyon dollar həcmində əvəzsiz yardım ayırmışdır.

Ölkələrimiz arasındakı əlaqələrin inkişafı üçün atılan addımlar 1996-cı ilə qədər daha çox rəmzi xarakter daşıyan ticarət mübadiləsini kifayət qədər yüksəltmişdir. Yaponiya Maliyyə Nazirliyinin 2015-ci il üçün statistik məlumatlarına əsasən Yaponiyadan Azərbaycana 88.5 milyard Yapon ieni məbləğində maşınlar, nəqliyyat vasitələri, dəmir və polad, Azərbaycandan isə Yaponiyaya 1.4 milyard ienlik neft və neft məhsulları, spirtli içkilər, meyvə şirələri, alüminium ərintiləri, balıq kürüsü idxal edilib.

Hazırda Azərbaycanda 19 Yaponiya şirkəti fəaliyyət göstərir. İndiyədək ölkələrimiz arasında dövlət səviyyəsində 17 mühüm sənəd imzalanmışdır. Azərbaycan Respublikasının İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhərininqardaşlaşması haqqında 2013-cü ildə protokolun imzalanması və əməkdaşlıq əlaqələrinin regionlar üzrə də genişləndirilməsi ölkələrarası münasibətlərdəki inkişafın real göstəricilərdəndir. Bakının Xəzər rayonu ilə Yaponiyanın Kitakunşu şəhəri arasında dostluq və tərəfdaşlıq sazişinin bağlanmasına dair razılaşmanın əldə edilməsi əlaqələrin davamlı prosesə çevrildiyini təsdiq edir.

Çox aspektli xarakterə malik Azərbaycan-Yaponiya əlaqələrində humanitar sahə də əhəmiyyətli yer tutur və müasir mərhələdə Azərbaycanla Yaponiya arasında iqtisadiyyatla yanaşı, humanitar istiqamətdə də əməkdaşlıq genişlənir. Ölkələrimiz arasında bu istiqamətdəki əlaqələr Azərbaycanda mədəniyyət, elm, təhsil, səhiyyə, idman sahələrində dünyaya inteqrasiyanın daha da genişlənməsinə müsbət təsir göstərir. Bu isə öz növbəsində ölkəmizdə digər sahələrlə yanaşı, humanitar sahənin də inkişafına cidditəkan verir. Yaponiyanın təcrübəsi və dəstəyi respublikamızın humanitar problemlərinin həllində ən müasir yanaşmaların tətbiqinə, yeni texnologiyaların və ideyaların təcrübədə özünə yer almasına münbit şərait yaradır.

Humanitar sahədə Azərbaycan-Yaponiya əlaqələrinin əhatə dairəsi genişdir. Azərbaycan-Yaponiya əlaqələri humanitar sahəni əsasən təhsil,turizm, səhiyyə və idman,mədəni-ədəbi əlaqələrin inkişafını nəzərdə tutur.  Qeyd olunan sahələrdən hər biri üzrə  zəngin təcrübə əldə olunmuşdur.

Yaponiyanın tarixi əraziləri olan Kuril adaları və Dağlıq Qarabağ problemi arasında tarixi paralellər.

Dil, milli mentalitet, bir sıra mədəniyyət elementləri baxımından oxşarlıqlara malik olan Azərbaycan və yapon xalqlarını ortaq maraqlarda birləşdirən amillərdən biri də hər iki xalqın Rusiyanın imperiya siyasətinin acı nəticələri ilə üz-üzə qalması, ölkə ərazisinin müəyyən hissəsini itirməsi, müxtəlif sıxışdırma üsulları ilə yerli əhalinin öz tarixi torpaqlardan çıxarılmasıdır. Azərbaycan Rusiyanın dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın təcavüzkar siyasətinin yaratdığı Dağlıq Qarabağ problemindən əziyyət çəkdiyi kimi, rəsmi Tokio da Yaponiya ilə Rusiya arasındakı Yaponiyanın tarixi əraziləri olan Kuril adaları uzun illərdir ki, aradan qaldıra bilmir.

Kuril adaları – Rusiyanın Kamçatka adası ilə Yaponiyanın Hokkaydo adası arasında yerləşən, Oxot dənizini Sakit Okeandan ayıran adalar qrupudur. Tarixə qısaca ekskurs edərək bildirək ki, ikinci dünya müharibəsi başlayarkən müharibəyə girmək istəməyən tərəflər - Rusiya və Yaponiya 1941-ci ildə bitərəflik haqqında saziş imzaladılar. Lakin 1945-ci ildə ABŞ-ın əvvəlcə Xirosima,daha sonra Naqasakiyə atom bombası atmasından sonra Rusiya bitərəflik haqqında sazişi pozaraq Yaponiyaya qarşı müharibə elan etdi. Məğlub olacağını anlayan Yaponiya Potsdam bəyannaməsini imzalayaraq müttəfiq qüvvələrə təslim oldu. Bundan sonra Yaponiyanın bütün torpaqlarını ələ keçirən müttəfiq qüvvələrdən sonra   Sovet İttifaqı Kuril adalarını zəbt etdi.

Beləliklə, SSRİ ən böyükləri - Xabomay, Şikotan, Etorofu və Kunaşir olan adalardan ibarət adalar qrupu - Kurili ələ keçirildi. O vaxtdan indiyə qədər tam həllini tapmayan bu məsələ ikinci dünya müharibəsindən sonra Yaponiya və Rusiya arasında mübahisə predmetidir [8].Yaponiya 1855-ci ildə tərəflər arasında imzalanmış ticarət və sərhədlər haqqında müqaviləyə əsaslanaraq adaların özünə aid olduğunu irəli sürür. Eyni zamanda, İkinci Dünya müharibəsini rəsmən başa çatdıran San-Fransisko razılaşmasına (1951-ci il) SSRİ-nin imza atmaması faktını əsas gətirərərk bəyan edir ki, məhz bu səbəbdən Kuril Adaları sərhəd tənzimləməsi prosesinə aid edilməmişdir.

Rəsmi Moskva isə İkinci Dünya müharibəsinin nəticələrinə görə Yaponiyanın məğlub olduğunu, adaların statusu məsələsinin 1945-ci ilin fevralında imzalanmış Uzaq Şərq məsələləri ilə bağlı Krım anlaşmasında və 1945-ci ilin iyulunda imzalanmış Potsdam bəyannaməsində əksini tapdığını, Yaponiyanın 1951-ci ildəki San-Fransisko razılaşmasına imza ataraq adalardan imtinanı qəbul etdiyini bildirir. 1956-cı ildə Yaponiya ilə SSRİ arasında imzalanmış ikitərəfli bəyannamədə də salh razılaşmasının əldə olunduğu, lakin Yaponiya tərəfindən adalarla bağlı hər hansı şərt irəli sürülmədiyi diqqətə çatdırılır. Hazırda məsələnin həlli ilə bağlı ən böyük maneə tərəflər arasında sülh müqaviləsinin imzalanmaması və sərhəd probleminin həllini tapmamasıdır. Yaponiya hər iki məsələnin paket halında həlli təklifindən çıxış edir. Rusiya isə ilk mərhələdə sülh razılaşmasının imzalanmasını prioritet sayır. Problemin həlli üçün hər iki ölkənin xarici işlər və müdafiə nazirləri səviyyəsində aparılan danışıqlar Krımın Rusiyaya ilhaqı və Yaponiyanın Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulması səbəbindən yarımçıq qalmışdır. Lakin son zamanlar ABŞ-ın Suriya məsələsində Rusiya ilə əməkdaşlığa başlaması, Ukrayna probleminin həlli üçün Rusiya ilə aparılan danışıqlar Yaponiyanı da Kuril adaları məsələsi üzrə hərəkətə keçirmişdir. Hazırda rəsmi Tokionun Kremlə təklif etdiyi plan, Qərbin sanksiyaları və neft qiymətlərində yaşanan ucuzlaşmalar səbəbindən ağır iqtisadi problemlər yaşayan Rusiya üçün əhəmiyyətli imkanlar yaradır. Yaponiya iqtisadi əməkdaşlıq qarşılığında Rusiyayla həm sülh razılaşması imzalamağa, həm də "şimal sərhədləri" olaraq adlandırdığı dörd adanı  əldə etməyə çalışır. Yaponiya bu dörd adanın geri alınmasına milli qürur məsələsi kimi baxır.

Adalar ilhaq edildikdən sonra uzun illər ərzində bu ərazidə yerli əhalinin sıxışdırılması siyasəti həyata keçirilmiş, bura əsasən, ruslar, ukraynalılar, belaruslar, tatarlar köçürülmüşdür ki, bu da əsrlər boyu siyasi məqsədlərlə Azərbaycan ərazilərində erməniləri məskunlaşdırması siyasətinə, çox bənzərdir. Hazırda bu adalarda yaşayan əhali Yaponiyanın yüksək rifah dövləti olmasını, öz vətəndaşları üçün yaratdığı böyük imkanları nəzərə alaraq bu ölkənin vətəndaşı olmaq arzusundadır. Yerli əhali arasında keçirilən ictimai sorğu nəticəsində hətta adadakı rusların belə çoxu adaların Yaponiyaya birləşdirilməsinə razı olduqlarını bildirmişlər. İkinci dünya müharibəsindən sonra adadakı mövcud həyat standartları bir o qədər yaxşı deyil və onun bərpa olunacağına da bir o qədər ümid yoxdur. Keçmiş Rusiya prezidentlərindən B.Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılması məsələsi əksini tapsa da,  hələlik bu məsələdə bir irəliləyiş yoxdur.

Qarşılıqlı bəyanatlar və danışıqlar onu göstərir ki,bu mövzu hələ uzun müddət iki ölkə arasında problem olaraq qalacaqdır. Bu məsələdə Yaponiya və Rusiyanın yaxınlaşmasına hər vəhclə mane olmağa çalışan ABŞ və digər təsirləri də inkar etmək olmaz.

Azərbaycan-Yaponiya münasibətlərinin gələcək inkişaf perspektivləri.

Bu gün də Cənubi Qafqaz regionunda Yaponiyanın ən böyük maraq dairəsində olan dövlət məhz Azərbaycandır. Bu maraq münasibətlərin hər iki ölkə üçün qarşılıqlı faydalılığı baxımından böyük perspektivlər doğurur. Yaponiya kimi ölkənin Azərbaycanda neft sektorunun inkişaf etdirilməsi, qlobal kommunikasiya layihələrinin reallaşdırılması, sosial-mədəni sahələrdə yeni texnologiyaya əsaslanan proqramların tətbiqində fəal iştirakı bir istiqamətlərdə daha böyük uğurlara zəmin yaradır. Azərbaycan Yaponiyanin regiondakı etibarlı tərəfdaşıdır. Siyasi-diplomatik və iqtisadi sahələrdə getdikcə genişlənən nailiyyətlər, ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən-ilə artması bu münasibətlərin yaxın gələcəkdə daha da inkişaf etdiriləcəyindən xəbər verir. Azərbaycanda neft-qaz və enerji sənayesində aktiv fəaliyyət göstərən, kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur və s. sahələrdə yaxından iştirak edən Yaponiya firmaları şübhəsiz ki, bu sahələrdə fəaliyyətlərini daha da genişləndirəcəklər. Eyni zamanda, Azərbaycan şirkətlərinin də Yaponiyada müxtəlif biznes layihələrinin icrasına qoşulması uzaq perspektiv deyildir. Bu münasibətlər Azərbaycanın ixrac məhsullarının Yaponiyada, Yaponiya məhsullarının isə Azərbaycanda və ümumilikdə regionda geniş istehlak olunması, qarşılıqlı sərmayə yatırımı üçün böyük imkanlar yaradır.

Azərbaycanla Yaponiya arasında iqtisadiyyatlayanaşı, humanitar istiqamətdə əməkdaşlıq xüsusilə inkişaf etməkdədir. Çox aspektli xarakterə malik Azərbaycan-Yaponiya əlaqələrində humanitar sahə əhəmiyyətli yer tutur.Ölkələrimiz arasında bu istiqamətdəki əlaqələr Azərbaycanda mədəniyyət, elm, təhsil, səhiyyə, idman sahələrində dünyaya inteqrasiyanın daha da genişlənməsinə müsbət təsir göstərir. Bu isə öz növbəsində ölkəmizdə digər sahələrlə yanaşı, humanitar sahənin də inkişafına ciddi təkan verir. Yaponiyanın təcrübəsi və dəstəyi respublikamızın humanitar problemlərinin həllində ən müasir yanaşmaların tətbiqinə, yeni texnologiyaların və ideyaların təcrübədə özünə yer almasına münbit şərait yaradır

Təhsil sahəsində əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Məlum olduğu kimi, Yaponiya bu gün dünyada həm də ən qabaqcıl elm və təhsil ölkəsi kimi qəbul olunur. İkinci Dünya müharibəsi dövründə böyük dağıntılara məruz qalmış, iqtisadi cəhətdən geri salınmış Yaponiya müasir inkişaf səviyyəsinə daha çox elm və təhsil sahəsində keçirdiyi islahatlar, habelə ölkədə yeni texnologiyaların yaradılması və tətbiqinin genişləndirilməsi üzrə atdığı böyük addımlar nəticəsində gəlib çata bilmişdir. Ona görə də dünyanın bir çox ölkələrində Yaponiyanın elm və təhsil sahəsindəki təcrübəsinin öyrənilməsinə böyük maraq vardır. O cümlədən də Yaponiya ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətli əlaqə formalarından biri kimi müəyyən olunmuşdur. Özünəməxsus üstün xüsusiyyətlərə malik olan Yaponiya təhsil sisteminin ənənələrindən öyrənmək və imkanlarından faydalanmaq müstəqil Azərbaycan dövlətinin təhsil siyasətinin ana xətlərindən birini təşkil edir və bu xətt milli təhsil sistemimizin təkmilləşdirilməsi üçün böyük perspektivlər doğurur.Yaponiya dövlətinin beynəlxalq aləmdə təhsilə dəstək proqramlarını həyata keçirməkdə marağı vardır.Yaponiyanın təhsil inkişafına dəstək proqramları 2000-ci ildən etibarən Azərbaycanda da uğurla həyata keçirilməkdədir. Bu vaxtadək Azərbaycanla Yaponiyanın təhsil nazirlikləri arasında əməkdaşlığa dair hər hansı müqavilə və yarazılaşma sənədi imzalanmasa da, dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlərdə elm, təhsil və yeni texnologiyaların tətbiqi ilə əlaqədar məsələlərin öz əksini tapması ölkəmizdə həmin istiqamətdə müəyyən layihələrin həyata keçirilməsinə şərait yaratmışdır.

Yaponiyanın təhsillə əlaqədar Azərbaycanda həyata keçirdiyi layihələr özünün xarakterinə görə çox planlı olub, bir çox əsas istiqamətləri əhatə edir. Təhsilin inkişafına dəstək üçün yardım layihələrinin həyata keçirilməsi, ümumtəhsil məktəblərinin inşası və təmiri, müəllim və tələbə mübadiləsi proqramlarının yerinə yetirilməsi, yeni texnologiyaların tətbiqi və s. bura daxildir. Daha çox Avropaya inteqrasiya üstündə köklənmiş Azərbaycan təhsilində Yapon təhsil modelindən də öyrənmək milli təhsilimizin tam mənada dünya təhsil sisteminə uyğunlaşması baxımından geniş üfüqlər açır. Yaponiya hökumətinin ölkəmizdə təhsil sahəsində təşkil etdiyi kurslar, azərbaycanlı tələbələrin Yaponiyada pulsuz təhsil alması üçün yaradılan imkanlar və s. göstərir ki, bu ölkə Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Son illər ölkəmizdə baş verən böyük iqtisadi inkişaf, xalqın sosial rifahının yaxşılaşması,turizm sənayesinin formalaşması Azərbaycanla Yaponiya arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün də zəngin potensial yaradır. Hazırda mövcud olan fərdi və pərakəndə turizmin tədricən sistemli və mütəşəkkil turizmlə əvəz olunması Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələyə çevrilə biləcəkdir. Aparılan təhlillər Azərbaycan-Yaponiya turizm əlaqələrinin qarşıdakı illərdə daha da genişlənəcəyini göstərir.

Son illər Azərbaycanda sosial-mədəni servis xidmətinin dünya standartlarına uyğun yenidən qurulması, respublikamızın hava nəqliyyatında böyük dəyişikliklərin baş verməsi müxtəlif ölkələrdən,o cümlədən Yaponiyadan Azərbaycana turist axınının qısa müddətdə bir neçə dəfə artacağını proqnozlaşdırmağa əsas verir. Ölkələrarası münasibətlərdə ən səmərəli vəsərfəli sahə olan turizm əlaqələrinin inkişaf etdirilməsi bütövlükdə Yaponiya ilə Azərbaycan arasında çox cəhətli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Yaponiya mütəxəssislərinin ölkəmizdə səhiyyə infrastrukturunun təkmilləşdirilməsində də böyük əməyi vardır. Humanitar sahədə ölkələrimiz arasında genişlənməkdə olan əlaqələr mədəniyyət, təhsil və turizmüzrə Yaponiya təcrübəsinin Azərbaycana axınına şərait yaradır. Turizm, səhiyyə və idman əlaqələri qarşılıqlı olaraq Azərbaycanın da müstəqil bir dövlət kimi Yaponiyada daha yaxından tanıdılmasına xidmət edir. Qrant layihələrihəm də ölkələrimizdə birgə proqramların işlənib hazırlanması və həyata keçirilməsi sahəsində biliklərin, təcrübənin, vərdişlərin formalaşmasında da əhəmiyyətli rola malikdir.

Mövcud əlaqələrin daha da inkişafı, qarşılıqlı münasibətlərdə əldə olunmuş nailiyyətlərin qorunaraq genişləndirilməsi üçün bu gün yüksək texnologiya, maşınqayırma, kimya, yüngül və ağır sənaye sahəsində dünyanın aparıcı ölkəsi kimi Yaponiyanın bu imkanlarından istifadə etmək, aparıcı və ixtisaslaşmış yapon müəssisələrinin və şirkətlərinin regional nümayəndəlik kimi Qafqazda Azərbaycanı seçmələri üçün Yaponiya tərəfinə maksimal güzəştli təkliflərin təqdim olunması vacibdir. Azərbaycanın qeyri-neft - maşınqayırma, gəmiqayırma, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, sosial müdafiə, rabitə, nəqliyyat, bank və maliyyə, tikinti və inşaat sektorlarına sərmayələrin cəlb olunması üçün Yaponiya ilə hərtərəfli iş aparılmalıdır. Qeyd olunan sahələrdə Yaponiyanın dünyada aparıcı dövlətlərdən biri olduğunu nəzərə alaraq, bu ölkənin təcrübəsindən maksimal şəkildə istifadə edilməsi üçün lazımi tədbirlər görülərsə, bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafında mühüm irəliləyişə gətirər.

 Rəşad Kərimov,

Azərbaycan Respublikası Prezidenti yanında

 Strateji Araşdırmalar Mərkəzinin aparıcı

 elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru

 

Paylaş:
9783

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər